28
11:08
22 Oktyabr 2020

"Azərbaycan ordusu beynəlxalq hüququ, ədaləti əməldə təmin edir" - AKTUAL ŞƏRH

“Müasir dünyamızda beynəlxalq münasibətlər sistemində təəssüf ki, hələ də beynəlxalq hüququn işlək mexanizmə sahib olmadığını görürük”.

Bu sözləri Lent.az -a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. O bildirib ki, illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi də bu işləməyən mexanizmin və beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrinin implementasiya edilməməsinin acı nəticəsi olub:

“BMT Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun, Horadiz şəhərinin işğalı pislənilir və işğalçı qoşunların həmin ərazilərdən, eləcə də ATƏT-in Minsk Qrupunun iclasında razılaşdırılmış “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələrini icra etmək üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilir.

Təəssüf ki, Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il ərzində kağız üzərində qaldığını gördük. Ermənistan beynəlxalq hüququ və TŞ qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxartdı, əksinə işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutdu. Bu azmış kimi təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri başda olmaqla, BMT, beynəlxalq birlik və dünya ictimaiyyəti tərəfindən işğalçı Ermənistana heç bir təzyiq göstərilmədi. Dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan illərdi lazımi təzyiq almayan və beləliklə də cəzasızlıq sindromu yaşayan işğalçı və terroru dövlət siyasəti həddinə gətirən Ermənistan daha da azğınlaşır, qudurur, özünü beynəlxalq hüquqdan xəbərsiz aparırdı.

Buna baxmayaraq, öz prinsipial mövqeyindən və siyasi iradəsindən dönməyən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistana sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulamışdı. Ən paradoksal məqam odur ki, Təhlükəsizlik Şurasının qətnamələri son vaxtlar tamamilə BMT-nin və həmsədr ölkələrin yadından çıxıb. Müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qətnamələrə istinad etdikləri halda onlar həmin sənədlərə toxunmur. Başqa sözlə desək, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən BMT-dən başqa hamı danışır”.

Politoloq qeyd edib ki, 27 ildən sonra Azərbaycan ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl və Zəngilanı işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi:

“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün tarixi ədaləti bərpa edərək Dağlıq Qarabağı işğal tapdağından azad etmək yolunda istər səngərin, istər siyasi arenanın, istərsə də informasiya müharibəsinin Ali Baş Komandanı olmaqla bütün dünyaya tarixi və hüquqi ədaləti bərpa etdiyini sübut edir. Çünki Prezident İlham Əliyev bir daha sözünün imzası qədər əhəmiyyətli olduğunu, ədalət deyilən məfhumun varlığını əyani olaraq bütün dünyaya göstərir. Bu gün Azərbaycan ordusu beynəlxalq hüququ, ədaləti əməldə təmin edir. İndiki dövrdə istər döyüş meydanında qələbələr qazanmağımız, istərsə də bu günlər ərzində bütün ölkələrlə siyasi danışıqlarda haqlı mövqeyimizi çatdıra bilməyimiz Prezident İlham Əliyevin siyasi xadim kimi müdrik fəaliyyəti, ötən dövr ərzində Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsi, xalqın ona inamının nəticəsidir. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Prezident İlham Əliyevi ən əziz, ən doğma insanı bilir, hər gün xalqa etdiyi müraciətlə onu evlərinin, ocaqlarının ən arzu olunan insanı kimi səbirsizliklə gözləyir”.

Dİgər xəbərlər