Susay-Xınalıq avtomobil yolunda tikinti işləri davam etdirilir
28 oktyabr 2020 10:41 (UTC +04:00)

Susay-Xınalıq avtomobil yolunda tikinti işləri davam etdirilir

Təbii amillərin təsiri, eləcə də qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan, 2007-ci ildə istifadəyə verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez uzunmüddətli bağlanmasına səbəb olub. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından 24 km uzunluğunda Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranmışdı.

Əhalinin rahat gediş-gəlişinin təmin edilməsinin və turizmin inkişafının vacibliyi nəzərə alınaraq dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti işləri artıq sonuncu mərhələ üzrə 30 km uzunluğa malik Susay-Xınalıq hissəsində, həmçinin sözügedən yoldan 4.8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolda davam etdirilir.

Layihə üzrə tikinti işləri IV texniki dərəcəyə uyğun aparılır. Belə ki, Susay-Xınalıq marşrutu üzrə yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı qruntla əks-dolğu aparılaraq kipləşdirmə işləri görülür və yeni yol yatağı inşa edilir. Yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilir, çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün isə dağların partladılması üsulu ilə yol yatağı inşa edilir. 

Bundan sonra yol profilə salınır, yol əsası inşa edilir. Əsasın tikintisi üçün isə lazımi qalınlıqda optimal qırmadaş və qum-çınqıl qarışığından istifadə olunur. Yol əsası hazır olan hissələrə isə yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir, sel sularını və yığılmış yağış sularının yol yatağından kənarlaşdırılması üçün müxtəlif diametrlərə malik 19 dairəvi suötürücü dəmir-beton boruların, 1 düzbucaqlı su keçidinin tikintisi aparılır. 

Qeyd edək ki, hazırda tikinti işləri dəniz səviyyəsindən 1500-2500 m hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır.

Layihə çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edəcək. 

Xatırladaq ki, bundan öncə tikinti işləri respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu km-dən ayrılan Alpan-Kürkün-Susay istiqamətində aparılaraq yekunlaşdırılıb. Quba-Susay-Xınalıq avtomobil yolunun sözügedən hissəsinin uzunluğu 24 km təşkil edir.

Bundan başqa Alpan-Kürkün-Susay avtomobil yolunda 2 körpü də inşa edilib. Körpülər 2 aşırımlı olmaqla 61 və 66 metr uzunluğundadır.

Ümumi uzunluğu 58.8 km təşkil edəcək yeni avtomobil yolunun tikintisi bu ərazidə 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşımasının xeyli yaxşılaşmasına imkan verəcək. Bundan başqa yolun tikintisi mövcud turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.

 

 

# 823
avatar

Aygün İbrahimli

Oxşar yazılar