110
19:22
14 Noyabr 2020

"30 illik həsrətimizə son qoydunuz" - Prezidentə yazırlar

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlməyə davam edir.

Lent.az məktublardan bəziləri təqdim edir:

Kadir Başardan, Ankara, Türkiyə

“Hörmətli Prezident, 44 gün davam edən və Şanlı Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Qarabağ zəfəri münasibətilə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Qarabağ müharibəsi dövründəki göstərdiyiniz yüksək liderlik keyfiyyətləri digər ölkələrin başçıları üçün bir nümunədir.

Azərbaycan Ordusunun müasir vasitələrlə və silahlarla təchiz olunaraq yüksək əhval-ruhiyyə ilə mübarizəyə başlanması və çox çətin relyefli ərazidə inamla qalib gəlməsi dünyanın bir çox yerində həsəd və qısqanclıqla qarşılandı.

Allah Bir daha Azərbaycana 1992-ci ilin fəlakətlərini yenidən yaşamağa imkan verməsin, həmişə qalib gələnlərdən eləsin. Azərbaycanın yolu açıq və həmişə güclü olsun.

Sizə cansağlığı və uğurlar diləyirəm”.

Rıfat Sağlamdan, Hatay, Türkiyə

“Hörmətli Prezident.

Biz türklər Azərbaycanın qazandığı Qələbələrə elə azərbaycanlılar qədər sevinirik. Torpaqların geri alınması hamımızı qürurlandırır.

Artıq rahat nəfəs ala bilərik, dədə babalarımızın ruhu şad ola bilər. Vətən torpağı işğalçıdan azad olundu.

Ulu Atatürkümüzün dediyi kimi, türkün türkdən başqa dostu yoxdur. Mən də Azərbaycan xalqının yaxın dostu kimi qazandığınız qələbələrdə az da olsa töhfəm olsun deyə balaca ərməğan göndərirəm.

Sizi və Azərbaycan xalqını çox sevirəm. Sizin cəsurluğunuz, cəsarətiniz bizi də ürəkləndirir, ruhlandırır.

Dünya var olduqca Türkiyə və Azərbaycan dostluğu da var olacaq”.

Sami Coşardan, Antalya, Türkiyə

“Hörmətli Prezident.

Qarabağ uğrunda mübarizədə Ermənistan və havadarlarına ədalətin gücünü göstərdiyiniz üçün çox sağ olun.

Türkiyədə yaşayan hər bir vətəndaşın qəlbi bu günlərdə qardaşlarımızın ürəyi ilə bir vururdu. Bu mücadilə kimin türkə dost, kimin düşmən olduğunu göstərdi.

Ən qısa zamanda Azərbaycana, Bakıya gəlib bu şərəfli günləri Sizlərlə bir yerdə yaşamaq istəyimin həyata keçməsini səbirsizliklə gözləyirəm”.

Yevgeni Xazanovdan, İsrail

Möhtərəm Prezident İlham Heydər oğlu Əliyev.

Azərbaycanda anadan olmuş və hazırda İsraildə yaşayan bütün dostlarım adından və şəxsən öz adımdan bütün Azərbaycan xalqını Qələbə Günü münasibətilə təbrik edirəm.

Bu tarixi gün təkcə Azərbaycanda deyil, eyni zamanda, bütün dünyada da zəfər salnamələrinə əbədi yazılacaqdır. Bu günlərdə mən Azərbaycan xalqının Qələbəsi ilə sözlə ifadə edilməyəcək sonsuz qürur duyuram!

Allah Sizə uzun ömür, cansağlığı versin, Azərbaycan xalqına dinc səma altında yaşamağı nəsib etsin.

Qarabağ həmişə Azərbaycan olub və olacaq!”

Kemal Yıldızdan, Karabük, Türkiyə

“Hörmətli Prezident,

Sizi müzəffər Fateh kimi salamlamaqdan xoşbəxtlik hissləri keçirirəm. Zəfəriniz mübarək olsun. Ordunuz hər zaman qalib olsun!

Cənab Prezident, mən Türkiyədə yaşayıram. Hər səhər namaz qılarkən Azərbaycan üçün, ordunuz üçün dualar oxuyuram. Sizin üçün isə fateh surəsini təkrarlayıram. Bu vaxt göz yaşlarımı saxlaya bilmirəm. Bu qürurdan, sevincdən, doğmalıqdan doğan göz yaşlarıdır.

