52
writer1

Ramilə Qurbanlı

Məqalə sayı : 648

13:38 20 Oktyabr 2020

Qalib əsgər çəkmələri… 

Son illər işğal günlərində sızıltılı yazılar yazmırdım. 20 ildən artıq yazmışdım belə yazılar, içimdəki yara yazdırmışdı, qan ağlayan qəlbdən süzülüb tökülmüşdü kompüterin klaviaturasına. Son illər içimdən bir üsyan qalxırdı, deyirdi ki, yazma daha belə yazılar. Yazmaq istəsəm də yaza bilməyəcəkdim, hiss edirdim, yazmaq da istəmirdim. 
Elə bil düşdüyümüz vəziyyətə, qədərə üsyan idi bu yazmaq istəməməyim. Xüsusən 2016-cı ilin aprel döyüşlərindən sonra Lələtəpəni ziyarət edib, qayıdıb “Lələtəpə əfsanəsi” adlı yazı yazandan sonra…
Sonluğu o qədər ümidlə və qələbə ovqatı ilə bitirmişdim ki, o ovqatdan əvvəlki məğlubiyyət sindromundan gələn yazılara qayıtmaq mümkün deyildi…nə yaxşı ki…
Kainata ovqatımı göndərmişdim o yazıyla, qayıtdı həmin ovqat bumeranq kimi, düz nişangaha döndü. 
Bu gün içimdə müxtəlif  hisslər bir-birini elə əvəz edir ki, yazmaq istəyim qalib gəldi, amma nə yazdığımı, necə yazdığımı bilmirəm. İçimdən keçənləri, demək istədiklərimi yazıya çevirmək bu qədər çətin olmamışdı… 
Oktyabrın 3-ü Arazkənarı kəndlərimizdən bir neçəsi, içində mənim kəndim Aşağı Maralyan olmaqla, işğalçılardan təmizləndi. 1993-cü il oktyabrın 25-də Zəngilan rayonu ilə birlikdə Araza tökülmüşdü bizim camaat. O günləri bu gün xatırlamaq istəmirəm. Daha bir ömür boyu xatırlamamaq üçün “Müharibə miniatürləri” adlı kitab yazmışam ki, gələcək nəsillər bilsin o tarixi, bir daha təkrarlanmaması üçün nəsilbənəsil bilməyimiz şərtdir.  
1993-cü il avqustun 23-də işğal edilən Cəbrayılım oktyabrın 4-də ordumuzun gücü, Ali Baş Komandanın iradəsi ilə işğalçılardan təmizləndi. Bu ayda dünyaya gəlsəm də oktyabrı bu il sevdim, 2020-ci ilin oktyabrı tarix  kitablarımızda şərəflə yazılacaq. Prezidentimizi Fateh edəcək bu ay, hələ qarşıda Şuşa qalamız var…
Kəndimizdə daş daş üstündə qalmayıb, rayon mərkəzini darmadağın ediblər ermənilər. Erməni vandalları deməyəcəm, kim necə anlayırsa, öz işidir, mənim üçün dinc erməni kəlməsi yoxdur, erməni vandalları da yoxdur, erməni var - bu söz qalanlarını özündə ehtiva edir. Bax belə, insanı insanlıqdan çıxardır müharibə, düşmənə nifrət hədsiz olur… Düşmən barışmağa üz qoymadı… Mən onları bağışlamayacam, barışmayacam, birgə yaşamayacam onlarla. Erməniyə qarşı tolerant ola bilməyəcəm, gərək bağışlayasınız məni, “dünya birliyi”, “sülhsevər bəşəriyyət”.  Bir zəhmət, rədd olsunlar torpaqlarımızdan!  
Bütün gəncliyim yurd, doğma ocaq həsrəti ilə keçdi, ayağım yerə oturmadı, havada qaldım, özümü yarımçıq, kal hiss etdim. Yaşamayan duya bilməz ki, doğulduğun torpaqlara gedə bilməmək, ordan enerji almadan yaşamaq nə deməkdir, yaşamaq deyil, sadəcə varsan, yox kimi.  
Bu gün güclüyəm, qüdrətliyəm, sevincliyəm, ayaqlarımı torpaqda, oranın enerjisini qollarımda, ayaqlarımda, ruhumda hiss edirəm, hələ ayaqlarım o yerlərə dəymədən bunu hiss edirəm. 
Yaşlı valideynlərim zülmlə burda qurduqları ev-eşiyi düşünmədən yenidən orda qurmağa hazırlaşırlar, xəyalən qururlar. Atam kombinin yerini planlayır, həyətə bulağı hansı tərəfdən çəkib gətirəcəyini düşünür. Heç vaxt ümidini itirmədi… İndi bircə nisgili burda dəfn etdiyi oğludur…
Xudafərində Azərbaycan bayrağı dalğalandı. Azərbaycanın qürur simvolu, Xuda, yaradanına afərin deyilən Xudafərinin. Əsirlərlə ayrılıq nisgilimiz, simvolumuz, bir gün birləşdirəcəyinə ümid etdiyimiz Xudafərinə həsrətə son qoyan bayrağımız sancıldı. Bir gün o bayraq o körpünün hər tərəfində dalğalanacağına ümidimiz bir az da artdı…
Təşəkkür, Ali Baş Komandan! Yurdumun hər qarışına dəyən çəkmələrinə qurban olum, Azərbaycan əsgəri! Hər zaman qalib ol!