1041
writer1

Ramilə Qurbanlı

Məqalə sayı : 648

15:29 12 Noyabr 2020

Bəs belə olardı?!

Saytlarında oxudum ki, vay-şivən salıblar – “mən evimin əşyalarını götürmədən çıxmışam, orda mənim təsərrüfatım, donuzlarım qalıb”... və sair. Hövsələm çatmır bütün dediklərini yazmağa, bir sözlə, tumanlarını atmışdılar başlarına. Sonda da deyir, “belə olar?”, “Bu harda görünüb?” Nə qədər əxlaqsızdılar bunlar! Necə yəni harda görünüb? Özünüzün elədiklərinizi görməmisiniz yoxsa? Siz həşərat kimi səpələnmisiniz yer üzünə, harda olsanız, oranı özünüzə vətən elan edib yaşamaq kimi bir “istedadınız” var zatən...

 

Saytda bunların həyasızlıqlarını oxuyub bir daha heyrətlənməkdə ikən, telefonuma video gəldi, dostlar atmışdılar, kəndimizin videosudur. Təfsilata varmayacam kim çəkib, necə çəkib, sağ olsun, yanan ürəyimə bir az su çiləmiş oldu, bir az da od qoymuş...

 

Kəndimizin girişi, viran qalmış yurdum, qamışlıqdan, çayırlıqdan qeyri heç nə yoxdur. Hər tərəf susuzluqdan yanıb. Çaylarımız quruyub, bulaqlarımızın gözü kor qoyulub. Daş, bünövrə adında bir məktəbimizin binasının yarımçıq divarlarıdır, pəncərələri, qapıları sökülmüş, içəridə taxtaları belə sökülüb, bir sözlə, viranə, bayquşların məskəni.

 

Nənəmin evinin yanından keçir çəkiliş edən, ikinci mərtəbəyə qalxan pilləkənlər yarıda qırılır, mərtəbənin başı yoxdur. O pilləkənlər ki, yuxarı, aşağı qaça-qaça çıxıb-düşməyimdən nənəm çox qorxardı. Bir də görürdü çıxdım, nə arxamca düşə bilərdi ki, təntiyib yıxılmayım, nə də çıxıb-düşməyimi gözləyə bilərdi, qalardı asılı, mən aşağı gəlib çatınca. Mənim gülüşlərimsə məhəlləni götürərdi. Hərdən nənəm “bir az yavaş gül, qız uşağısan, səsin qonşulara gedir” - deyərdi... Videoda o gülüşlərimin səsini eşitdim 27 il sonra... 27 il gülmədim, heç elə gülə bilmədim... Nənəm necə oldu? Sənin atan nənəmin bəy atasının qapısında nökər olmuşdu. Qoyun sürüsünü otarıb, mal tövləsini tikmişdi, əlinə su töküb, ayaqlarını yumuşdu. Sonra... 37-də elə onun da güdazına gedib atası, nökərinin donosu ilə. Bu da bir başqa söhbətin mövzusudur. Nənəm 1993-də dədə-babasından qalma yurdunu  babasının nökərinə buraxıb ayaqyalın çıxmağını həzm edə bilmədi. Övlad küncünə sığınmağı belə özünə sığışdırmadı, yaşamadı, yaşaya bilmədi...

Elimizin başqa bir ağsaqqalı sirkə içdi. Niyə? Çünki indi “Belə olar?”, “Bu harda görünüb?” - deyə haray salan şüvənlər onu yurdundan didərgin salıb, olan-qalanına sahib çıxmışdılar. Çünki onların olan hər nəsnə onların deyilmiş kimi olmuşdu, sahiblənmişdiniz, bizimdir demişdiniz. İndi 27 il əvvəl  başqasının atını mindiyinizi unutmusunuz, bilmirdiniz nə vaxtsa düşməli olacağınızı? Minilliklərlə sahibi olduğu torpaqlardan insanları çıxardıb yurdunu mənimsəyə bilərsiniz, amma o yurdun sahibi gəlib sənin işğalından onu azad edəndə “bu harda görünüb?” olur?     

