Türkiyə mətbəxinin məşhur yeməyi - "Su böreyi" necə hazırlanır?
23 noyabr 2020 12:19 (UTC +04:00)

Türkiyə mətbəxinin məşhur yeməyi - "Su böreyi" necə hazırlanır?

Xəmir yeməkləri Orta Şərqdən Balkanlara, Şimali Afrikadan Orta Asiyaya qədər geniş bir coğrafiyanı əhatə edir. Osmanlı mətbəxinin hökm sürdüyü torpaqlarda qoyduğu irslərdən biri də börek yeməyidir.

Börek nədir? - Sadə dillə desək, açılmış xəmirin və ya yuxanın arasına müxtəlif yeyəcəklərin qoyularaq bişirildiyi bir yemək. İçliyi qiymədən pendirə, göbələkdən toyuğa, kartofdan ispanağa qədər hər şeydən ola bilər. Həm qaz üzərində tavada qızardılaraq, həm sac üstündə, həm də elektrikli sobada bişirilir. Ona görə də Türkiyə mətbəxində böreyin yüzlərlə növü var.  

Lent.az Türkiyə mətbuatına istinadən börek növlərindən biri olan "su böreyi"ni (su böreği) təqdim edir. Bişirilməsi bir az zəhmətlidir, amma çox dadlıdır. 

"Su böreyi" üçün əvvəlcə lazım olan ərzaqları sayaq:

5 stəkan un,

4 ədəd yumurta,

stəkanın 3-də biri qədər su,

stəkanın 3-də biri qədər kərə yağı,

yarım çay qaşığı duz,

İçlik üçün:

2 litr isti su,

1 yemək qaşığı zeytun yağı,

400 qram ağ pendir,

yarım dəstə cəfəri,

yarım çay qaşığı duz.

“Su böreyi”ni hazırlamaq üçün nə etmək lazımdır, sıra ilə söyləyirik.

5 stəkan un, 4 ədəd yumurta, stəkanın 3-də biri qədər su və yarım çay qaşığı duzu üst-üstə töküb orta bərklikdə bir xəmir yoğurun, sonra 10 ədəd kiçik kündə düzəldin, üzərini bir parça ilə örtərək xəmiri bir saat gəlməyə qoyun.  

Bu arada içlik üçün ağ pendiri çəngəllə əzib incə-incə doğradığınız cəfərini onun üzərinə tökün qalsın.

Geniş bir qazanda 2 litr suyu qaynadın, üzərinə yarım çay qaşığı duz və 1 yemək qaşığı zeytun yağını əlavə edin.

Kündələri bir-bir oxlovla böreyi bişirəcəyiniz qazan böyüklüyündə incə açın. Açdığınız yuxanı qaynayan suya atıb 30-35 dəqiqə bişirin. Bişən yuxanı dərhal soyuq su dolu qaba salın, 10-15 saniyə gözlədin, sonra bir kəfgirlə çıxarıb suyunu yaxşıca süzün.

Bu arada elektrikli soba qabını kərə ilə yağlayın. Açdığınız birinci yuxanı qabın dibinə yayın. Üzərini 1 qaşıq ərinmiş kərə ilə yağlayın. 4 kündəni eyni qayda ilə açıb, arasını yağlayıb eyni əməliyyatı yerinə yetirin. Beşinci yuxanı da qoyduqdan sonra üzərinə pendirli-cəfərili içliyi bərabər şəkildə səpin. Qalan 5 kündəni də eyni şəkildə açın, üst-üstə düzün, yağlayın.

Su böreyini sobaya qoymazdan əvvəl iti bıçaqla 5-6 santmetrlik kvadratlar şəklində dilimlərə bölün. Əvvəldən 190 dərəcə isidilmiş sobada üzəri qızarana qədər bişirin, sonra çıxarıb isti-isti süfrəyə verin.

Nuş olsun!

 

# 1930
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar