Bir mahnı ilə məşhurlaşan 22 yaşlı şəhid gizir - REPORTAJ
28 noyabr 2020 15:16 (UTC +04:00)

Bir mahnı ilə məşhurlaşan 22 yaşlı şəhid gizir - REPORTAJ

Geyindiyi hərbi forma bu gün də hazır vəziyyətdə onu gözləyir. Amma Xudayar Yusifzadə daha o formanı geyinə bilməyəcək. Çünki o, 44 günlük Vətən Müharibəsində adını şəhidlik zirvəsinə yazdıran qəhrəmanlardan biri oldu.

Onu hamımız oxuduğu “Vətən yaxşıdır” mahnısı ilə tanıdıq. Gülər üzü, Vətən sevgisi və xoş avazı ilə qəlblərə yol tapdı Xudayar Yusifzadə.

22 yaşlı şəhid gizir Bərdə şəhərində dünyaya gəlib. Anadan olandan 24 gün sonra atası, rayonun tanınmış qarmon ustalarından olan 32 yaşlı Müslüm Yusifzadə ürəktutmasından vəfat edib. Anası Radə Qurbanova deyir ki, üç qardaş və bir bacı onun valideynlərinin himayəsində böyüyüb: “Qürur duyurdum ki, mənim övladlarımın heç biri mənim başımı aşağı etməyib. Elə hamısı ilə qürur duyurdum, Xudayarla da. STIK: 00:25 Çox hörmət qazanmışdı az yaşı olmasına baxmayaraq. Düzdür, nənə-baba onu ərköyün böyütmüşdü. Amma o ərköyünlüyü sırf evin içində idi. Uşaqla uşaq, böyüklə böyük”.

Təəssüf ki, ailənin çəkildiyi sınaq ata itkisi ilə bitmir. Xudayar Yusifzadə hərbi xidmətdən qayıdarkən evlərinin elektrik naqilində baş verən qısaqapanmadan yanaraq kül olduğunu görür. Yenidən işləmək üçün Bakıya qayıdır. Nənəsi Tovuz Məmmədova deyir ki, marketlərin birində mühafizəçi işləyən Xudayar burada üzləşdiyi xoşagəlməz olaydan sonra Dövlət Sərhəd Xidmətinə sənəd verir: “Sərhəd Qoşunlarının kimdirsə, işçisi Orxan adında oğlandır. Orda bazarlıq edirmiş. Oranın müdiri gəlib sərt danışıb Xudayarla ki, niyə düşüb qapını açmadın ki, mən maşını salam marketin həyətinə. O da deyib ki, əvvəla, görməmişəm, ondan sonra da mən bura mühafizəçi gəlmişəm, qapı açmağa gəlməmişəm. Onda gəlib çiyninə vurur, deyir, çıx çölə, sənə söz deyəcəm. Həmən o Orxan. Ramanada olur bu dəqiqə də o. Hə, deyib ki, bura sənin yerin deyil, sənədlərini götür gəl ora. Bax, həmən bu Sərhəd Qoşunlarına”.

Beləcə, Xudayar Sərhəd Qoşunlarında xidmət etməyə başlayır. İllərin verdiyi əziyyətləri unudaraq yeni həyatın xəyallarını qurur. Ən böyük istəyi isə ata ocağında, yanan evin yerində yenisini tikmək və ailəsini kirayələrdən qurtarmaq olur. Amma onun bu arzusu həyatı kimi yarımçıq qalır. İndi nə ata ocağı var, nə də Xudayar.

Səfərbərlik başladığı gündən Xudayar bütün planlarını ertələyərək, döyüşə yollanır. Gizir Yusifzadə Kəlbəcər istiqamətində, Murov yüksəkliklərində, Füzuli, Cəbrayıl və Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edir. Ağbənd qəsəbəsinin azad olunması uğrunda döyüşlər isə onun üçün sonuncu olur:

Yaxınları deyir ki, Ordumuzun qanı, canı bahasına əldə etdiyi bu qələbəni gərək gələcək nəsillər unutmasın:

- Bizim şəhid balalarımız bütün Azərbaycanın, Xocalının, 92-ci ilin şəhidlərimizin hamısının qanını aldılar. Allah Ali Baş Komandanımıza da kömək olsun ki, xalq, Ali Baş Komandan, Ordu birləşib bu işi gördü.

- Bu uşaq bizim elə bil həyatımızın bir mənası idi. Yaşaya bilmirəm mən onsuz.

- Çox şükür İlahiyə ki, uşaqların qanı 92-ci ildəki kimi yerdə qalmadı. Ona çox sevinirəm. Elə bil hər qarış uşaqların qanı ilə yoğurduq torpağı. Amma geridə qalan nəsil onun qədrini bilməlidir. Hər qarışı qanla alınıb.

Xudayarın qardaşı Məhəmməd Yusifzadə deyir ki, dostları onu xoş təəssüratlarla xatırlayırlar: “Hərbçilərin sözü o olub ki, Xudu bizə ancaq əhval-ruhiyyə verirdi, zarafat edirdi. “Xudu danışanda elə bil heç döyüşdən çıxmamışıq, heç elə bil döyüşməmişik” deyirdi uşaqlar. Elə danışırdı ki, bütün stress-həyəcan, bütün o döyüşün ab-havası, minomyotun vıyıltısı, hamısı beynimizdən çıxırdı. Onun zarafatları qalırdı beynimizdə ki, hamımızı güldürürdü”.

Beləcə, nur üzlü şəhidimiz Xudayar ölümündən 2 gün əvvəl oxuduğu “Vətən yaxşıdır” mahnısını ilə bütün qəlblərdə taxt qurdu. O, xalqın arzusunu reallaşdırmaq üçün öz arzularından əl çəkdi.

“Vətən yaxşıdır” mahnısını isə bu dəfə döyüş yoldaşlarının dilindən eşidəcəyik.

# 3253
avatar

Oxşar yazılar