52
15:19
03 Noyabr 2020

Prezidentin köməkçisi: "Ermənistan sülhlə bağlı bütün imkanları məhv etmək siyasətini yürüdür"

“Ermənistan sülhə hazır olduğunu bəyan etsə də, sülhlə bağlı bütün imkanları məhv etmək siyasətini yürüdür”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ermənistan baş naziri bir müddət əvvəl münaqişənin sülh yolu ilə həlli olmadığını bəyan edib: “Dünyadakı ermənilərə müharibədə iştirak çağırışları edilir. Bu, ATƏT-in Minsk Qrupunun səylərinə, cəhdlərinə böyük zərbədir. Prezident İlham Əliyev müsahibələrində Azərbaycanın münaqişənin sülh, hərbi-diplomatik yolla həllinə hazır olduğunu bəyan edib. Münaqişə o vaxt sülh yolu ilə həll oluna bilər ki, qarşı tərəf konstruktiv olsun, vədlərinə sadiq qalsın. Azərbaycanın mülki obyektlərinə hücumlar davam etməkdədir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Gəncəyə iki dəfə ballistik raket atılıb, Bərdəyə kasetli raketlərlə zərbə endirilib: “Qəsdən kasetli silahlardan istifadə edirlər. Xüsusən Bərdəyə hücumda gördük ki, Ermənistan kasetli silahlardan istifadə edərək kütləvi ölümə nail olmaq istəyir. Son dövrlər Ermənistan fosforlu mərmilərdən istifadə etməyə başlayıb. BMT-nin İnsan Hüquqları üzrə ali komissarının bəyanatında Bərdəyə qarşı kasetli silahdan istifadə edildiyi qeyd edilib. Amma onun bəyanatında Gəncənin ballistik raketlə vurulması qeyd olunmayıb. Təəssüf ki, BMT komissarının bəyanatında Ermənistanın saxta videosuna da istinad olunub. Bununla bağlı mövqeyimiz BMT-nin Azərbaycandakı ofisinə də çatdırılacaq”.

Dİgər xəbərlər