1119
writer1

Günel Mövlud

Məqalə sayı

27
18:30 10 Fevral 2010

Soyunmağın fəxri

İki gün əvvəl qəzetdə Sirus müəllimin, qarlar-buzlar arasında çırıl-çıplaq şəkillərini görən kimi anladım: bizim ağzıgöyçək qələm adamları, köşə yazarları bu məsələni başlı-başına buraxmayacaqlar. Az qaldım əlimi qaldırıb, hamısına tərəf bağırım: “Durun!!! Onu bana bırakın!”

Həə, Okan Bayülgen demişkən, ölkə bayaa əyləncəli olmağa başladı. Sirus bəyin belə intim pozlarını yakalayan jurnalisti ürəkdən təbrik eləyirəm. Dünya çapında məşhur fotoqraflar belə, son illərdə belənçik uğurlar əldə edə bilməmişdilər. Nədən ki, artıq xeyli zamandır, çılpaq, 90-60-90 ölçülü fotomodellər, manekenlər, müğənnilər hamını ürəyini vurub, gözlərini döyənək eləyib. Hətta mentalitet barədə danışanda ağzına çullu dovşan sığışmayan insanların ölkəsi Azərbaycanda da daha çılpaq qadın şəkilləri heç kimi təəccübləndirmir.

Amma çılpaq siyasətçi...bax, bu artıq olduqca ciddi məsələdir! Xüsusilə biz qadınlar üçün. Özünüz fikirləşin, Sirus müəllimə qədər bu ölkədə siyasətçini çılpaq görmək üçün kişiləri bilmirəm, qadınların ikicə şansı vardı: ya yuxuda görə bilərdik, ya da, üzüm ayağınızın altına...üz vurmayın, yazan deyiləm, onsuz da bilirsiniz harda və necə. Bizsə Tomris, Həcər, Nigar kimi qeyrətli nənələrin nəvələri olduğumuz üçün nə birinci, nə də ikinci variantı ağlımıza belə gətirmərik. Amma kor-kor, gör-gör, ağlımıza gəlməyən başımıza gəldi.

Sözüm onda yox. Sirus müəllimin qarda çırıl-çılpaq şəkillər çəkdirməyi, iki kəlmədən bir “qoy cavanlarımız görsünlər, qoy cavanlarımız görsünlər” kimi ikibaşlı mesajlar ötürməyi (kim qarantiya verə bilər ki, Sirus müəllim “cavanlar” deyərkən, cavan qızları nəzərdə tutmur) başbilənlər tərəfindən birmənalı qarşılanmadı. Ay nə bilim, soyunmaqda məqsəd mandat almaq istəməkmiş, ay nə bilim, nəymiş...

Allah xatirinə, bu nə münasibətdi?! 68 yaşlı qocanın qışın bu daş çatladan soyuğunda lütlənməyi, buzda çimməyi kimi təqdirə və tərifə və təqibə layiq hərəkətləri qalıb bir tərəfdə, bunların düşündüyünə bax. Hər adamın hünəri deyil e, qarşısındakı cavan, paltolu-papaqlı jurnalist əsə-əsə diktofonunu dirədiyi halda, yarıçılpaq dayanıb, dik-dik danışa. Lütlənməyinin etik-estetik kontekstinə gəlincə, atam-qardaşım olsun, Sirus müəllimin bədəni yaşına görə çox formadadır, buna da ağız büzmək çox axmaq hərəkət olar.

Yenə sözüm onda yox. Hətta Sirus müəllimin çılpaq vəziyyətdə və müxtəlif pozlarda verdiyi müsahibə ilə də işim yox. Sadəcə, müsahibənin sonunda Sirus müəllimin dediyi bir yetim cümlə bir az məni qurdaladı: “Əsas odu ki, mən dediyimi elədim...”

Eh, ay Sirus müəllim. İnsanın dediyini yerinə yetirməyi ilə bağlı fəxr hiss keçirməyi çox yaxşı şeydi. Amma bu fəxr, məsələn, qarda lütlənmək çapındadırsa, elə də üzağardan fəxr deyil. Belə fəxri normal qonorar qarşılığında qarda, barda və ümumiyyətlə, harda gəldi soyunan fotomodel də eləyə bilər. Qarda soyunmaq çapında dediyini eləməyə nə var ki?

Əsas odu ki, adam konqres salonlarında, konfrans zallarında yüksək kürsülərdən dediyini eləsin. Bununla fəxr eləyə bilərsiniz?