Aygün Bəylər: “Sevdiyim insandan övlad dünyaya gətirdim” - MÜSAHİBƏ
09 mart 2010 11:00 (UTC +04:00)

Aygün Bəylər: “Sevdiyim insandan övlad dünyaya gətirdim” - MÜSAHİBƏ

Azərbaycanın əməkdar artisti Aygün Bəylərin Lent.az-a müsahibəsi

- Qarşımda, ana olduqdan sonra da əvvəlki dəliqanlılığını saxlayan Aygünü görürəm. Heç nə dəyişməyib. Sualımın birincisi elə budur...

- Dəyişən odur ki, ana olmuşam, ana ürəyi yaranıb. Həmişəki kimi çox sual verəndə də xoşum gəlmir. Uşaqlıqdan belə olmuşam. Xoşum gəlməyən hər şeydən qaçmışam.

- Söhbət əsnasında dediniz ki, xoşum gəlməyən müsahibədən çıxıb gedə bilərəm...

- Yox, daha doğrusu, xoşum gəlməyən sualdan gedə bilərəm. Misal üçün, əvvəldən deyirəm ki, bu sualdan xoşum gəlmir, görəndə ki üstündə dayanırlar, başqa yollarla gəlib o suala yanaşırlar, o anda çıxıb gedə bilərəm.

- Bilirsiniz nəyə görə deyirəm? Adam bir az yaşa dolanda təmkinli olur, həyatında nəsə dəyişəndə istər-istəməz xarakteri də dəyişir.

- Problemlər olanda adam əsəbi olur. Təmkinli olmağın da hansısa bir yaş dövrü var axı. Qırx yaşa yaxın insan xarakterini qaydaya salır.

- Yəni sizin həyata baxışınızda heç bir dəyişiklik yoxdur?

- Yox, niyə? Hamını daha çox sevməyə başladım. Hər şey gözümə yaxşı görünməyə başladı. Bilirsiniz, Allah-təala mənə qeyri-adi istedad verib. Mən məktəbə getmədiyim vaxtlarda piano çalıb oxuyurdum. Elə bu, fitri istedad olmağımdan xəbər verir. Həyatımı da musiqiyə bağladım. Atamdan, anamdan, bacımdan-qardaşımdan çox mən öz sənətimin vurğunu olmuşam, bəlkə də... Çünki sənətimi dəlicəsinə sevmişəm. Bəlkə də bu imkan yaratmayıb ki, sənətdən kənar hansısa insanı görüm, sevim. İndi istəyirəm ki, övladım sənətimi davam etdirsin. Mən ana olmağa hazırlaşanda hələ dayanmırdım, işləyirdim. Notlar yazırdım, mahnıları nota köçürürdüm. Yeni ansambl, caz qrupu yaratmağı fikirləşirdim, hətta repertuar da hazırlamışam.

- Fikirlərinizi reallaşdırmaqda istər-istəməz çətinlik olacaq, əvvəllər tək idiniz, indi isə körpə var.

- Düzdür. Bu reallağa hələ öyrəşməmişəm. Uşaqla çox çətindir. Sağ olsunlar, ailədə hamı uşağa baxır, dayəsi də var. Amma onun ki istiliyini duyuram, qucağımda huş aparır, yatır, ya gözlərini açıb gözlərimə baxır... Yaxud da Allah göstərməsin, o xəstələnəndə ürəyim istəyir ki, oxuyum, uşağı qucağıma götürüb onun üçün oxuyuram. Evdə məşq edirik. Onlar fasilə verib çay içməyə hazırlaşanda artıq mənim ürəyim çay istəmir, çayım da suyum da odur.

- Bu dəqiqə sənət irəlidədi, yoxsa övlad ?

- Əlbəttə, övlad!

- Deməli, bayaqkı söhbətlərin üstündən çarpaz da olmasa, yarı xətt çəkək də… Əvvəlki sənət-sənət söhbəti indi o qədər aktual deyil, belə görürəm.

- Yox, bilirsiniz necə? 34 yaşım var. 7 yaşımdan musiqi ilə məşğul olmuşam. Bir il ana olmağa hazırlaşmışam. Bu bir il o biri illəri vurub keçib, o sözsüz! Amma sənəti də atmaq olmaz. Təbii ki, lazım olsa, sənətimi övladıma qurban verərəm. Mənim övladımdır axı, körpədirsə belə, bunu məndən istəməz! (Gülür) Çünki mənim davamçım o olacaq. Mən belə hiss edirəm.

