2413
14:32
28 Oktyabr 2010

“Xalaqızı” ləqəbli snayper, kəşfiyyatçı, şəkilsiz qəhrəman – DÖYÜŞ HEKAYƏTİ - FOTO

Lent.az “Döyüş tarixi” adlı yeni rubrika başlayır. Bu rubrikada Qarabağda, torpaqlarımızın işğalına qarşı ermənilərlə döyüşlərdə iştirak etmiş, fərqlənmiş insanların xatirələri, ömür və döyüş yolunu əks etdirən hekayətlər yer alacaq. Azərbaycanın gerçək tarixini yazan insanların yer alacağı bu rubrikamızın ilk qonağı Növrəstə Yusifovadır. Qarabağ döyüşlərində iştirak edib, hazırda Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədridir. Döyüş yolundan, qəhrəmanlıqlarımızdan, şahidi olduğu qan donduran hadisələrdən danışdı...

“İcazə gözləmədim, hasardan aşdım”

1991-ci ildə tikintidə, qülləli kranda işləyirdim, 7-ci dərəcəli krançı idim. İşlədiyim yerdə də yeganə azərbaycanlı qadın idim. 1991-ci ilin noyabr-dekabr aylarında əsasən Əfqanıstanda olmuş təcrübəli döyüşçülərdən ibarət 1-ci Şıxov batalyonunun təşkil olunduğunu eşitdim. Qarabağ Könüllü Müdafiə Batalyonu Şurası yaradılmışdı, Azadlıq prospektində, indiki Binəqədi Rayon İcra Hakimiyyətinin binasında idi. Bir neçə dəfə Şuraya getdim, mühafizəçilər heç qapıdan da buraxmadılar. Fevralın 26-da Xocalı hadisəsi baş verdi, sarsıntı keçirdim. Daha icazə gözləmədim, hasardan aşdım və Şuranın binasına daxil oldum. Yenə də mənə rədd cavabı verdilər. Arqumentləri bu oldu ki, orada döyüş yerində, səngərlərdə qadınlar yoxdur, vaqonlarda tibb bacıları, həkimlər var. Rəhim Qazıyev o vaxt Şuraya gəlmişdi, sürücü Əli dayı adlı bir nəfər vardı. Əli dayı gördü ki, qışqır-bağır salmışam. Soruşdu, dedim ki, döyüşə getmək istəyirəm, buraxmırlar. Gedib Şuranın rəhbərliyi ilə danışdı. Mart ayının 17-si idi. Rəhim Qazıyev artıq müdafiə naziri idi. Rəhim getdi, Şuranın rəhbərliyi məni qəbul etdi, sorğu-suala tutdu. Şuranın Qərargahının rəhbəri Etibar Məmmədov idi. Yanında müdafiə nazirinin müavini də vardı. Dedim ki, maşın sürə bilirəm, 1975-ci ildə həvəskar atıcılıq üzrə respublikada birinci yeri tutmuşam, idmanın əksər növləri üzrə dərəcələrim var, iynə vura bilir, bir çox dərmanları tanıyıram. Dedim ki, əsgərlərin mən sarıdan nigarançılıqları qalmayacaq, 2 metr arxada quyu qazıb, orada gizlənəcəm, şəraitə uyğun hərəkət edəcəm. İşdir, əsir düşsəm, özümü öldürəcəm. Etibar Məmmədov dedi ki, aşağı düş, sənə hərbi paltar versinlər. Şuranın komendantı Mərdan adlı bir nəfər idi. Dediklərimə inanmadı, dəqiqləşdirməyə getdi. Orada gələnlərin adları yazan 9 nəfər qız, qadın idi. Həkim müayinəsindən keçdim, hərbi paltar aldım. Qeydiyyatın aparıldığı 7-ci jurnalda 100-cu əsgər kimi adım yazıldı. Orada əmrə görə nişançı yazıldım.
Evdən mıx, çəkic, kürək və başqa şeylər götürdüm və Şuraya qayıtdım. Bildirdilər ki, Novruz bayramından sonra, martın 21-də saat 9-da burada olun, gedəcəksiniz. Naxçıvani küçəsində tək yaşayırdım, evi qonşuya tapşırdım. O müddət ərzində işlədiyim idarədə də işdən çıxmaq barədə ərizəmi təsdiq etdirdim.

“Səngərdə idim, döyüş günüm başladı ”

Saat 9:00 üçün desələr də, martın 21-də saat 6:30-da artıq orada idim. Etibar Məmmədov Nail Kazımovu çağırdı, nə isə dedi. Nail Şuşada tağım komandiri idi, sonra bölük komandiri oldu. Bizi divarın qarşısında düzdülər, şəkillərimizi çəkdilər. Bizi avtobusla göndərdilər, ancaq hara getdiyimizi demədilər. Martın 22-də bizi Laçında tabor komandiri olan Arif Paşayev qəbul etdi. Arif Paşayev bizi səhər yeməyinə qonaq etdi, sonra Şuşaya yola saldı. Mən 1975-ci ildə Mərkəzi Klinik Xəstəxanada mühasiblikdə işləyərkən putyovka ilə Şuşaya Nevroloji Xəstəxanaya gəlmişdim. O vaxt Şuşanı başdan-ayağa gəzmişdim, hər cığırına bələd idim. Bizi Şuşada taborun qərargahı ilə üzbəüz məktəbdə yerləşdirdilər. Martın 23-də məni Şişqayaya apardılar. Şişqayanın sol tərəfindən Cıdır düzünə, Nəbilər kəndinə yol gedir. Orada ermənilərin hücumu dəf olunan zaman əldə edilmiş 2 snayper tüfəngini mənə verdilər. 1-ni atdım, işləmədi. İkincisi 200 metrdə 4 metr fərq verdi. Avtomat götürməyi təklif etdilər, razılaşmadım ki, nişançı kimi gəlmişəm. O zaman tabor komandiri idman müəllimi olan Tofiq Oğuz idi. Tofiq Oğuzun şəxsi beşatılan tüfəngi vardı. O silahı mənə verməyi Çernobıl əlili olan, sonradan Qarabağda döyüşlərdə həlak olan Qorxmaz dayıya tapşırdı. Mənə öz mövqelərimizin səngərlərini göstərdilər. Tutaq ki, bir gün Şişqayada qarovulda olacaqdımsa, səhəri gün Cıdır düzü tərəfə gedəcəkdim. Qorxmaz dayı 3 gün mənə səngərləri göstərdi. O yerlərin hamısı mənə 1975-ci ildən tanış, doğma idi. Ancaq ermənilər atdıqları güllələrlə orada Vaqifin məqbərəsini, qəbiristanlığı dağıtmışdılar. Beləliklə, martın 23-dən səngərdə idim, döyüş günüm başladı.
Səngərdə olmaq vaxtım bölünmüşdü. Axşam saat 6-dan 12-yə qədər bir qrup gedirdi, sonra əvəzlənirdik. Gecə saat 12-dən 6-ya kimi başqa qrup gedirdi. Mənə gündüz nəsib olmayıb, gecələr getmişəm. Gündüz az atırdılar, yerlərini bildirmirdilər, atışmalar əsasən axşamlar olurdu. Elə günüm olmayıb ki, səngərdə olmayım. Bir ermənini, hədəfi vuranda fərqlənənlərə 5 gün məzuniyyət və maddi yardım da verirdilər. Tofiq Oğuzla da danışmışdım, tağım komandirimiz Nail Kazımova da demişdim ki, mənə bunların heç biri lazım deyil, hədəfi vuranda belə məni məzuniyyətə göndərməyin, zorla bura qaçıb gəlmişəm. Onu da dedim ki, zorla məzuniyyətə göndərsəniz, başqa taborda döyüşməyə gedəcəm.

