2491
writer1

Sərdar Amin

Məqalə sayı : 29

16:03 20 Noyabr 2020

Qədir əmi, Ağdam sənin ad günündə alındı!

Şükürlər olsun, tənimizin ən böyük yararlarından birinə bu gün məlhəm qoyuldu: 20 noyabr, 2020-ci il – Ağdam işğaldan azad olundu...

Bu səhər “20 noyabr” deyəndə ağlımda bir isim şimşək kimi çaxdı: Qədir Rüstəmov...

Bu gün həm də Qədir əminin doğum günüdür.

Həm də yubiley ad günü.

Onun düz 85 yaşı tamam olur.

Qədir Rüstəmov dünyadan Ağdam işğal olunan gün köçmüşdü, bəli, ondan sonrakı ömrü bu dünyadan sayılmaz.

O 18 ili Qədir burda deyildi. Əldən çıxmış çərpələng tək məramını itirmişdi.

Ağdam çərpələng kimi pərdə-pərdə ilahiyə qalxan Qədir Rüstəmovu tutan qol idi. Qədir Ağdama köklənib pərvazlanırdı. O gün ki Ağdam getmişdi, Qədir də elədən belə əsən küləklərdə kimsəsizliyi ilə baş-başa qalmışdı. Onsuz da havalı idi, Ağdamdan sonra yerlə irtibatı tamam kəsildi.

Qədir Rüstəmova ev, maşın, “Şöhrət” ordeni verilmişdi, ancaq onun xurcununun Ağdam gözü boşaldığına görə o biri gözə nə qoysalar, yüngül gəlirdi.

Qədir Rüstəmov ipə-sapa yata bilmirdi.

Ağdamdan sonra yer üzündə onun çərpələnginin sapını saxlayacaq bir qüvvə tapılmadı. Heç bir harmoniyaya qoşulub taraz hərəkət eləyə bilmirdi. Duranda əllərini qoymağa yer tapmırdı, danışanda fikri ağzından çıxan sözləri sevmirdi... Çarəsizlikdən bağrı yarılmasın deyə bütün cümlələrinin sonunda əlini xəzəl kimi yelləyib, əşşi deyirdi...

Qədir Rüstəmov haqqında bir filmin kadrarxasına baxırdım, çox çalışdı oxusun, alınmadı. Nəsə, səsi sözünə baxmırdı. Bir neçə saniyə susub dedi, mənimki oxumaq deyil, canımla əlləşirəm.

Bunu eşidib yarım saat ağlamışdım.

Doğrudan da Qədirinki oxumaq deyildi. Buna başqa ad tapılmalıdır. “Sona bülbüllər”də Seyid Əzimin misralarını nərdivan edib qalxdığı mərtəbələrdən “oxumaq müstəvisi”ndə söz açmaq insafsızlıq olar...

Eyləməz aşiqi bir lütf ilə xürrəm, ya rəb,
Bu nə rəftardır ol sərvi-xuramanımda?

Qədir Rüstəmov bu beyti oxuyarkən “ya rəb”i gözlərini dəqiq bir ünvana zilləmiş adam kimi deyir. İnsan bəndəsi onun üçün bəlli olmayan bir varlığa bu qədər dəhşətli səslə müraciət edərmi? O “ya rəb”dən sonrakı zənguləsi oxumaq deyil, nəuzi-billah, meracdır.

Qədir Rüstəmovun gəzişi, danışığı, bütün həyatı elə o zənguləyə oxşayır. O zənguləni gözümüzdə şəkilləndirsək, burdan ərşəcən uzanan bir Qədir Rüstəmov görərik.

Qədirin ayağını yerdən üzən Ağdamın onu doğum günündə bizə qayıtmasında isə mütləq bir ilahi bağ var.

Qədir Rüstəmov xəstəxanada komada olarkən yazıçı Aqil Abbas ona baş çəkməyə gedir. Heç bir səsə, görüntüyə reaksiya vermədiyini biləndə deyir:

“Qədir, Ağdam alındı!”

Bu vaxt Qədir Rüstəmovun barmağı tərpənir.

Həyat yoldaşı da təsdiq edir ki, Qədir o səsi eşitdi!

Yəqin ki, bu dünyadan min əzab, naləylə ayrılan Qədiri yerdən necə səsləsək də, eşitməz.

Bircə Ağdamdan başqa!

Qədir əmi, Ağdam alındı!