Prezident: “Türkiyə bizim üçün qardaş ölkədir, ən yaxın müttəfiqimiz və dostumuzdur”
22 oktyabr 2020 14:48 (UTC +04:00)

Prezident: “Türkiyə bizim üçün qardaş ölkədir, ən yaxın müttəfiqimiz və dostumuzdur”

“Bu, sözsüz ki, Türkiyənin siyasi gündəliyindən asılıdır. Mən Türkiyənin adından danışa bilmərəm. Demək istədiyim odur ki, əlbəttə, biz Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək veririk. Faktiki olaraq, bu iştirak açıq-aşkardır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibədə “Siz Türkiyənin Qafqazdakı məsələlərlə bağlı daha çox söz sahibi və bu danışıqlar prosesində daha fəal olmağını istəyirsinizmi” sualına cavabında deyib.

Azərbaycan Prezidenti bildirib ki, Türkiyə indi təkcə bizim regionumuzda deyil, Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır: “Bu, reallıqdır və bu, bizim üçün çox yaxşı reallıqdır. Çünki Türkiyə bizim üçün qardaş ölkədir, ən yaxın müttəfiqimiz və dostumuzdur. Əlbəttə ki, Türkiyə de-fakto, həm də Minsk qrupunun üzvü olaraq hüquqi baxımdan artıq cəlb olunub. Mən bir dəfə müsahibələrimdən birində demişdim ki, Türkiyə hətta həmsədr də ola bilərdi. Əgər biz həmsədrləri bu gün seçsəydik, Azərbaycan sözsüz ki, Türkiyənin namizədliyini dəstəkləyərdi və əminəm, Türkiyə həmsədr olmaqda israr edərdi. Əfsuslar olsun ki, 1992-ci ildə bu, baş vermədi. Beləliklə, bu, hüquqi tərəfdir. Praktiki tərəfdən, bildiyiniz kimi, Türkiyə və Rusiyanın prezidentləri, Xarici İşlər nazirləri, Müdafiə nazirləri görüşüblər, söhbət aparıblar, bu məsələni müzakirə ediblər. Ona görə də, Ermənistanın dediyi kimi, əgər kimsə deyirsə ki, Türkiyə orada olmamalıdır, bu, Ermənistanın işi deyil, Türkiyə artıq oradadır və cəlb olunmalıdır, çünki o, sabitlik gətirəcək. Həmçinin düşünürəm ki, Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Başqa heç bir ölkənin onların hər üçü ilə sərhədi yoxdur. Əlbəttə ki, Türkiyə fəal şəkildə cəlb olunmalıdır, Türkiyə cəlb olunub və biz bunu möhkəm dəstəkləyirik”.

# 910
avatar

Oxşar yazılar