Allah daim köməyiniz olsun.

Allah Sizi qorusun, ona əmanət olun”.

Hikmət Aslanovdan, Ağcabədi, Azərbaycan

Hörmətli Prezident!

Sizi və Azərbaycan xalqını bu böyük Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. İşğaldan azad edilmiş hər bir kəndimizdə, qəsəbəmizdə, yüksəkliklərimizdə Azərbaycan Bayrağının dalğalandığını görmək bizim üçün böyük fəxarətdir. Bir vətəndaş kimi dövlətim, Prezidentim və xalqımla fəxr edirəm.

Yaşasın İlham Əliyev!

Qarabağ Azərbaycandır!”

Əfsanə Ağaməmmədovadan, Sumqayıt, Azərbaycan

“Hörmətli Prezident.

Sizin rəhbərliyiniz altında şanlı Ordumuzun Qarabağımızı işğaldan azad etməsi ilə 30 illik həsrətimizə son qoydunuz. Sizin həm siyasi meydanda, həm də döyüş meydanında necə güclü diplomat və sərkərdə olduğunuzun ən bariz nümunəsini nəinki Azərbaycan xalqı, bütün dünya gördü. Necə gözəl hissdir ki, Sizinlə eyni dövrdə yaşayıram və silinməz, şanlı tarixə şahidlik edirəm.

Cənab Prezident, Sizə şəxsən öz adımdan və ailəm adından təşəkkür edirəm. Bizim dədə-baba yurdumuz olan Qubadlımıza dönməyimizi artıq səbirsizliklə gözləyirik. Yaşasın Azərbaycan! Yaşasın Qarabağ! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”

Firail Mahmudovdan, Yevlax, Azərbaycan

“Hörmətli Prezident.

Bu günlər nəyinki mənim, bütün Azərbaycan xalqının sevincinin həddi-hüdudu yoxdur. Var olun, cənab prezident! Qələbəni bizə bəxş etdiniz üçün. Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycan xalqınındır! Bunu edən Siz oldunuz. Azərbaycan xalqı Sizin, Siz isə Azərbaycan xalqının arxasında mərdliklə mətanətlə dayandınız. Sizin səyləriniz və Azərbaycan xalqının əzmi, əsgərimizin mərdliyi Qarabağı bizə bəxş etdi. Çox sağ olun, cənab Prezident, var olun! Sizin siyasətiniz nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir. Artıq bir çox dövlətlər Sizinlə cənubi Qafqazda məsləhətləşmələr aparacaq. Bu nəticələr neçə illik təcrübənizin, savadınızın nəticəsidir. Bunu Azərbaycana nəsib etdiyiniz üçün Sizinlə fəxr edirəm.

Cənab Prezident, Allah-Təala Sizə uzun ömür bəxş etsin. Xahiş edirəm, daim Azərbaycan xalqının yanında olun. Ömürlük bizim Prezidentimiz olun! Bu günləri, bu xoşbəxtliyi Siz bizə nəsib etdiniz. Buna görə də Allah-Təala Sizdən razı olsun. Sizin uğurunuz Azərbaycanın, Azərbaycan gəncliyinin uğurudur. Allah şəhidlərimizə rəhmət etsin. Sizi mən və təbii ki, bütün Azərbaycan xalqı müddətsiz Prezident görmək arzusundayıq.

Yaşa, yaşa cənab Prezident, yaşa, yaşa daim yaşa, ey şanlı Azərbaycan!”

Turabxan Həsənlidən, Qubadlı, Azərbaycan

“Hörmətli Prezident.

Azərbaycanın müzəffər ordusunun Ermənistan silahlı qüvvələri üzərindəki parlaq qələbəsi xalqımızın tapdanmış qürurunu yenidən özünə qaytardı. Artıq dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar qürurla “mən azərbaycanlıyam və mənim prezidentim İlham Əliyevdir” deməyi böyük iftixar hiss edir. Sizə nə qədər təşəkkür etsək, azdır. Bu 17 ildə Sizin yürütdüyünüz daxili və xarici siyasətin nəticəsidir ki, xalqımız böyük sevinc hisslərinə bürünüb. Allah Sizi və şanlı Azərbaycan Ordusunu qorusun”.