- Əminsiniz ki, o sizin qədər istedadlı olacaq? Hər ana bu sözü demir ki, övladım mənim yolumla getsin.

- İnanın, o uşaq dünyaya gələndən bir neçə gün sonra mənim səhhətim ağır idi. Sağa-sola tərpənə bilmirdim. Bu uşağı nə iləsə yatızdırmaq lazım idi. Körpədir, biz onun üçün telefonda “Elegiya” mahnısı dinlədirdik. Körpə 4-cü günündə “Elegiya” mahnım ilə yatırdı. Bax o musiqinin səsi gələn kimi! Bu körpədir də, 4 günlük uşaqdır! Biz onu elə öyrəşdirdik, indi o, musiqinin səsi ilə yatır.

- Ancaq anasının mahnıları ilə?

- Demək olar ki!(Gülür) Yox, zarafat edirəm... Əzizə Mustafazadənin “Ay Laçın” kompozisiyasını dinləyir. Xoşuna gəlməyən musiqi olanda ağlayır. Bir də görürsən yatmaq istəyir, mən onun üçün “ay gözəlim, can gözəlim” musiqisini qoyuram, görürəm ağlayır. Başa düşürəm ki, o mahnını istəmir. “Ay Laçını” dinlədirəm, görürəm musiqinin xoşuna gələn məqamında artıq gözlər bağlandı... Amma 4 günün körpəsini “Elegiya” ilə yatızdırdım. Musiqi ilə o uşağı 3 ayına gətirib çatdırmışıq, yatızdırırıq. Baxırıq da, bacardığımız qədər ...

- O uşağa kepka geyindirib, sizin kimi oğlan geyimində olmasına icazə verərdiniz? Sizin kimi, “qaqaş” həyatı!

- Yox, “qaqaş” həyatı demək olmaz. O əvvəla, müəllimimin imici idi. Mən televiziyaya 95-96-cı illərdə gəlməyə başladım. Bu, müəllimimin maraqlı ideyası idi ki, yadda qalım. O vaxt müəllimimi tanıyanda uzun saçlarım var idi, arıq qız idim, 38 kiloqram çəkim var idi. Fikirləşdi ki, bu uşağı tanıtmaq üçün neyləmək olar? Nə isə, o imiclə yadda da qaldım. Oğlan saç ustasının yanına gəlib, saçımı kəsdirdim. Pencəyimə, ayaqqabıma kimi cavan oğlanın geyinəcəyi geyimi geyindim. Təsəvvür edin, ayağıma ayaqqabı tapılmırdı. Ayağıma 35-36 ölçülü uşaq ayaqqabıları gedirdi, o ölçüdə kişi ayaqqabısı tapılırdı ki? Maraqlı bir fikir yarandı. Birinci şounu bəlkə də biz etdik. İndi düşünürəm ki, 21-ci əsrdə buna ehtiyac olmaz.

- Kepka sizi çox şeydən uzaqlaşdırdı. Bəzəkli müğənni həmişə kişilərin diqqət mərkəzində olur, istər-istəməz. Bəlkə bu kişi geyimi sizi çox şeydən uzaqlaşdırdı, düzdü?

- Mənə elə gəlir ki, imic elə onun üçün seçilmişdi. Bu uşaq sırf sənətlə məşğul olsun.

- Heç kim “dəyib-dolaşmasın”...

- Hə də. Elə olar yəqin. Siz elə fikirləşirsiniz?

- Mən elə fikirdəyəm.

- Elə mən də… (Gülür).

- Övlad dünyaya gətirdiniz, fəxri adınız var, istədiyiniz bir şey qaldımı?

- Çox sağ olsunlar. Bəlkə də mənim o boyda sənətim yoxdur, amma bu qədər məni qiymətləndirməkləri hər şeydi. Hər şey gözəldir. Həyatımda hər hey yaxşıdır. Elə bir arzum yoxdur. Mənə elə gəlir ki, kulminasiya nöqtəsi övlad imiş. İnanırsınız, bu nemətin varlığını hələ də lazımi qədər dərk etmirəm...

- Hələ çatmır ki, mənim övladım var?

- Özümə də qəribə gəlir, fikirləşirəm ki, ay Allah, həqiqətənmi uşaq mənimdir? Mən xalq üçün yaşamışam, sənəti yaşatmağı özümə borc bilmişəm. 12-13 yaşından qadın toylarında nağara çalmışam. Bacılarım, xalam, öz ailəmiz, günümüz toylarda keçib. Allah var eləsin xalqımızı! Onlar bizi həm mənəvi, həm maddi dəyərləndirib. Öz həyatımdan yerlə göy qədər razıyam.