Beləliklə, Şuşada Qarabağ könüllü müdafiə taborunun tərkibində döyüş yolum başladı. Elə vaxt olurdu ki, işıqlı güllə atırdılar və bu zaman hədəfə atəş açmaq asan idi. İşıqlı güllə atılmasa da, sakitlik, külək olmayanda hiss etmək olurdu ki, haradan atırlar. Təxmini o istiqamətə 3 güllə atırdım. Uşaqlar həmişə gecə uzağı yaxşı görməyimə və həssas eşitmə qabiliyyətimə həsəd aparırdılar. Çayın şırıltısında belə dəyişiklik olanda hiss edirdim. Beşatılan üzərinə görmə cihazı taxılmışdı. Onun mənfi cəhəti o idi, ki, ay işığında hərəkət etdirəndə şüşə ay işığını əks etdirirdi. Sonradan mənə gecəgörmə cihazı gətirdilər. Onun şüşəsi yaşıl rəngdə olduğu üçün ay işığını əks etdirmirdi. Adi bir tüstünü, közərtini o gecəgörmə cihazı göstərirdi və mən dəfələrlə belə hədəflərə atmışam. Gündüzlər də olub ki, ermənilərin atəş nöqtəsini müəyyənləşdirmək üçün məni çağırıblar.

“O tankı vurdum ”

Aprel ayı idi. Daşaltıda xırda üzüm kollarından ibarət böyük sahə vardı. Günorta oradan hərbçilərimə atırdılar. Lakin konkret üzümlüyün harasından atıldığını müəyyənləşdirmək olmurdu. 3 hərbçimizi yaralamışdılar. Mənimlə Qorxmaz dayı da gəlmişdi. Binoklla baxırdıq, sakitlik idi. Müşahidə etdim, vedrə kimi bir şey diqqətimi çəkdi. Şübhələndim. Qorxmaz dayı mənə 3 zirehdeşən güllə verdi. Birini atdım, dəydi. İkincisini də ora atdım, boğuq bir səs və ağ-boz tüstü çıxdı. Sən demə, orada ermənilərin bunkeri və bunkerdə silah-sursatları varmış. Sonra radiostansiya ilə ermənilərin danışıqlarından bildik ki, bunkerdə 3 erməni ölüb. O müşahidə bunkeri yerin altı ilə Nəbilər çayının altına gedib çıxırmış. Sonradan uşaqlar kəşfiyyat zamanı həmin bunkerin girişini aşkarladılar. O bunkerdə ev kimi koridor yaratmışdılar. Ora partladılandan sonra artıq həmin yerdən bizim hərbçilərə güllə atmadılar. Bildilər ki, ora aşkar olunub. Birinci uğurlu döyüş əməliyyatım bu oldu. Uşaqlar məni “xalaqızı” adlandırırdılar.

Laçından Şuşaya gələn yolda, Turşsu ilə Şuşanın zastavası arasında, dağın döşündə, ağaclıqda ermənilər bir tank gizləmişdilər. O tankı ora necə çıxarmışdılar, bilinmirdi. Hətta 1992-ci ildə Şuşaya Tibb Universitetinin 4-cü və aşağı kurs tələbələri avtobusla gələrkən həmin avtobusu partlatmışdılar. Bir nəfər sağ çıxa bilməmişdi, yanmışdılar. O avtobusu işıqsız ekskavatorla “Kamaz”ın arxasına qoşmuşdular və dağın bir az yayılan tərəfinə qoymuşdular. Bir dəfə axşam Laçından Şuşaya maşın gəlirdi, işığını yandırmışdı. Ermənilər tankdan maşına sərrast atmadılar. Mən həmin vaxt Şişqayada postda idim. Ora 4 zirehdeşən güllə atdım, partlayış baş verdi. Sonradan radiostansiya ilə danışıqlarını tutduq. Deyirdilər ki, tankımızı partlatdılar, ora növbəti tank qaldıra bilməyəcəyik, çünki yerimizi təyin etdilər. Ondan sonra Turşsunun yoluna atan olmadı. O yolla tanklarımız, maşınlarımız işıqlarını yandırmadan rahat hərəkət edirdi.

Şişqayaya tankçılarımız da gəlirdi. Tankçılarımızdan Əli, Yaşar vardı. O vaxt Şuşaya gedəndə Milli Qəhrəmanımız Alberti də görmüşdüm. Həmişə üzü təbəssümlü idi. Tankçıların Şişqayada səngərlərdən 10 metr aralıda mövqeləri vardı. Onlar da ermənilərin həmin tankını vurmağa çalışırdılar.

Elbrus Orucov da ermənilərin tankını vurduğumu eşitmişdi. Gəlib məni təbrik etdi. Ancaq komandirə demişdi ki, döyüşdə qadın olmaz, qadınları buradan yığmaq lazımdır. Mən də dedim ki, ermənilər qadına-filana baxmırlar. Hətta qadın və qızlarından başqa məqsədlər üçün istifadə edirlər ki, ruslar orada döyüşsünlər. Ermənilərin Janna adlı nişançısı orada adla deyilirdi. Şişman bir qadın idi, gülləsi boşa getmirdi. O, Xankəndində vertolyotdan düşüb “Niva”ya minəndə bizim uşaqlar uzaqgörmə cihazı ilə müşahidə edirdilər. Mənə dedilər ki, bax. Gördüm ki, düşdü, snayper də çiynində idi. O, 4 nəfər maneken kimi cavan qız götürüb öyrətmişdi, o qızlar da ata bilirdilər. Bizim əsgərlər Jannanın “Niva”sına qumbaraatanla atdılar. “Niva” partlamışdı, bir qıçı və qolu yanmışdı. O halı ilə, bir qıçı və qolu gipsdə yenə də gedir və atırdı…

“Deyib ki, Növrəstənin uşağını maşın vurub, anası gəlməyincə, uşağı basdırmırlar”

