66
writer1

Məhbubə Qasımbəyli

Məqalə sayı : 3

18:25 19 Oktyabr 2020

Bayrağın mübarək, Xudafərin! 

Xudafərin körpülərini ilk dəfə görəndə məktəbli idim. Məktəbdən ekskursiyaya aparmışdılar körpülərə.

Kitablarda haqqında oxuduğumuz, TV-də gördüyümüz, qədim, bütöv Azərbaycanın simvoluna- biri tam, biri sınıq körpüyə heyrətlə baxıb, qurulma tarixini xatırlamışdıq. Sakitcə axan Araza, tikanlı sərhəd məftillərinə, sərhədin o tayından, Diridağın ətəyindəki yoldan keçən maşınlara həsrətlə tamaşa etmişdik. Onda Azərbaycan müstəqil deyildi, sərhəddə sovet, rus əsgərləri dayanmışdı. Qorxa-qorxa körpüyə daha yaxın getmək istəmişdik. O taydakı yolda şütüyən maşınlarda keçənlərin bziə əl etməsi də möcüzə kimi görünürdü. Bundan sevincək olan uşaqlar əsgərlərdən çəkinə-çəkinə onlara əl elədi. Körpülərin yaxınlığından keçən dəmir yolunun lap qırağında dayanıb tamaşa edirdik, qəflətən dağların arasındakı tunelə bənzər yerdən sürətlə çıxan qatarın fitinə diksindik. Sinif yoldaşlarımdan biri tez əlindəki qəpiyi relsin üstünə atdı. Qatar keçəndə qəpiyi vurub kənara tulladı, əzib yastılamışdı. Onu Xudafərin ziyarətindən yadigar saxlamışdılar. O günün təəssüratı çox böyük idi bizim üçün, qədim Xudafərinin, Arazın, Diridağın çox qəribə aurası, mistikası vardı. 

Ora getdiyimiz tarixi partaların üstünə cızıb həkk edənlər də olmuşdu.

O vaxtdan sonra bir də Xudafərini görmədim. Sinif yoldaşlarımla bir də ora getmək arzusu elə arzu olaraq qaldı. İllər keçdi sonra “həsrət körpüsü”nə həsrət qaldığımız tarix başladı. Arazı isə Cəbrayıldan çıxdığım sonuncu gün uzaqdan gördüm.

Sonralar Xudafərinin nə vaxtsa çəkilən görüntülərini TV-də görməyə alışdıq. Ən çox Cəbrayılın işğalı günlərində. Qəzetlərdə ağ-qara fotolarda çox miskin görünürdü. Rəngli fotolar, fotoşoplar çıxdı, Xudafərinin də yeni-yeni fotoları ərsəyə gəldi.

Körpüləri ən son görən, hərbi xidmətinin bir aya yaxın hissəsini -1993-cü ilin noyabrında Xudafərində keçən, körpülərin işğalını görən həmkarım, iş yoldaşım Nurşən Quliyevlə çox xatırladıq bu qədim körpüləri. İşdə məqamı düşən kimi Xudafərindən, işğal günündən, körpünün lap yaxınlığındakı Xudafərin kəndindən, oranın zəngin kitabxanasından çox danışmışıq. Sonra bu xatirələrini qələmə aldı, körpülərin acınacaqlı işğal tarixindən yazdı.

Smartfonlar çıxandan bəri Xudafərini İrana, oradan keçib Naxçıvana gedən həmyerlilərimizin, həmvətənlərimizin lentə aldıqları videolardan seyr etdik. Xeyli əvvəl ordan keçən həmkarım Cavid Cabbaroğlu da Xudafərini çəkmişdi. Yoldan zəng edib “Cəbrayılı, Xudafərini gördüm, çəkdim” deyəndə onun yerində olmağı çox arzulamışdım.

Son illərdə Xudafərini canlı görənlər çoxaldı. Çəkdiklərinin demək olar ki, hamısını izləmişəm sosial şəbəkədə. Cəbrayıl haqda nəsə axtaranda qarşıma birinci bu videolar çıxardı. Onlarla, yüzlərlə kadr var. Ordan keçən hər kəs çəkib, hər kəs düşüb ziyarət edib, Vətənin bir parçasına, Cəbrayılın viran qoyulan kəndlərinə baxıb. Bəlkə də bu görüşdə bir anlıq vətənsizliyi unudub özünü xoşbəxt sananlar da olub.

O kadrlardan üçü daha çox yadımda qalıb, çünki daha sarsıdıcı idi.

Birində kişi yana-yana, göz yaşlarına boğularaq körpünün yanından Azərbaycan xalqına çağırış edirdi: “Bura Xudafərindi, bura Cəbrayıldı, ay azərbaycanlılar, nəyi gözləyirik? Nə qədər dözəcəyik...”

Birində Xudafərinin düz yanında qayalardan enib Arazın bulanıq suyunu ovcuna yığıb qoxulayan, ağlaya-ağlaya içən bir qadın vardı. Ona “Solmaz, bəsdir, gəl gedək, bizi vurarlar”, deyən kişiyə fikir verməyib ordan aralanmırdı.

Birində İrana müalicəyə gedən xəstə ağbirçək vardı- yolda maşından düşüb ağlaya-ağlaya “Bura mənim vətənimdi, getmirəm, elə burda ölərəm”, deyirdi.

O görüntülərə qələbə xəbərlərindən bir az əvvələ qədər tez-tez baxırdım. Bu yaxında, bu tezlikdə adamı sarsıdan, ruhunu ağrıdan o kadrları belə xatırlayacağım ağlıma gəlməzdi. İnanmazdım ki, onlar sanki nağıla, yuxuya dönəcək. Oktyabrın 18-də yayılan kadrlara-azad Xudafərinə, Ali Baş Komandana raport verən məğrur, qalib görkəmli Azərbaycan əsgərlərinə baxıb, onun əzəmətli səsini təkrar-təkrar dinləyirik. Yuxu olmadığına inanmaq üçün. Bu, yuxu deyil, reallıqdı, bunun adı qələbədir, deyirik. Azərbaycanın tarixi simvollarından biri, əsrlər, tarixlər yola salan Xudafərin indi qələbəyə şahidlik edir. Üzərindəki Azərbaycan bayrağı ilə daha qocaman, daha müdrik görünür. 

Bayrağın mübarək, Xudafərin!