Xanlar Kərimovdan, Qəbələ, Azərbaycan

“Möhtərəm Prezident.

İcazə verin, xalqımızın əvəzsiz Prezidentini, sərkərdəsini, diplomatını, böyük İnsanın böyük Oğlunu bizlərə Qələbə qüruru və sevinci yaşatdığı üçün ürəkdən təbrik edim. Sizə cansağlığı, valideyn xoşbəxtliyi arzulayıram. Bu Qələbəni Sizin rəhbərliyiniz altında həyatını, gələcəyini ortaya qoyan müzəffər Azərbaycan əsgərinin, zabitinin sayəsində qazanmışıq. Bu Qələbə ilə Siz özünüzün və Azərbaycan Ordusunun nəyə qadir olduğunu bütün dünyaya bir daha göstərdiniz. Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan Ordusuna! Eşq olsun Ali Baş Komandana! Ulu Öndərimizə, Zərifə xanıma Allah qəni-qəni rəhmət eləsin. Nə yaxşı ki varmışlar, nə yaxşı ki, Sizin kimi bir oğulu bizə ərməğan ediblər.

Cənab Prezident, bütün bunlar sıradan bir iş deyil. Bütün bunların hamısı İlahidəndir. Valideyndən övladına keçən ilahi bir güc.

Bu möhtəşəm Qələbənin əldə olunmasında şəhid düşən Vətən övladlarının əziz xatirəsi önündə dərin hörmət və minnətdarlıqla baş əyirəm. Bədəninin müəyyən hissəsini itirən, əlil olmuş hərbçilərimizə şəfalar diləyir, yaralı qardaşlarımıza tezliklə sağalmalarını arzulayıram.

Türkiyə dövlətinə, xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana göstərdikləri misilsiz mənəvi və siyasi dəstəyə görə təşəkkür edirəm. Tanrı Türkiyə və Azərbaycan dostluğunu, qardaşlığını qorusun!

Cənab Prezident, Siz ilk gündən işğal olunmuş torpaqların Azərbaycana qaytarılacağını bildirirdiniz. Sizin sözünü tutan birisi olduğunuzdan, bütün xalq da bunu ancaq Sizin bacara biləcəyinizə inanırdı. Azərbaycan xalqı hər zaman Sizin arxanızda oldu və Sizə sonsuz dəstək ifadə etdi. Nəhayət, Azərbaycana Qələbə sevinci yaşatdınız. Siz bu Qələbənizlə Ulu Öndərin arzularını gerçəkləşdirdiniz. Ərazisi işğal olunmuş, suveren haqları tapdanmış bir ölkəni, Azərbaycan Respublikasını dünya xəritəsində layiq olduğu yerə qoydunuz. Allah Sizə qıymasın! Allah daim Sizi, Ordumuzu və xalqımızı qorusun! Amin! Qarşınızda baş əyir, ən dərin hörmətimi, minnətdarlığımı bildirirəm”.

Knyaz Əliyevdən, Bərdə, Azərbaycan

“Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Böyük Qələbə münasibətilə Sizi, müzəffər Azərbaycan Ordusunu, xalqımızı təbrik edirik. Qazandığınız bu zəfərlərə görə Siz əsl Milli Qəhrəman adına layiqsiniz. Kəndimizin sakinləri hesab edir ki, bu ad ilk növbədə Sizə - Ali Baş Komandanımıza verilməlidir. İnanırıq ki, bu məsələ bütün Azərbaycan xalqının da ürəyincə olar.

Allah şanlı Ordumuzu və Sizi qorusun!

Qarabağ Azərbaycandır!”

Sabir Namazovdan, Füzuli, Azərbaycan

“Hörmətli Prezident.

Bizə bəxş etdiyiniz Qələbə sevinci münasibəti ilə öz adımdan və rəhbərlik etdiyim Füzuli rayon 24 nömrəli tam orta məktəbinin kollektivi adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində əməyi olan hər kəsə minnətdarıq. Doğma torpaqlarımızı düşməndən geri almaq uğrunda döyüşərək qəhrəmancasına həlak olmuş şəhidlərimizin ruhları qarşısında baş əyirik! Onlara Allahdan rəhmət diləyirik.