Aprelin 17-də Şuşanın qərargah rəisi, həm də komandirimiz olan Mehman müəllim məni qərargaha çağırdı. Dedi ki, səni təcili Bakıya, Şuraya çağırırlar, Bakıya ərzaq üçün “Kamaz”lar gedir, onların biri ilə get. Buraxılış üçün arayış verdi. Ürəyimdə fikirləşirəm ki, nə olub, nəyi düzgün etməmişəm?! Mehman müəllim məni Turşsuya qədər yola saldı. Maşının qapısını bağlayıb sağollaşanda mənə dedi ki, adamın ailəsi, uşağı olanda Qarabağ qaçmır ki? Nə çox oğullarımız, döyüşürlər! Get, uşağına yiyə çıx! Maşının qapısını bağladı. Qışqırıram ki, hansı uşağa yiyə çıxmalıyam, mənim uşağım yoxdur! Sən demə, mənim keçmiş ərimin qardaşı, yəni keçmiş qaynım bilib ki, döyüşə getmişəm, Şuraya gedib, pilləkəndən yıxılıb başı yarılan uşağının mənim uşağım olduğunu söyləyiblər. Qonşuluqda Elmira adlı bir gəlin vardı, əsli Göyçədəndi, kəlağayı bağlayırdı. Keçmiş qaynım gedib ona deyib ki, qərargahı yaxşı tanıyırsan, məni buraxmazlar, səninlə ora gedək. Etibar bəy bayıra çıxanda Elmira kəlağayısını çıxarıb onun ayağına atıb. Deyib ki, Növrəstənin uşağını maşın vurub, ölüb, anası gəlməyincə, uşağı basdırmırlar. Bu da karıxıb qalıb ki, axı bu arayış verib, boşanıb, uşağı yoxdur. O dövrdə böyük təxribat da vardı. Azərbaycanda olan ermənilər və özümüzün başdanxarablar təxribata gedirdi. Hər vasitə ilə ermənilər məğlub olmamızı istəyirdilər. Belə bir anda mənim uşağımın olduğunun ortaya çıxması, həm də Şuşanı yaxşı tanıdığımı söyləməyim istər-istəməz şübhə yaradıb. Ona görə də tez radiostansiya ilə Mehman müəllimə tapşırıq veriblər ki, Növrəstəni təcili maşına bas, bura göndər.

Turşsudan məni Şuşaya geri buraxmadılar. Ağlaya-ağlaya Bakıya gəldim. Şuraya çatanda gördüm ki, arayışlarımı stolun üstünə töküblər. Dedilər ki, yoxlamışıq, bu uşaq nədir? Əhvalatı öyrəndim, Şuradan bir nəfər götürdüm, keçmiş ərim olan evə gəldim. Elmira qaçıb aradan çıxmışdı. Kiçik qaynım dedi ki, mən etmişəm, mənim qızım pilləkəndən düşüb, demişəm ki, sənin uşağındı, maşın vurub, məqsəd səni cəbhədən qaytarmaq olub. Ərim istəməsə də, uşağımız olmadığı üçün 2 il idi ki, boşanmışdım, bu ailə həyatının davamını istəmirdim. Onların da məqsədi ailəni yenidən bərpa etmək idi. Qaynıma dedim ki, indi səni polisə verəcəm, uşağından da, azadlığından da məhrum olacaqsan, məni döyüşdən bura gətizdirmisən. Hədələdim ki, sizi öldürəcəm. Ancaq Şuranın mühafizəçisi məni saxladı. Şuraya geri qayıtdıq, məruzə etdik. Məni geri qaytardılar. Aprelin 19-da, ad günümdə Şuşaya qayıtdım. Gördüm ki, çarpayımda odeyalım yoxdur. Şuşada odeyal çatışmazlığı yox idi. Qaldığımız məktəbdə birinci mərtəbə ərzaq anbarı idi. İkinci mərtəbədə radiostansiyalar vardı. Üçüncü mərtəbədə sırf tibbi ləvazimatlar vardı. Birdəfəlik iynələrdən tutmuş hər şeyə qədər vardı. Bəzən televizorda eşidirəm ki, bəziləri o dövrdə əyinlərinə paltar tapmadıqlarını söyləyir. Vallah, hansı taborda, döyüş yerində olmuşam, biz az qala yeməyi israf edirdik. Yayda yağ əriyirdi, qutulardakı pesoklara qarışqa daraşırdı. Sonradan bildim ki, rayonlarda tağım, bölük halında olan birləşmələr arasında korluq çəkəni olub. Yoxsa qərargahdan həmişə yeməyimizi göndərirdilər. O zaman çoxlu sayda qadınlarımız vardı ki, zinət əşyalarını verirdilər ki, əsgərlərimiz acından ölməsin, silah-sursat alınsın. Müəyyən qrupların statusu olmayıb, hesabat aparılmadığı üçün korluq çəkiblər. Anbarda da odeyal dolu olduğu halda odeyalımın çarpayımdan götürülməsinə təəccübləndim. Mənə dedilər ki, aprelin 18-də qızlar gəlib, o biri otağa yerləşdiriblər. Dedilər ki, qadınlardan biri sənin odeyalını götürüb. Getdim gördüm ki, odeyalım həqiqətən o qadındadır, ona təzə bir odeyal da veriblər. Onlarla tanış oldum. Gəncədən gələn Raygül və Vəfa adlı qızlar idi. Mənim odeyalımı götürən Gülzar adlı qadın isə Əmircandan gələn 30 nəfərlik tağımda idi. Onlar sonradan döyüşlərdə oldular. Bu üçü orada sanitar-tibb bacısı kimi fəaliyyət göstərməli idilər. Posta getdim, qayıdanda yenə də məni Mehman çağırdı və Bakıya nə üçün çağırıldığımı soruşdu. Danışdım. O da qayıtdı ki, ad gününü təbrik edirəm. Mənə bir kiçik suvenir vermişdilər, o da evdədir. İçi boşalmış güllədir və iplə boğaza bağlamaq olur. Onu da deyim ki, mıx şəklində olan bu güllələri ermənilər atırdılar, zəhərli idi. Bu mıx insanın bədəninə yapışırdı, içəri daxil olmurdu. Ancaq zəhəri insanı öldürürdü.

“Döyüşçümüz onlardan birinin altına atəş açaraq öldürdü

Aprelin 26-da gecə saat 2-nin yarısında, postdan qayıdanda məni çağırdılar. Mehman müəllim yox idi, şərurlu müavini çağırmışdı. Dedi ki, yazılı əmr gəlib, sizə vərəqə veriləcək, batalyonun döyüş sahəsindən çıxırsınız. Əmrə görə, taborda bir qadın, qız qalarsa, həmin taborun komandirini hauptvaxta basacaqlar. 24 saat ərzində, tibb bacıları istisna olmaqla, döyüş bölgələrində olan taborların tərkibindəki qadınlar oranı tərk etməlidirlər. Getməyəcəyimi söylədim. Əmri istədim. Gördüm, orada yazılıb ki, Yusifova Növrəstədən başqa. O saat məni dəhlizə dəvət etdi. Dedi ki, sənə də onların yanında deməsəm, çıxarda bilməyəcəm, bayaqdan hay-küy salıblar. Soruşdum ki, maşın var, “bəli” dedi. Qızların 3-ü də bayıra çıxardım, avtobusa mindirdim. Bir az Gülüzar etiraz etdi, zorla basıb avtobusa saldım. Raygüllə Vəfa da qaçıb avtobusa mindilər. Onlardan başqa da avtobusda 5-6 qız vardı, başqa bölgələrdən gəlmişdilər. Qızları apardılar. Döyüşməyə davam etdim, ermənilərin hücumlarını dəf etdik.

