64
12:06
03 Noyabr 2020

Ermənistanda işsizlik səviyyəsi 20, yoxsulluq səviyyəsi 30 faizdən yüksəkdir - RƏSMİ

Təcavüzkarlıq və işğalçılıq siyasəti Ermənistanı digər sahələrdə olduğu kimi, sosial sahədə də tənəzzüllə üz-üzə qoyub. Ermənistan Azərbaycanla təkcə savaş meydanında aciz və məğlub durumda deyil, həm də sosial sahədə ölkəmizdən xeyli geridə olmaqla, getdikcə dərinləşən sosial-demoqrafik böhranın içindədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az -a verilən məlumata görə, Ermənistanın siyasi rəhbərliyinin əhalini işğalçılıq müharibəsinə, bu müharibənin yaratdığı sosial-iqtisadi problemlərin məngənəsində yaşamağa sürükləməsi bu ölkədə mənfi demoqrafik meyllərin kəskin xarakter almasına, əhalinin xarici ölkələrə mühacirətinin kütləviləşməsinə səbəb olub.

1991-2019-cu illərdə Ermənistandan 1,2 milyon erməni, yəni əhalinin hər üç nəfərindən biri mühacirət edib. Düşmən ölkədə ildən-ilə doğum sayı kəskin azalır, ölüm sayı isə artaraq doğulanların sayını üstələyir.


Ötən il BMT-nin Əhali Fondunun Ermənistan üzrə icraçı nümayəndəsi T.Harutyunyan Ermənistanın demoqrafik böhrana məruz qaldığını və hətta ölüm nisbətinin doğum səviyyəsini aşa biləcəyi mərhələyə yaxınlaşdığını etiraf etmişdi. Bildirmişdi ki, Ermənistanda ağır sosial-iqtisadi durum səbəbindən ailələrdə uşaqların doğulması arzulanmır, ailə qurmaq istəyənlərin isə sayı xeyli azalıb.

Üstəlik, Ermənistanın Azərbaycanla son müharibədə 3-4 milyard dollarla və ÜDM-nin 30 faizi həcmində itki ilə üzləşməsi həmin ölkənin sosial-iqtisadi vəziyyətinin daha da pisləşməkdə davam edəcəyini deməyə əsas verir. Ekspertlər düşmən ölkənin təkcə son müharibədəki ziyanlarını bağlamaq üçün azı 10 il vaxt lazım olacağını qeyd edirlər.

Azərbaycanda isə məqsədyönlü siyasət dayanıqlı sosial-iqtisadi inkişafla və bu da əhali sayının sabit artımı ilə nəticələnir. Təkcə bu ilin 6 ayında Azərbaycanda 60 minə yaxın doğulan körpə qeydə alınıb. Ölkədə doğulanların sayı ölənlərin sayını 2 dəfə üstələyir. Həmçinin yalnız son yarımildə Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı gedənlərin sayını 2,2 dəfə üstələyib, miqrasiya saldosu müsbət 446 nəfər olub.

Müstəqillik dövründə Azərbaycan əhalisinin sayı 3 milyon nəfər artaraq 10 milyonu ötdüyü halda, Ermənistanda, əksinə, əhali sayı 90-cı illərin əvvəllindəki 3,6 milyondan 2,9 milyona düşüb. Ekspertlər bu rəqəmin azalmaqda davam edəcəyini proqnozlaşdırır.

Azərbaycan Silahlı Qüvvələrinin canlı qüvvə baxımından mobilizasiya imkanlarına görə də bu gün Ermənistandan qat-qat üstündür. Belə ki, 18-24, həmçinin 18-54 yaş qrupu üzrə ölkəmizin mobilizasiya imkanı Ermənistandan 4 dəfədən də çoxdur.

Azərbaycanda 18-24 yaşlarında 514 min 200 kişi olduğu halda, Ermənistanda bu rəqəm 127 min 700 olmaqla, 4 dəfə azdır. Yaxud 18-54 yaş qrupu üzrə bu göstəricilər Azərbaycanda 2 milyon 770 min 400 nəfər, Ermənistanda 717 min 500 nəfərdir və fərq göz qabağındadır: Azərbaycanın bu istiqamətdə də düşməndən 4 dəfə olmaqla 2 milyon 53 nəfər üstün olduğunu görürük.

Sosial ödənişlər sahəsində də Ermənistan nəinki Azərbaycanla müqayisədə xeyli geridədir, hətta MDB ölkələri üzrə sıralamada son yerlərdə qərarlaşıb.