Allah Sizi qorusun.

Qarabağ Azərbaycandır!”

Rövşən Əsgərovdan, Kəlbəcər, Azərbaycan

“Möhtərəm Prezident, Ali Baş Komandan.

Bizlərə bu qürurlu günləri yaşatdığınıza görə Sizlərə böyük təşəkkür edirik. Heç kimə sirr deyil ki, bu gün Azərbaycan şanlı Ordusunun qələbə zəfərlərindən ruhlanaraq dünyaya ədalət mesajı verir. Bu ruh yüksəkliyi 90-cı illərin əvvəlində mövcud idi, lakin bu hərəkatın lideri yox idi. Bu gün biz fəxrlə deyə bilərik ki, Qarabağ hərəkatının Azərbaycanda lideri İlham Əliyevdir.

Azərbaycan tarixinin 3 000 illik bir dövrünə nəzər saldıqda, tam məsuliyyəti ilə deyə bilərik ki, son yüksəliş illəri bu xalqın ən möhtəşəm intibah, özünü dərketmə dövrüdür. Ümummilli liderin təməlini qoyduğu müstəqil Azərbaycan bundan sonra da böyük qalibiyyətlərə imza atacaq. Sizin uğurlu daxili və xarici siyasətiniz öz bəhrəsini verdi. Dünya anlayır ki, Azərbaycan Qarabağın tamhüquqlu sahibidir, ermənilər vaxtilə bura köçürülüblər. Sovet dönəmindən indiyə kimi Qarabağda ermənilər yaşayıb, dünyanın heç bir yerində ermənilərə bu qədər avtonom hüquq verilməyib.

Hörmətli Prezident, bu sadə həqiqəti dünyaya çatdırdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Uca Allah Azərbaycanı və Sizi qorusun! Mən Prezidentim və Qarabağ hərəkatının lideri İlham Əliyevlə fəxr edirəm.

Yaşasın Ali Baş Komandan!

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!”

Tofiq Abbasovdan, Ağdam, Azərbaycan

“Müzəffər Ali Baş Komandan.

Siz müdrik siyasətiniz və haqlı mübarizəniz nəticəsində qazandığınız möhtəşəm qələbə ilə adınızı qızıl hərflərlə tarixə yazdınız. Siz bir daha dünyaya Azərbaycanın güclü dövlət olduğunu göstərdiniz. Bunun üçün Sizə təşəkkürümüzü bildiririk. Azərbaycan xalqı tam olaraq Sizin arxanızdadır, Sizinlə qürur duyur. Bu çətin, lakin şərəfli işinizdə Sizə və rəşadətli Ordumuza uğurlar arzulayırıq.

Əziz və sevimli Prezidentim, Azərbaycanın hansı bölgəsində yaşamağımıza baxmayaraq ürəyimiz həmişə Ana torpaqla - üstündə ilk addımlarımızı atdığımız, uğrunda canımızı fəda etməyə hazır olduğumuz müqəddəs torpaqla Qarabağla döyünür.

Bu müqəddəs torpaq üçün əbədiyyətə qovuşan şəhidlərimizin və onları boya- başa çatdıran valideynlərinin qarşısında baş əyirik.

Allah Ordumuza güc və qüvvət versin. Uca Allah Sizə və müzəffər Ordumuza yar olsun!

Qələbə bizimdir!

Qarabağ Azərbaycandır!”

İlham Həsənovdan, Zaqatala, Azərbaycan

“Hörmətli Prezident, Zati-aliləri,

Azərbaycan xalqına bəxş etdiyiniz bu qürur və fəxarətə görə Sizə hədsiz minnətdarlığımızı bildiririk. Uzun illərdən bəri xalqımız üçün mənəvi utanc olan, şəxsiyyətimizi başıaşağı edən haqsızlığı diplomatik məharətinizlə, rəşadətli sərkərdəlik qabiliyyətinizlə aradan qaldırıb çətin bir şəraitdə ermənilərə qalib gəldiniz.

Siz bu əməllərinizlə xalqımızın qəlbində və tarixdə xilaskar, qalib rəhbər kimi əbədi yaşayacaqsınız.

Uca Allah Sizi qorusun!”

Dİgər xəbərlər