Bir hadisəni qeyd etmək istəyirəm. Ermənilər tərəfdə ruslar və muzdlular döyüşürdü. Biz radiostansiya məlumatlarında dəfələrlə eşitmişik, ermənilər qızlarını, arvadlarını rusların ixtiyarına verdiklərini, qələbə yolunda bu addımın məqbul olduğunu söyləyirdilər. Ermənilərin Kosalar kəndinə hücum zamanı isə bizim uşaqlar iki nəfərə dəyən güllələrin təsir etmədiyini görüblər. O iki nəfər akvalanqa oxşayan paltarlar geyinmişdilər. Əslən Gürcüstandan olan, əvvəllər ovçuluqla məşğul olan Bico ləqəbli bir döyüşçümüz onlardan birinin altına atəş açaraq öldürdü. Digərini də alnından başqa birisi vurdu. Üstlərindən vəsiqə çıxdı, biri Livandan, biri də Fransadan idi. O meyitləri Şuşaya gətirdilər. Akvalanq paltarına bənzəyən, ancaq bizim ağır zirehli gödəkçələrdən fərqli olaraq yumşaq və yüngül olan o geyimlər Bakıya, Müdafiə Nazirliyinə aparıldı. Ermənilər əlaqə yaradaraq bizə təklif etdilər ki, nə istəyirsiniz verək, o meyitləri qaytarın, əvəzində qadın-uşaq, yaşlı olmaqla, 122 əsirimizi qaytaracaqlarını bildirdilər. 122 nəfər Şəki Zastavası istiqamətdə əsgərlərimizin müşayiəti ilə gəlirdi. Əsirlərimizin gəldiyini eşidib, ora axışdıq. İçərilərində uzun saçları olan bir qız vardı, 30 yaş verərdin. O qız qəfil onların içərisindən çıxdı, uçurumdan özünü atdı. Aşağıda tut ağacı vardı. Budağın biri çənəsindən girib, başından çıxmışdı. Qucağında körpə uşaq olan anası saçlarını yoldu. Sonra öyrəndik ki, oradakı əsirlərin, gəlinlərin, qızların başına ermənilər hər cür oyun açıblar. Bacını qardaşın, atanın, ananın, hamının gözü qarşısında dəfələrlə zorlayıblar. İçərilərində zorakılığa məruz qalmayanı yox idi. Körpə uşağa qarşı da belə hərəkət etmişdilər. O qız da əsirlikdə özünü öldürmək istəyirmiş, əlinə heç nə keçmirmiş. Sonra anasından da öyrəndim ki, 30 yox, 15 yaşı varmış. O qədər əzab çəkib ki, yaşlı görünürdü. Ancaq o vəziyyətində də gözəl idi. Ermənilərin vəhşiliklərini gördüyüm üçün böyüyündən kiçiyinə, heç birinə qarşı məndə rəhm hissi yaranmır...

“Getməyəcəyimi dedim, həbslə hədələdi”

Cıdır düzündə Qəhrəman və rabitədə olan Şamillə 3 günlük kəşfiyyatda olduq, şübhəli yerləri qeyd etdik. Mayın 3-də Şişqayaya getmişdim, demişdilər ki, Yevlaxın Xaldan kəndindən olan Həsən müəllimin temperaturu qalxıb. İynə vurdum, gördüm, titrədir. Dedim, burada qalmağın ziyanı var, qərargaha aparın. Qayıdanda mənə dedilər ki, Tofiq Oğuz çağırır. Tofiq Oğuz mənim ezamiyyətə gedəcəyimi və bunun müzakirə olunmayacağını söylədi. Getməyəcəyimi söylədim, 3 gün həbs verəcəyi ilə hədələdi.

...Mayın 5-dən 6-a keçən gecə bir sarı avtobus gəldi. Dedim ki, tez dəyib qayıdacam. Mayın 6-da sübh tezdən məni “buşlat”sız, ayağımda çəkələk avtobusa mindirdilər. Üstümdə sənədlər də yox idi. Mənə verilən arayışa baxanda gördüm ki, 27-ci adamam, hardasa 30 nəfəri mayın 3-dən məzuniyyətə yola salırlarmış.

“Şuşadan niyə çağırılmağımızın səbəbi bilinmədi...”

Avtobusda məndən başqa rəhmətlik Əliağa, Kamran da vardı. Mayın 7-də Bakıya çatdıq, Şuraya gəldim. Hava artıq qaralırdı. Arayışı Şuraya göstərdim, qol çəkdilər. Soruşdum ki, nə olub, bizi niyə Bakıya çağırıblar. Katib oğlan dedi ki, evə gedin, səhər gələrsiniz, Etibar bəy burada deyil, səhər sizin geri çağırılmanızın nə ilə əlaqədar olduğunu o sizə deyəcək. Mayın 7-də axşam bildim ki, Şuşaya hücumla bağlı Etibar bəy Laçın koridorundadır. Şurada dedilər ki, gözləyin.

Bizim Şuşadan niyə geri çağırılmağımızın səbəbi bilinmədi. Sonralar Etibar bəyin özündən də soruşdum. O dedi ki, mən çağırmamışam. Tofiq Oğuzun verdiyi arayış bu günə qədər də məndədir, sağ qalsa idi, soruşardım. Tofiq Oğuzun sağ qalıb-qalmaması bilinmir. Sonuncu dəfə Laçın koridorunda onu başından yaralı görüblər. Sürücüsü də ağır yaralı imiş. Sonra necə olub, bilinmir. Bacısı Əntiqə xanımla da əlaqə saxladım. Əntiqə xanım Türkiyəyə gedəndən sonra əlaqəmiz kəsildi. Bu günə qədər Tofiq Oğuzun bizə ezamiyyə verib göndərməyinin səbəbi bilinmir. Məəttəl qalınası işdir. Etibar bəylə mayın 9-da görüşdük. O vaxta qədər gün ərzində könüllü döyüşçülərlə Şuranın həyətində olurduq, 40 nəfərə yaxın idik, döyüşə getmək əmrini gözləyirdik. Orada şəhidlərimizə yas tutduq, ehsan verildi. Birinci ağrı-acılı günümüz oldu.
Ayrı-ayrı rayonlardan olan, sağ qalan könüllülər də ora yığıldılar. Vəfa və Raygül də Bakıya gəldilər. Gün ərzində Şuranın həyətində olurduq, qızlar 1-2 gecə mənim Naxçıvanski küçəsindəki evimdə qaldılar. Sonra belə qərara aldıq ki, Ali Sovetin qarşısında yığılaq, sağ qalanlar bir yerdə döyüşə gedək. Mayın 15-də Ali Sovetin qarşısındakı “Moskva” mehmanxanasında atışma oldu. Ayın 15-də də hər gün olduğu kimi gözləyirdik ki, Şəhidlər Xiyabanına kimi aparırlar, tanıdıqlarımızdan varmı. Dəfnlərində iştirak edirdik.

Mayın 16-da gələn növbəti şəhidlərin arasında Şuşada kəşfiyyata getdiyimiz Qəhrəmanın və Qorxmaz dayının olduğunu gördüm. Cənazəni onların şəkilləri ilə aparırdılar. Əslən İrəvan mahalından idi. Onun 13 yaşlı qızının başına müsibət gətirmişdilər, qızı ölmüşdü, oğlunu da ermənilər verməmişdilər. Ona görə də ermənilərə nifrət edirdi.

Nail də Şuşada sol çiynindən və qol nahiyəsindən yaralanmışdı. Hospitaldan qaçıb gəlmişdi. Qərara gəldik ki, könüllülər yığışaq, öz komandirimizi də seçib, yenidən döyüş bölgəsinə gedək. Dedik ki, Şuşaya, Laçına yaxın rayonların birində gedək, bəlkə Şuşanı, Laçını geri ala bildik. Naili komandir təyin etdik.

Getdik Yevlaxa, ordan Goranboya, Tərtərə, axırda Ağdamın Qərvənd kəndində məktəbdə məskunlaşdıq. Komandir müavini Dərəlyəzdən olan Hafiz təyin olundu. Biz hərbi hissə kimi orada status aldıq. 10 gün keçdi, mən, qrup komandiri əmircanlı Mehman Əliyev və Şuşadan gələn 10 nəfərimizi Gülablıya göndərdilər. Gülablıda əslən Masallıdan olan, Rusiyada hərbi təhsil almış Xəqani qərargah rəisi idi.

10 nəfər getdik, səngərlər qazmağa başladıq. Qərvənddən ora məsafə çox idi. Tabor orada qaldı, bizi həyət evlərində yerləşdirdilər.

“O snayperi mənə verdilər”

Bizim səngərlərlə qaldığımız yer arasında məsafə 1 kilometr məsafə vardı. Ermənilər bizi nişan almağa başladı. Döyüş başladı. Şuşadakı kimi hədəfi tapıb dəf etməkdən söhbət getmirdi. Burada ermənilər hücuma da keçir. Ağdərə istiqamətində bizim 8 uşaq ermənilərin tağımını dəf edib komandirlərini vurmuş, tağımı qırmışdılar. Onlardan müasir snayper tüfəngi də götürülmüşdü. Uşaqlar həmin tüfəngi mənə verdilər. Ermənilər işıqlı güllələr atanda mənim üçün daha rahat idi. Ağır silahların yerini dəyişmək olmur. Mənimki o idi ki, gecəyarı hədəfi müəyyənləşdirib, atırdım.

...Avqustun 4-dən başlayaraq ermənilərin bizə 3 gün Yenikənddən hücumu oldu. Gecə-gündüz yağış yağırdı. Orada bizim tank tağmı vardı, komandiri Bülbülə, ya da Əmircandan olan Əli idi. O, Ağdərə istiqamətində heykəlin yanına getmişdi. Sən demə, heykəlin altı bunker imiş. Bizim bir tankı sıradan çıxarmışdılar, ancaq Əligil bunkeri dağıtmışdılar. Qayıdanda mərmi düşmüşdü, Əlinin barmağı yaralanmışdı. Ölən olmamışdı. Gündüzlər tüstüsündən bildik ki, bizə zəhərli silahlar atırlarmış. Çünki tüstüsü göyə, yaşıla çalırdı. Ondan sonra uşaqların neçəsinin dərisində səpgi yaranırdı. Vəfada da səpgi yaranmışdı. Silahlar atılanda bizdən 30 metr aralıda ona xırda qəlpələr dəymişdi. Vəfanı sonradan Bakıya 5 saylı xəstəxanaya gətirdim. O toz kimi qəlpələri xəstəxanada təmizləyəndə dedilər ki, bunlar zəhərlidir.

Avqustun 6-da polislər Mərzlidən Gülablıya maşınla gələndə işığı yandırmışdılar. Döngədə ermənilər işığa atmışdılar. Orada UAZ zədələnmişdi. Tağım komandiri, Bala Bəhmənlidən olan rəhmətlik Əliağa başından travma almışdı. O vəziyyətdə ola-ola, yoldan keçən su borusunu sındırıb, Paşa adlı sürücünün maşının qabağında əzilmiş hissədə qalan ayaqlarını çıxarmağa çalışmışdı. Oradan da piyada dağın ətəyi Gülablıya qalxmışdı. Polislərin “Villis”inə qoyub, onların Mahrızlıya apardıq. Paşanın ayağı parça-parça idi. Ondan başqa da yaralılar var idi. Səhər Qərvəndə getdik ki, Nailə məruzə edək. Maşına oturub mən də gəlmişdim ki, Mahrızlıya gedəm, görüm uşaqlar necədir. Nail mənə dedi ki, 14 ağır yaralı var, vertolyot gəlib, bu dəqiqə vertolyota otur, yaralıları Bakıda yerbəyer et, deyirlər ki, yaralı əlindən xəstəxanalarda yer yoxdur. Təsəvvür edin ki, səhər saat 6-da postdan çıxmışam, əynimdə “buşlat” da yoxdur, maşına minmişəm ki, yaralıların nə vəziyyətdə olduğunu öyrənim, axşam Gülablıya qayıdım. Elə Qərvənddə həyətdə vertolyota mindirdilər, 13 nəfər də ağır vəziyyətdə olan yaralını, o cümlədən Paşanı vertolyota qoydular. Uşaqlara tapşırdım, bir balon qatıq gətirdilər. Qatığı yanğısı olan yaralılara verirdim. Vertolyot teleqüllənin ətrafında, yuxarı hissədə saxladı. Artıq orada təcili yardım maşınları gözləyirdi. Xəstələrin 6-nı Papanindəki hospitalda yerbəyer etdik, digərlərini Kliniki Tibbi Mərkəz və Travmatologiya İnstitutunda yerləşdirdilər. Axırıncı Paşa və 2 nəfər üzü tamam yanmış yaralı vardı, onları da Travmatologiyaya yerləşdirdilər. Mənə də dedilər ki, indi geri qayıtmağa heç nə yoxdur. Evin də açarını götürməmişdim. Əmircanlı Cavanşirlə Səfər gəldi. Biz avqustun 15-də Yenikəndin üstünə hücuma keçməli idik, hazırlaşırdıq. Kəşfiyyat işləri aparılmışdı. Mən də tələsirdim ki, hücuma çatım. Çıxanda da Nailə demişdim ki, oradakı 7-8 tibb bacısından bir-ikisini göndərsin, mən döyüşə qayıdım. 2-3 gün gözlədim, heç kim gəlmədi. Avqustun 15-də səhər saat 4-5-də Cavanşirlə Səfər xəstəxanaya gəlirdilər. Onu da deyim ki, xəstəxanada yatmağa yer də yox idi. Reanimasiyada 8 xəstə vardı. Onlara 1-2 dəfə tibb bacısı dəyirdi, ya yox. Birinin adamı vardı, birinin adamı yoxdur. Su istəyənə su, yemək istəyənə yemək verirdim. Daha əldən getmişdim. Onların yeməklərindən də ağzıma qoya bilmirdim, ürəyim ağrıyırdı. Cavanşirlə Səfər gələndə dedim ki, yaxşı gəlmisiniz, indi gedib Naili də, yanlarındakı qızları da güllədən keçirəcəm. Döyüşçü adamam, onlar niyə gəlmir? Dedilər ki, hücum da olmadı, hücum avqustun 28-ə qaldı. Getdilər, qayıdanda məni də götürəcəklərinə söz verdilər. Ancaq qayıtmadılar.

