Kanada azərbaycanlılarından Gəncədə baş verən terrora etiraz - FOTO
19 oktyabr 2020 12:45 (UTC +04:00)

Kanada azərbaycanlılarından Gəncədə baş verən terrora etiraz - FOTO

Oktyabrın 18-də Kanadanın Toronto şəhərində soydaşlarımız ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Azərbaycanın mübarizəsini dəstəkləyən həmrəylik yürüşü keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, Kanada Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə keçirilən sülh marşı Kollec/Karlton küçələrinin kəsişməsindən başlayaraq Natan Filips meydanına qədər davam edən mitinqlə başa çatıb. Aksiya iştirakçıları Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində mülki vətəndaşların, o cümlədən qadınların və azyaşlıların həlak olmasına etiraz olaraq “City Hall”un qarşısında təşkil olunmuş guşəyə gül və oyuncaqlar qoyublar.

Soydaşlarımız bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərində, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcəbədi və digər rayonlarında yerləşən yaşayış məntəqələrini və mülki obyektləri dəfələrlə ağır artilleriya atəşinə tutması, mülki əhalini hədəfə alması Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasət aparmasının sübutudur. Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə, torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığı mübarizəni dəstəkləməyə, mülki vətəndaşlara qarşı törədilən terrora biganə qalmamağa səsləyiblər.

Aksiyanın sonunda Kanada azərbaycanlılarının maşın karvanı Azərbaycan bayrağının rənglərinə bürünmüş Niaqara şəlaləsinə doğru yola düşüb.

Aksiyada müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu oktyabrın 11-i və oktyabrın 17-də gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində onlarla insan həlak olub, dinc sakinlər ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.

# 787
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar