64
writer1

Royal Qulusoy

Məqalə sayı : 1

21:16 24 Oktyabr 2020

Savaş zebri

 

Müharibə aparmaq asan iş deyil. Həyatın hər sahəsində olduğu kimi bunda da ağ-qara zolaqlar olmalıdır; bəzən növbəli, bəzən birgə. Ağ zolaqda olanda sevinmək təbiətin diktəsidir, asan işdir, bu heç. Əsas odur ki, qara zolağa çatanda bədbinliyə qapılıb bunu ətrafdakılara, dolayısı ilə döyüşdəkilərə çatdırmayasan və haqq işinə fokuslanmağı unutmayasan. Dəstələrimizin pusqulara düşməsi, Hadrutun yenidən işğalı üçün erməni xüsusi təyinatlılarının əks hücumu, Xankəndinə Vaqner dəstəsinin göndərilmə şayiəsi, Ermənistana İran ərazisindən silah-sursat daşınması, mülki əhalimizin raketlə öldürülməsinə dünya ictimaiyyətinin seyrçiliyi və s. bu müharibənin qara zolaqları idi. Bunların çoxunda ordunun yüksək səviyyədə döyüş hazırlığı imkan verdi ki, bədbinlikdən yaxa qurtaraq.

 

Lentadan belə görünür ki, indi yenə yüksək rütbəli zabitlərimizin, gənc əsgərlərin ölüm xəbəri ilə sınanırıq. Bu dəfə də arxa cəbhə öndəkilərə kömək etməlidir. Bizə düşən Azərbaycan ordusunun tanımadığımız neçə-neçə qəhrəman zabit və əsgərlərdən ibarət olduğunu unutmadan işimizə davam etməkdir. Məlum qəhrəmanlarımızın ölümünü qarşı tərəf necə bildi? Ölüm xəbərini paylaşdıq, ona görə. Bunu kədərlə paylaşmağımız qarşı tərəfə ruh yüksəkliyi verdimi? Artıqlaması ilə! Bax, işimizə davam etməyin bir parçası həm də bəzi şeyləri etməməkdir: qeyri-rəsmi xəbər paylaşmaq, həvəsdən düşmək, yardımları səngitmək və s. İşğalçıların xirtdəyini sıxmaq üzrə ikən, əməliyyat üstünlüyünə malik olduğumuz belə bir həlledici vaxtda ruhdan düşə bilmərik. Troyanın alınması "Troya atı"nın şəhər içinə gətirilməsi ilə deyil, Hektor kimi sərkərdələrini itirən həmşəhərlilərinin üzüntüsündən başlamışdı. Bu savaşın uduzan Troyası isə biz deyilik. Yenə canlı itki verə, harada isə mövqe itirə, daha betər ikili standartlarla üzləşə bilərik, amma hədəfdən yayınmamalıyıq. Bu ağlı-qaralı zebranı keçib daha uzun yola davam eləmək üçün səbirli olmalıyıq. Qələbə bizim olmalıdır!

 

P.S. Bunları oxuyanda, yəqin, kimlərin isə ürəyində "Bəs, o qədər itki vermişik, necə üzülməyək?" kimi suallar olacaq. Bu tipli sualların ən yaxşı cavabını Barbaros abi verir: "Xatırlayacağıq, təəssüflənəcəyik, amma indi deyil..."

 

Royal Qulusoy