“Yenikəndi alıblar, kömək gəlməyib…”

Bir də gördüm ki, səhər saat 4-də rəhmətlik Hafiz Ağazadə, qərargahın komandiri Xəqani, rəhmətlik Əzizağa və Nailin sürücüsü gəldilər. Pul-zad, ərzaq, siqaret gətirmişdilər. Dedim ki, mənə söz vermişdiniz ki, qızlar gələcək, hanı qızlar, mən də döyüşdə olmalı idim! Qayıtdılar ki, döyüş oldu, itkilərimiz oldu. Pis vəziyyətə düşdüm. Cavanşirlə Səfər 5-6 saat əvvəl mənə demişdilər ki, hücum avqustun 28-ə qalıb. Dedilər ki, Əliağa, Eldar, uşaqların qaymaqları öldülər. Bəs necə olub? Dedilər ki, Yenikəndi aldılar, ancaq onlara kömək gəlməyib. Bir gün də orada olublar. Deyiblər ki, göstəriş var, geri qayıdın. 20-30 nəfər oranı itkisiz tutublarmış. Bir yeri də tutanda sənə kömək gəlməlidir, yerini bərkitməlisən. Geri qayıdanda tez ermənilər gəlib, arxadan onlara atmağa başlayıblar. 30 nəfərin bir qismi həlak olub. Əliağa kimi nəhəng insanın güllə sinəsindən vurub, kürəyindən çıxıb, o halla 2 yaralını, silahlarını götürüb, axırda elə yerə çatdırıb ki, bizimkilər onları maşınla götürə biliblər. Kamran özü gəlib, maşına çatanda keçinib. Əliağa o halla 35 kilometr maşınla Mahrızlıya cərrahiyyə stoluna gəlib, stola uzananda qan itirdiyi üçün keçinib. Allah özümüzə nəsib etsin, bir qarış torpağı öz əlimizlə alaq. Onda bilərəm ki, qanımızı aldıq. Onların valideynləri şəhidləri görməyiblər, biz görmüşük, valideynləri hazır kəfənlərini görüblər.
l
Avqustun 16-da gələnlərin maşını ilə geri qayıtdım. Axşam saat 12-nin yarısında Şəki tağımına mərmi düşdü. Bizdə Şəki tağımı ayrıca idi. Orada yevlaxlı da, göyçaylı da, digər rayonlardan da vardı. Çoxluğu şəkililər təşkil etdiyi üçün Şəki tağımı deyirdik. Gülablıda 4 səngər biz qazmışdıq, beşinci səngərdə də onlar idilər. Avqustun 17-də posta getməyə hazırlaşırdılar. Bu günə qədər saat 12-nin yarısında ora mərminin haradan düşdüyünü ayırd etmək olmadı. Mərmi Ağdamdan, bizimkilər tərəfdən gəldi, ermənilər tərəfdən yox. Həyətdə çörək yeyirlərmiş. Vəfa mənimlə qalırdı, dedim ki, hazırlaş, gedək, Şəki tağımına nə isə oldu. Ora gedənə qədər yarım saat keçdi. Gördük ki, onların “Kamaz”ı tərpəndi. Tez döşəkləri atıb, ölü, yaralı, hamısını döşəklərin üstünə düzüblər ki, Mahrızlıya qaçırsınlar. Biz çatanda “Kamaz” tərpəndi.

“Elə bunu demişdim ki, “Villis” aşdı”

Bir polis dedi ki, gəlin, sizi tez aparım. Uşaqlardan da iki nəfər gəldi. Polisə dedim ki, işıqsız sürəcəksən, döngədə atarlar. Mərzilidən dönəndə dedim ki, yavaş ol, burada döngə olmalıdır. Gəncəli Azər vardı, dedi ki, sür, tez “Kamaz”a çataq. Dedim ki, döngəni keçək, sonra. Elə bunu demişdim ki, “Villis” aşdı. Əgər sürəti azaltmasa idi, əvvəlki sürətlə getsəydi, 3 metr aşağı yuvarlanacaqdıq. Maşın aşıb yolun qırağına düşdü. Maşında Vəfa, mən, Azər, şəkili Yapon vardı. “Villis” aşanda polisə dedim ki, tez söndür, yanğın ola bilər. Maşını qaldırıb qoydular, maşına heç nə olmamışdı. Təzədən sürüb çatdıq. Gəlib gördüm ki, 11 nəfərin olduğu Şəki tağımında 9 nəfər morqdadır. Biri gülə-gülə, biri çörək yeyəndə… Gözlərində o təbəssüm qalmışdı. Sadığın ayaqlarının ikisi də yox idi. Bədəni elə qızarmışdı ki, elə bil ki, diri-diri odda qızartmışdın. Hikmətin bir ayağı yoxdu. İlqar rəhmətlik avqustun 17-də Şəkidən gəlmişdi, sevinirdi, dedi ki, xalaqızı, yoldaşım hamilədir, qızım olacaq. Gözaydınlığı vermişdim… Uşaqlar girə bilmirdi, morqa girdim, onları oxşadım. Orada səsim tutuldu. Gördüm ki, tibb bacıları gəldilər, məni sürüdülər ki, 2 saatdır buradasan. Hələ yaralı olub sağ qalanlar Habil və Bayram idi. Onların da vəziyyəti ağır idi. Bayram da bir həftə əvvəl qaça-qaça yanıma gəlmişdi. Dedi k, xalaqızı, qollarım yanıb. Xörək qazanını daşın üstünə yaxşı qoymayıb, bərk qarışdıranda qollarının üstünə tökülmüşdü. Dərisi yanmışdı, əti görünürdü. Məndə “Pantenol” adlı dərman vardı. Nailə də o vaxt yaralı xəstəxanadan qaçıb gələndə həmin dərmandan yaralarına vurmuşdum. Ona da o dərmandan vurdum. Bayramın qollarına təzə-təzə dəri gəlirdi. O halda da yaralandı, ağlı başında olmadı, Mahrızlıda öldü. Habili Bakıya gətirdilər.

Hələ də elə bilirəm ki, Əliağa, Kamran ölməyib. Ancaq şəkililəri gözümlə görmüşəm. Allah bilən məsləhətdir, mənə heç nə olmadı. Allahın işinə qarışmaq olmaz...

