698
writer1

Günel Mövlud

Məqalə sayı

27
12:14 11 Dekabr 2010

Əli Quranlı Solmazlar

Başladılar yenə.

Təhsil Nazirliyinin qarşısında səslərinin gur yerinə salıb, bar-bar bağıran başıörtülü qadınları görəndə başıma hava gəlir. İlahi, bu ölkənin qadını nə vaxt ölkəni, kişini, əqidəni abırlı bir yola çəkəcək? Körpə qızlarının məktəblərdə başlarını bağlamalarını yasaqladığına görə Təhsil Nazirliyini ittiham edən, hüquqlarını tələb edən zümrənin arqumentinə baxın hələ: Azərbaycanda təhsilin başqa problemi yoxdurmu? Var, özü də xirtdəkdən. Hamısının da həllini tələb etməliyik. Edirik və edəcəyik də. Bu bizim haqqımızdı.

Amma mən bu «dindarlıq üzrə qara kəmər ustalarının» sualının qarşısına başqa sual çıxarmaq istəyirəm: təhsilin hicabdan başqa da problemi var. Bəs Azərbaycanda İslamın hicabdan başqa problemi yoxdu?

Elə din təəssübü çəkəndilər? Onda bəs, İslamı, dini atributları müdafiə edən, dindarlıqlarının qüsursuz olmasının qayğısına qalan bu dindarlar niyə əyalətdə din, seyidlik pərdəsi altında qızları yatağına salan seyidlərlə mübarizə aparmırlar? Sabirabadda Aşura günlərində nəzir qutularına yığılan pulu bölə bilmədikləri üçün bir-birinə güllə atan, İslam dinini bütün ölkədə biabır eləyən, urvatdan salan mollalarla niyə mübarizə aparmırlar? Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə getdikləri Məşhəd, Kərbəla, Həcc ziyarətlərini yaxşı halda mal, axırıncı halda isə bədən alverçiliyinə vasitə edənlərlə niyə mübarizə aparmırlar?

Bəlkə bunlar hicabdan xırda məsələlərdir? Bəlkə İslam belə şeylərə rəvac verib, biz bilmirik?

Yooox, bunlar tapındıqları dinlərini biabır eləyənlərlə savaşmırlar, ölkədə baş verən taleyüklü məsələlərə qıraqdan, arın-arxayın baxırlar, bir vətəndaş mövqeləri, bir etirazları yoxdu, amma hicabı əllərində bayraq eləyib, məktəblərimizin üstünə gedirlər. Bunların gücü ancaq kitaba, təhsilə, işığa çatır?! Qəzetimizi bağladılar, yazıçımızı tutdurdular, dincəlmədilər. Gələcəkdə kişilərimiz ədalət, həqiqət uğrunda savaşa, mübarizəyə yox, dinə, qaramatlığa, suyun axarına axıb, tükü yatımına sığallamağa çağıracaq «əli Quranlı Solmazlar» hazırlamaq istəyirlər indi.

Qoymayacağıq! Alınmayacaq! Hansı dinə tapınırlar, tapınsınlar. Öz işləridi. Amma məktəblərimizə buraxmayacağıq o başı bağlı Solmazları. Hələ dünyanın heç bir üzünü görməmiş, həyatın ona hələ nələri təklif edəcəyindən xəbərsiz olan məktəblilərimizin başlarını dərs, elm əvəzinə xürafatla qatmağınıza göz yummayacağıq. Bu məsələdə artıq sağçılıq-solçuluq, hökumət-müxalifət, konservativ-yenilikçi ölçüsü yoxdu. Bu artıq hamımızın borcudu, bu təhlükənin qarşısını hamımız almalıyıq.

Biz ağ məktəbli köynəyinin qara hicaba bürünməsinə sakit baxmayacağıq! Meydanı boş görməsinlər!