45
writer1

Tural Rüstəmli

Məqalə sayı : 1

12:20 31 Oktyabr 2020

Virtual kimlik və boykot mədəniyyəti

 

Insan həyat boyu bir neçə kimliyə sahib olur. Yaş artdıqca, dünyagörüşü dəyişdikcə kimliyi də zamanla dəyişməyə başlayır və cəmiyyətdə yerini də bu anlayış təyin edir.

Təxminən 20-30 yaşların arasında artıq tam olaraq formalaşmış şəxsiyyət yaranır. Çox böyük bir hadisə olmadıqca da insan dəyişmir... Ən azından daxilən.

Real dünyada kimlik yaradan faktorlar – dost, tanış, oxunan kitablar, böyüdüyün yer, sahib olduğun dini və ya siyasi kimlik – hardasa sabit və dəyişməz anlayışdır. Ən azından bunları istədiyin kimi tənzimləmək, silib başdan yazmaq mümkün deyil. İstisna durumları çıxsaq, əvvəldən nə gəlibsə, axıra qədər də o cür gedir.

Son illərdə bizə kimlik qazandıran əsas faktorlardan biri və bəlkə də ən təhlükəlisi sosial mediadır. Burada yaratdığınız kimliyin real həyatla əlaqəsi olmağına ehtiyac yoxdur. Siz facebook-da özünüzü çox kitab oxuyan, vicdanlı, vergisini vaxtında ödəyən, nüvə fizikasından anlayıb şərh verən biri kimi təqdim edə bilər, hətta sizi ciddi fiqur kimi qəbul edən minlərlə insanı qısa zamanda ətrafınıza toplaya bilərsiniz.

Sosial media artıq hər kəs tərəfindən qəbul olunmağı baxımından bizim ikinci şəxsiyyət vəsiqəmizdir. İstər iş, istərsə də şəxsi həyat üçün ən vacib amillərdən biri, bəlkə də birincisidir. Dövlətin verdiyi vəsiqənin istifadə qaydası, mədəniyyəti olduğu kimi, sosial mediada davranışın da özünəməxsus istifadə mədəniyyəti, yaxud qaydası olmalıdır.

Qaydanın olmadığı bir məkanda xaos hakimdir və bu xaosda heçkəs özünü, yaxud fikirlərini düzgün ifadə edə bilməz.

Cəmiyyətdə fikir ayrılığı normaldır. Məsələ fikirlərin fərqli olmasında deyil, fərqli fikri ifadə etmə tərzində, yaxud bizə uyğun olmayan fikri tənqid etmə mədəniyyətindədir. Son günlərdə yaranan durumdan misal gətirsək, hansısa bir avtomobil markasını sosial şəbəkədə boykot etmək, yaxud fast food markasının restoranı önündə durub gələnlərə  boykot çağırışını çatdırmaq çox normal davranışdır. Əminəm ki, bu vəziyyət Avropa ölkəsində olsa, ağızdolusu danışıb, “Avropa fərqlidi də...” deyəcəkdik. Ancaq bunun əvəzinə real dünyada özünü sübut edə bilməmiş kimsələr, sosial mediadaki kimliklərindən də güc alaraq, “boykot mədəniyyətini” daşlamağa, “boykot elə olmur, get maşınını yandır” tipli absurd fikirlər səsləndirməyə başladılar.

Bu insanlar üçün həyatda ağ və qaradan savayı rəng yoxdur. Ən bəsit halda, tənqid mədəniyyətindən xəbərsiz olan bu adamlar çöldə tum çırtlayıb yerə atan, saqqızı ora- bura yapışdıran, ictimai nəqliyyatda yüksək səslə danışıb insanları narahat edənlərlə eyni göstəricilərə malikdir. Hətta deyərdim, mədəniyyətsizliyi nümayişkaranə edənlər daha səmimidir, ən azından kim olduğunu gizlətmir.

Görünür, bizim sosial mediadan alacağımız dərslər sırasında ilk yeri mədəniyyət tutur. Boykot da bir mədəniyyətdir...