Avqustun 27-də qayıtdıq, Mehman Səlimov Ağdamın Uzundərəsində səngərləri bizdən təhvil aldı. Biz səngərləri Ağdamın 120 polisinə təhvil verdik. Sonra eşitdik ki, neçə aylardır ki, erməniləri dəf etdiyimiz Abdal-Gülablını polislərdən ermənilər almışdılar. Hələ ondan əvvəl Ağdamın bölüyü vardı, Drambonda döyüşürdülər. Kömək istəmişdilər. Nailə demişdilər, Nail də ora uşaqlardan göndərmişdilər. Şuşadan döyüş yolu başlayan rəhmətlik Adil vardı, əsli Bərdəndən idi, Rembo deyirdilər. Mən onu Şuşada saqqallı görmüşdüm. Məndən “lezva” soruşmuşdu, tibbi “lezva” vermişdim. Gözümün qabağında koridorda saqqalını qırxdı. Rəhmətlik İsagildən soruşmuşdum ki, bu, niyə belə edir. Mənə dedilər ki, birgə kəşfiyyata getdiyi dostu, gəncəli İsmayılın ölümündən sonra onun qəbrinin üstündə 40 nəfər erməninin başını kəsəcəyinə and içib. Dünən 40-cı erməninin də başını kəsib…

“Remboya doğma qardaşı qan vermədi”

Nail Drambona həmin Rembonu da göndərmişdi. Biz Gülablıdan qaydanda dedilər ki, Rembo yaralanıb, onu Tərtərə göndəriblər. Bizdə avtobölüyün komandiri olan Nizami dayıdan, tağımın komandiri Mehmandan da icazə aldım. Dedilər ki, Nail yatıb, durğuzmadım. Tezdən bir təsadüfi maşına minib, Tərtərə getdim. Gördüm ki, Adil pis vəziyyətdədir. Bütöv döşəyi qan idi. Sol ayağında dabandan yuxarı qəlpə necə parçalamışdısa, ayağı sallanırdı. Sıxıb bağlamamışdılar, orada qan aparırdı. Halı özündə deyildi. Tez qışqırıb sanitar işçisini çağırdım. Dedim ki, bu, adamdır, heç olmasa ayağını sıxın. Dedim ki, axı bunu qan aparacaq?! Döşəyin altından qan axırdı. Tez sarımışam, qanını silmişik. Ayaq dəridə sallanırdı. Soruşdum ki, həkim hanı, dedilər ki, səhər gələcək. Həkim gəldi, adı Nizami idi....

Bir nüansı da deyim. Həmin Nizami həkimi mən Şuşada görmüşdüm. Ramiz Qəmbərovu vurmuşdular. Xəstəxanada gördüm. Ramiz Qəmbərovun bağırsaqları sallanırdı, o zaman da hələ həkim gəlməmişdi. Bağırsaqları toz-torpaq idi, onları silib yığırdım. Bu vaxt bu Nizami həkim gəldi, məni görüb qışqırdı ki, nə edirsən, infeksiya salarsan. Dedim ki, nə infeksiya, bağırsağını toz-torpaqdan silirəm. Mən bu gün də deyirəm. Ramiz Qəmbərovun vuran insanın adını bilirəm, hər yerdə də deyirəm. Onu özümüzünkülərdən bir xain snayperlə vurmuşdu. O xəstəxanada bir jurnalist də vardı, adı Məhəmməd idi. Ramiz Qəmbərovla həkim məşğul olmağa başlayanda baxdım ki, palatada elə bil o yaralının ağzına siçovul girib. Yaxınlaşanda gördüm ki, çənəsindən vurublar, üzünün bir tərəfindən güllə çıxıb. Burnunda qan laxtalanıb, nəfəs ala bilmir, dili də şişib. Azı ilə güclə nəfəs alırdı. Onun burnunu sildim, nəfəs yolu açıldı, nəfəs almağa başladı. Bir az da gec gəlsəydim, boğulub öləcəkdi. Ramiz Qəmbərovu isə xilas etmək mümkün olmadı, heyf. Məni Şuşadan birinci dəfə ezamiyyətə göndərəndə Ramiz Qəmbərov ora gəlmişdi, komandirimizə dedi ki, bu xanımın potensialından döyüşçü kimi yaxşı yararlana bilmirsiniz, onu mənə verin…

...Nizami həkimi oradan tanıyırdım. Nizami mənə dedi ki, 3 saat əvvəl evə getmişəm ki, yatım, paltarımı dəyişim, gəlim, səhərə qədər əməliyyatda olmuşam. Soruşdum ki, bəs Adili niyə cərrahi əməliyyat etməmisən, dedi ki, mənə məruzə etməyiblər ki, bu vəziyyətdədir. Qan lazım oldu. İki, ya da üç mənfi qan qrupu idi. Məndə bir müsbət idi. Həkim dedi ki, yalnız öz qanından olmalıdır. Avtobülükdə olan Nizami dayı deyib ki, xalaqızı Tərtərə gedib, bir də gördüm, Nizami dayı ilə birlikdə 12 uşaq maşınlara minib gəliblər. Adilin qardaşı Qabil də yanlarında idi. Mən sonra bildim ki, Qabil onun qardaşıdır. Adil mənə qayıtdı ki, xalaqızı, su ver. Dedim ki, suyu nə edirsən, bayırda qəşəng qarpız satırdılar. Uşaqlar qarpız aldılar, tez ortasını kəsdim, dişinə sürtməyə başladım ki, su əvəzinə xeyri olsun. Remboya qardaşı qan vermədi. Qabil dedi ki mən qan verə bilmərəm, qorxuram. Maşına minib, oradan qaçdı. Həkim dedi ki, narahat olmayın, bir şey fikirləşərik. Mən Rembonun yanında qaldım, tabora qayıtmadım. Artıq vurulan qan da onun bədəninə işləmirdi. Avqustun 29-da vertolyot gəldi. Rembo yaxamdan tutub buraxmadı. Dedi ki, məni buraxma, xəstəxanaya gedək, məni yerbəyer et, yanımda ol. Dedim ki, Adil, bir dəfə uşaqlarla Bakıya getdim, qayıda bilmədim. Uşaqlar rəhmətə getdi. Dedim, sən təksən, görüm uşaqlar nə edir, sənin yanına mütləq gələcəm. Gözü yaşlı getdi. Onu Kliniki Tibb Mərkəzə gətirib, cərrahi əməliyyat ediblər. Rembo xəstəxanada deyib ki, məni ancaq Çingiz əməliyyat etsin. Çingiz də qohumları idi...

Mən həmin vaxt hərbi hissəmizə qayıtdım. Gördüm ki, Nail də hələ fikirləşir ki, hara təyin olunacağıq. Nail mənə dedi ki, onsuz da sən məndən icazə almadan Tərtərə getmisən, ona görə də səni azad edirəm. Dedim ki, sən kimsən məni azad edirsən, uşaqların biri orada, beşi bu yanda, gedib dəymişəm, haranısa özbaşına tərk etməmişəm, Nizami dayıdan icazə almışam. Öz də döyüş vaxtı deyil. Avqustun 30-da Nailə dedim ki, buradan çıxıram. Ştab komandirinə məzuniyyət yazdırmamışdım. Nailə dedim ki, ürəyim ağrıyır, gedib başqa yerdə döyüşərəm. Elə oradan çıxanda 30 uşaq da gəldi. Soruşdum ki, hara gedirsiniz? Dedilər ki, biz də gedirik, qala bilmərik. Şəhərə gəldik.