Belə ki, Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi (PPP) üzrə MDB ölkələri və Gürcüstan üzrə sıralamada 1-ci yerdə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksinə görə 2-ci yerdədir. Ermənistan isə bu sıralamalar üzrə son yerləri - müvafiq olaraq 10-cü və 9-cu yerləri tutur. Ümumilikdə Azərbaycanda minimum pensiya Ermənistanla müqayisədə 2 dəfə yüksəkdir.

Əlilliyi olanlara, sağlamlıq imkanları məhdud uşaqlara verilən müavinətin məbləği də Ermənistanda Azərbaycanda olduğundan 2,5-4 dəfə aşağıdır və orada 1-ci dərəcə əlilliyi olan şəxsə, sağlamlıq imkanları məhdud uşaqlara quluq edənlərə heç bir ödəniş də edilmir.

Düşmən ölkənin əmək bazarında da süstlük hökm sürür. Ermənistanda işsizlik səviyyəsi 20, yoxsulluq səviyyəsi 30 faizdən yüksək olduğu halda, Azərbaycanda bu rəqəmlər müvafiq olaraq 6,9 və 5 faiz təşkil edir. Həmçinin Ermənistanda hər il məşğulluq proqramları müəyyən olunsa da, maliyyə çatışmazlığı ucbatından onlar cəmi 25 faizədək icra oluna bilir.

Son illərdə Ermənistanda sosial ödənişlərdə nəinki artım olmayıb, hətta bu ödənişlərin ödənilməsində belə çətinliklə üzləşirlər. Azərbaycanda isə təkcə ötən il 4,2 mln. insanı əhatə edən inqilabi sosial paket icra olunub, minimum əməkhaqqı 2 dəfəyə yaxın, minimum pensiya 72,4 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb, yeni təqaüd növləri təsis olunub, sosial təminatın əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib. Son bir ildə ölkəmizdə pensiyanın orta məbləğində 30 faizə yaxın artım özünü göstərib.

Bu ilin 10 ayında Azərbaycanda pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 22,9% və ya 890,9 milyon manat çox olmaqla 4 milyard 784 milyon manat ödənilib. Yəni Azərbaycanda təkcə sosial sahənin bir istiqaməti - pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə ödənilən 4 milyard 784 milyon manatlıq vəsait demək olar ki, elə Ermənistanın ümumi dövlət büdcəsinə bərabərdir.

Bu da Azərbaycanın Ermənistanla müqayisədə nə qədər üstün iqtisadi qüdrətə malik olduğunu göstərir.

Öz vətəndaşlarını işğalçılıq siyasəti naminə özgə torpaqlarında qırğına göndərən Ermənistan həlak olan döyüşçülərinin ailələrinin sonrakı taleyinə tam biganə münasibət göstərir. Ermənistan hökuməti həlak olan döyüşçülərin ailə üzvləri üçün təqaüd, mənzil, müharibə əlillərinin avtomobillə təminatı və s. kimi proqramlar nəzərdə tutmayıb.

Həlak olan hərbçilərin ailələri üçün birdəfəlik ödəmələri isə Ermənistan dövləti onsuz da zəif olan büdcəsinə yük düşməməsi üçün işləyən əhalinin gəlirlərindən çıxarır, məşğul şəxslər bunun üçün yaradılmış fonda əlavə sığorta haqları ödəməyə məcbur edilirlər.

Azərbaycanda isə dövlət Vətən naminə şəhid olmuş qəhrəman hərbçilərinin ailələrini, müharibə əlillərini sosial müavinət və pensiya ilə bərabər, Prezidentin aylıq təqaüdləri ilə təmin edir, şəhid ailələri və müharibə əlilləri üçün mənzillə təminat proqramları icra olunur. İndiyədək 8300 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib. Həmçinin ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6914 minik avtomobili ilə təminatı həyata keçirilib. Şəhid ailəsi üzvlərinin əmək pensiyasına əlavə hesablanır, şəhid ailələrinin övladları, müharibə əlilləri və onların övladları ödənişli əsaslarla təhsil aldıqda, təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Ölkənin qanunvericiliyində şəhid ailəsi üzvləri, müharibə əlilləri üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb.

Bütün qeyd edilənlər Ermənistanın sosial mənzərəsinin acınacaqlı durumunu və işğalçı ölkənin sosial sahədə də uçurumda olduğunu göstərir.

Dİgər xəbərlər