 

Bütün yurd yerlərimizi viranə qoymusunuz. Xislətiniz budur, qurub-yaradan yox, xarabalıqlar bayquşusunuz. Siz yurdu ola biləcək adam deyilsiniz, xarabalıqdır məskəniniz. Özünüzün olana qane olub oranı abadlaşdırmaqla məşğul olsanız, bəlkə daha yaxşı olar, yox, siz başqalarının yurduna göz dikməklə insanlığa ləkə olmağı özünüzə tale seçmiş bədbəxtlərsiniz. Başqalarına yaşatdıqlarınızı yaşayırsınız.

 

Şəhərlərimizi, kəndlərimizi gecə ilə qarlı çöllərə töküb orda güllə-boran etmişdiniz. Yandırıb külə döndərmişdiniz abadlıqlarımızı. Biz sizi öz yurdlarımızdan çıxardanda yol açdıq, rahatlıqla maşınlarınızla çıxdınız. Bizim yollarımızı bağlayıb, camaatımızı qırmışdınız, sağ çıxa bilənlərin əyinlərindəki paltarlar belə cırılmışdı, ayaqları yalın barmaqlarını şaxta vurmuşdu... Kəlbəcərdən 93-də çıxan azərbaycanlılarla, 2020-də çıxan ermənilərin kadrlarını qoy qarşına, müqayisə et, gör, “bu harda görünüb”!?

 

27-28 ildir siz bizim yurdlarımızda şellənəndə bizim o torpaqlardan sağ çıxa bilənlərimiz də ruhən öldü. Dünyasını dəyişənlərimiz gözüaçıq getdi bu dünyadan, yurd həsrəti ilə. Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış öz ölkələrində öz yurdlarından ayrı yaşaya bilmədilər, hər gün öldük biz. Əlinizdə əsir qalan torpaqlarımızın ah-naləsi qulaqlarımızdan getmədi. Bütün fəsillər bizə qış gəldi, yurdumuzun ayaqlarınız altından çıxan çığırtısı bizi yaşamağa qoymadı. O vaxt o yerlərdən anasının qucağında ayaqyalın, gözləri yaşlı qovduğunuz balaca oğullar bu gün tankların üstündə, təyyarələrlə, əlində avtomat, bıçaq qayıdır Qarabağa, azad etdilər yurd yerlərimizi. Bizim olanı özümüzə qaytardılar. Pənahəli xanın özülünü qoyduğu Şuşada, Gövhər Ağa məscidində azan oxudu həmin əsgər. Dedi ki, ruhumun təri məmləkətim, dünyanı versələr, çəmənliyindəki bir şeh damlasına dəyişmərəm. Qayıdanda nə görəcəyimdən, necə olacağımdan asılı olmayaraq, qayıdacağımı bilirdim. Qayıtdım, bir daha heç vaxt səni tərk etməməyə əminliklə qayıtdım.

 

Qurban olum o əsgərlərə. Şəhidlərimin ruhları qarşısında təzim edirəm, torpağıma qədər əyilib öpürəm, onların qanları axan müqəddəs yurdumu. Üçrəngli bayrağım indi Qarabağda dalğalanır, var olsun Ali Baş Komandanım. Şanlı ordumu Qələbə paradında təbrik edəcəm.  

 

Bilirsən, Azərbaycan ordusu Şuşanı necə sizin işğaldan azad edib – yaralısını, şəhidini də çiyninə alıb, qan içində qayalara dırmasıb, çıxıb Şuşaya. Bunu yalnız Şuşanın sahibi edə bilərdi, “bunca ölümdən kolay dönülməz bu kadar sevməyincə” - sevməsəydi ölümün gözünün içinə dik baxa-baxa onun üstünə getməzdi.   

 

Sizəsə bir məsləhətim var, yazıqlanıb dünyaya həyasızlığınızı, əxlaqsızlığınız bir daha nümayiş etdirməkdənsə (hamı bilir zatən) sizin olana qane olub, oranı abadlaşdırın, bizimlə adam kimi rəftar edin ki, torpağımızda qalmağınıza razı olaq... Əks halda... özünüz bilin...

 

Hə, Qarabağ da Azərbaycandır!