- Bir övladla kifayətlənmək istəyirsiniz?

- Bilmirəm. O artıq Allahın işidir, qurban olum. Deyə bilmərəm. Hələ o ab-havada deyiləm.

- Bilirsiniz niyə belə dedim? Bayaq özünüz də dediniz ki, hamı mənə məsləhət gördü ki, sən də ana olmalısan. Bir var ailə istəyəsən, biri də var tək qalmamaq üçün övlad...

- Əlbəttə, hər şeyin bol, yaxşı olanını istəyərəm… Onu artıq Allah verir. Allah hamıya versin, içərisində də biz.

- Mənim indiyə qədər bir televiziya verilişi yadımdadı. Orda ilk dəfə idi ki, sizi ağlayan gördüm. Və sizin zəif tərəfinizi aşkarladım.

- Çox pis olmuşdum. Rəhmətlik Bəylər müəllimi də o aralarda itirmişdim. Elə bil, o anda hər şey oldu. İndi şükür Allaha! Amma qəlbi kövrəyəm.

- Bilirəm ki, uşağın atası ilə ayrı-ayrı ölkələrdə yaşayırsınız.

- Yaradıcı insanlarda bu olur.

- Azərbaycanı qoyub getmək istəmirsiz?

- Azərbaycana qurban olum.

- Onda onu dartıb gətirmək lazımdı bura! Çətin məsələdir?

- Gərək onda bütün ailəsini gətirəm bura! (gülür). Özü 15 ildir burada yaşamır. O yəqin ki, gəlmək istəmir. Bu barədə söhbətimiz olub, o yaradıcı insandır, orda studiyası var. Hətta tanınan türk müğənniləri ilə birlikdə işləyir. Oranjemanlar edir. Onun da işləri pis deyil, amma bizim mental şüur, düşüncə ayrıdır, onun düşüncəsi ayrı. O ora öyrəşib.
Bir də, mən Almaniyada yaşasam, o sevgini hiss etməyəcəm, duymayacam. Burda bir iş dalınca gedirəm. İşçidən tutmuş böyüyə qədər hamı gülərüzlə qarşılayır. Mən sənətçiyəm, fəxri vətəndaşam. Gəl, indi orda sübut elə ki, mən sənətkaram! Respublikanın fəxri vətəndaşıyam.
Deyəcəm mən Aygün Bəylərəm, deyəcək neyniyək, sən də bizim kimi bir insansan. Mən xalq üçün yaşayıram, həyatımın 34 yaşını yaşamışam, hələ bilmirəm nə qədər yaşayacam. Ən azından professional səhnədə oxumuşam. Yəni həyatımın yarısından çoxunu sənətə bağlamışam.

- Uşağın ata-anası bir yerdə olanda onun həyata baxışı, böyüməyi, təbii ki, fərqli və düzgün olur. Ana nə qədər çox sevir-sevsin...

- Onu mən çox gözəl bilirəm. Çünki mən atamı o qədər çox istəyirəm, atamdan danışanda həqiqətən kövrəlirəm. (Gözləri yaşla dolur). Bilmirəm, bəlkə uşaq böyüyüb atasının yanında qalacaq, ya da atası özü gələcək. Yəqin ki, atası istəsəydi, qalardı da! Hamı gördü ki, o necə sənətçidir, sənətə bağlı insandır. Deyə bilmərəm ki, ayrı-ayrı adamlarıq, amma fikirlərimizdə fərqlilik var. Sənətimiz, ürəyimiz, övladımız eyni olsa da, həyata, dünyaya baxışımız tamam fərqlidir. Amma şükür Allaha ki, sevdiyim insandan övladım dünyaya gəlib. Heç bir yerdə yaşayanlar sona qədər bir-birlərini sevə bilmirlər. Bir yerdə ər-arvad olanda ürəkdən bir-birlərini sevib ömürlərinin sonuna qədər yaşaya bilərlər. İndi cavan ailələr tez dağılır. Yaxşı övladımı yaşlı vaxtda dünyaya gətirdim. Əlbəttə, uşaq həyatı başa düşəndən sonra atasını görməyə gedəcək, o övladını görməyə gələcək. Mən istəyirdim ki, tək olmayım, bizim yaratdığımız əsər davamçımız olsun, bizim kimi olsun. Həyat göstərər!
# 7505

Oxşar yazılar