96
14:29
03 Noyabr 2020

Nazirlikdən evdə müalicə olunan koronavirus xəstələrinə MƏSLƏHƏT

Səhiyyə Nazirliyi nəzdində olan işçi qrupunun üzvü Sevda Məmmədova “814” Çağrı Mərkəzinin iş qrafiki haqqında danışıb.

“Səhiyyə Nazirliyinin iyul ayından etibarən xidmət göstərən “814” Çağrı Mərkəzi hal-hazırda bazar ertəsindən şənbə günü daxil olmaqla səhər saat 8-dən axşam saat 6-dək zəngləri qəbul edir. Sutkanın qalan saatlarında Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti ilə əlaqə saxlamaq lazımdır”.

Lent.az xəbər verir ki, bunu nazirliyin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupunun üzvü Sevda Məmmədova bildirib.

Sevda Məmmədovanın verdiyi məlumata əsasən, bu ilin avqust və sentyabr aylarının hər birində «814» nöməsinin qəbul etdiyi müraciətlərin sayı 1300-1400 təşkil edib, oktyabr ayında isə artıq bu say 3500 – 4000-ə qədər artıb. Sevda xanım Çağrı Mərkəzinin iş prosesindən də xəbər verib: “Daxil olan müraciətlərin 90 %-i dəyərləndirilib, Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsinə yönləndirilir. Bundan sonra sahə məntəqələri bu müraciətləri rəsmiləşdirib, xəstələrin vəziyyətini dəyərləndirmək üçün sahə həkimlərinə yönləndirilir. Sahə həkimi sorğu-sual əsnasında xəstənin vəziyyəti haqqında məlumat toplayıb, COVID-19 testinin səyyar tibb xidməti tərəfindən keçirilib-keçirilməməsinə qərar verir. Müraciətlərin həmin qalan 10 %-i, əsasən, ağır simptomlu və hərarəti 38°C-dən yüksək olan xəstələr dərhal Bakı şəhərinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə yönləndirilir”.

Sevda Məmmədova COVID-19 virusuna yoluxmuş evdə müalicə alan xəstələrin müalicə prosesindən danışıb. Onun sözlərinə görə, yoluxmanın ilk simptomları müşahidə olunarsa, dərhal “814” Çağrı Mərkəzi və ya birbaşa sahə həkimi ilə əlaqə saxlamaq lazımdır. Sevda xanım testin nəticələri pozitiv olan təqdirdə həmin şəxs təcrid olunmanın, onunla bir mənzildə yaşayan ailə üzvlərinin isə bu rejimə riayət etməklərinin olduqca vacib olduğunu vurğulayıb. O, testi pozitiv çıxan simptomsuz və yüngül simptomlu evdə müalicə alan vətəndaşların xüsusi vitamin kompleksi ilə təmin olunmasını da bildirib. Onun qeyd etdiyinə görə, sahə həkimləri tərəfindən həmin xəstələrlə gündə iki dəfə əlaqə saxlanılır və vəziyyətləri müşahidə olunur. Bundan sonra işçi qrupunun üzvü xüsusi vurğulayıb ki, evdə olan COVID-19 xəstələri yalnız vitaminlər kompleksi vasitəsi ilə müalicə olunur, digər dərman və tibbi müdaxilə həyata keçirilmir. Həmçinin, ölkəmizdə 8000-dən artıq evdə müalicə almış COVID-19 xəstəsinin vitamin kompleksi ilə təmin olunduğu da qeyd olunub. Sözügedən vitamin kompleksinə C və D vitaminləri, Sink, Selenium, Maqnezium və Parasetamol daxildir. Sevda Məmmədova, həmçinin, söyləyib ki, bu preparatlar birbaşa xəstələrin yaşadıqları yerlərə çatdırılır və pasiyentlər tərəfindən 15-20 gün ərzində qəbul edilir.

Dİgər xəbərlər