Birinci evə getmədim, Rembonun yanına getdim. Gördüm ki, onu cərrahi əməliyyat ediblər, çıxırlar. Ancaq şok vəziyyətində idi. Dedilər ki, qan vururuq, getmir, qanı damarlarda tromblaşıb. İçəri girdim. Dedim ki, Adil, məni eşidirsənsə, gəlmişəm. Gözlərinin qapağını qaldırdı. Dedim ki, qurban sənə, Nail belə etdi, buradayam, tərpənməyəcəm. Elə o gözlərini qapayan oldu. Qardaşı bir gün əvvəl xəstəxanaya gəlibmiş. Ora gəlib deyibmiş ki, qumbara atacam. Sən orada qardaşına qan vermirdin, burada gəlib xəstəxananı niyə partladırsan?! Yaralılar yatır orada! Avqustun 31-ə dedilər ki, artıq vəfat edib. Onu da Şəhidlər Xiyabanında ikinci cərgədə basdırıblar.

Kəşfiyyatda...

Sonra sentyabrın 11-də evə zəng etdilər. Dedilər ki, səni Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsindən soruşurlar. Dedim, xeyir ola, nə etmişəm. Fikirləşdim ki, bəlkə Nail şikayət edib. “Əzizbəyov” metrosunun yanına, çağırılan yerə getdim. Gördüm ki, uşaqlardan Əfqanıstanda olmuş Mehdi, tağım komandirimiz Mehman oradadır. Habil Hüseynov adlı bir nəfər gəlib bizimlə danışdı. Dedi ki, 10 nəfərlik qrup təşkil edin, kəşfiyyat dəstəsi formalaşdırılacaq. Mehdi Əfqanıstanı, Mehman da müharibəni görmüş insan idi, onun üçün bu, sadə işdi. Razılıq verdim. Vəfaya da zəng vurduq ki, tibb bacısı kimi bizə xidmət göstərər. 10 nəfər olduq. Bizə erməni dilini öyrətməyə başladılar. Mən söyüşləri bilirdim. Əvvəllər işlədiyimiz idarə və təşkilatlarda ermənilər vardı. Ermənilər yavaş danışanda başa düşürdüm, ancaq aksentlə danışırdım. Bizə müəllim tutmuşdular, erməni dilində dərs deyirdi. Təzə növ silahlarla bizi tanış edirdilər. Birinci dəfə oktyabrın 7-də çağırılacağımızı söylədilər. Silah-sursatımızı götürdük. Evdən hər ehtimala qarşı yorğan-döşək də götürdüm. Qubadlıya getdik. Qubadlı meşəsində döyüş gedirdi. Orada polkovnik Firudin Şabanovu görmüşəm, bilməmişəm ki, bu kimdir. 2 gün yağışın altında meşədə qaldıq. Bizə dedilər ki, qayıdırsınız. Artıq erməniləri dəf etdilər, biz döyüşə qoşulmadıq. Bizi Qubadlının Xəndək kəndinə gətirdilər, klubu verdilər qalmağa. Əsas qərargah da Başaratda yerləşirdi. Klubun da müdiri bizi görən kimi stolları götürüb anbara yığdı, ağzını da bağladı. Beton, üstü də linoleum, dedi ki, burada qalacaqsınız.
Bizim uşaqlardan Mehdi və İlham o saat qızdırmalı oldular. 2 gün meşədə qalanda yağışın altında bütün pal-paltar islanmışdı. Gəldiyimiz klubda da ocaq, heç nə yox idi. Səhər çörək gətirən sürücüyə pul verdim. Mən qara çörək görmüşdüm, amma bizə eləsini verirdilər ki, sıxanda su tökülürdü. Sürücüyə dedim ki, bizə normal çörək al, bir də harada olsa, soba al. Gətirdi, sobanı quraşdırdıq. Biz Tək Qız adlı yerdə kəşfiyyatda olduq, müsbət nəticə ilə qayıtmışdıq. Xəndəkdə qayalıqda məşq etdik. 5 gün əvəzinə 1 ay kubda qaldıq. Firudin Şabanovla orada tanış olduq. Başaratda qərargahımızı da dağıtdılar. Ancaq bir gün əvvəl Firudin Şabanov bilmişdi, qərargahı başqa yerə köçürmüşdü.

İşimizi görüb Bakıya gəldik. Sonra Zəngilanda, Ağdərə və kəndlərində olmuşuq.
Bir dəfə getdik, qayıda bilmədik, ermənilərlə üzbəüz gəldik. Qrupumuzda olan Mehdi Hüseynov bizi oradan çıxardı. Mina sahəsindən keçdik. Ermənilər də elə bilmişdilər ki, artıq ölmüşük. Çünki Tərtər rayonundan gələn polislər bizi erməni sayıb, atəş açmağa başlayıblar. Birtəhər oradan qurtardıq. O gün qayıda bilmədik, səhərə yaxın qayıtdıq. 1993-cü ilin martında kəşfiyyatın ağsaqqalı vardı, deyəsən adı Ələkbər idi, Baba deyirdilər. Martın 19-da gəldi, hər birimizə təşəkkürünü bildirdi. O, bizi Novruz bayramına görə 2 günlük evə buraxdı. 1994-cü ilin yanvarına qədər kəşfiyyatın tərkibində olmuşam. Son gedişimiz Zəngilana olub. 3 gün orada Şabanovun yanında qaldıq. 1993-cü il avqustun 10-da çıxmışdıq. 3 nəfərimiz çatmırdı, dedilər ki, gedin, tam tərkibdə gəlin. Geri qayıtdıq. Biz hazırlanıb qayıdana qədər dedilər ki, Zəngilan gedib.
Bizi sonra xüsusi təyinatlıların təlim sahəsində hazırlayırdılar. Bir həftədən sonra vertolyotla Füzulidə “Qırmızı bazar” adlanın yerə əməliyyat üçün atacaqdılar. Elə oldu ki, həmin vaxt qardaşım rəhmətə getdi. Onun azyaşlı uşaqları vardı. 4 dəfə raport yazdım, dördüncüdə, 1994-cü ilin yanvarında məni buraxdılar. Yoxsa ölənə qədər gedəcəkdim…

...Mənim döyüş şəkillərim olmayıb, uşaqlarda da yoxdur. Şuşada “Xalq qəzeti”ndən gəlib, fərqləndiyimə görə müsahibə götürmüşdülər. Orada da şəkil çəkmək istəyəndə qoymadım. Özümün formada şəklim yoxdur. Yalnız Vəfada formada bir şəklimi gördüm, inanmadım. 3 nəfərik. Yevlaxda olanda Raygül, mən və bizə kömək edən əsgər vardı. Biz orada samovar üçün su doldururuq, kimsə həvəskar fotokamera ilə çəkib. Orada mən gülərək Raygülə nə isə deyirəm. Formada olan yeganə şəklim budur, bunu da verirəm sizə...

Ramiz Mikayıloğlu