19:03
07 Oktyabr 2020

“Bizim sözümüz imzamız qədər keçərlidir” - Prezident

“Əslində, mənim ona sözüm yoxdur. Çünki mən onunla dəfələrlə görüşmüşdüm. İki il bundan əvvəl o, hakimiyyətə gələndən sonra bizim ilk təmaslarımızda hesab edirəm ki, aramızda çox yaxşı söhbət olmuşdu. Mənim də ümidlərim var idi ki, o, yeni baş nazir kimi Ermənistanın işğalçılıq siyasətinə düzəlişlər, dəyişikliklər edəcək, anlayacaqdır ki, bu münaqişə həll olunmasa bölgəyə sülh gəlməyəcək, çevriliş zamanı hakimiyyətə gəlmiş, böyük vədlər vermiş bir insan kimi o vədləri tuta bilməyəcək, yerinə yetirə bilməyəcək”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibəsində “Hazırda qarşınızda mənim yerimə Ermənistanın baş naziri Paşinyan olsaydı, ona nə söyləyərdiniz” sualına cavabında deyib.

“Çünki əgər Azərbaycan ilə Ermənistanın əlaqələri normallaşmasa, Ermənistanın iqtisadi inkişafından danışmağa dəyməz. Ümid edirdim ki, o, bunu anlayır və Ermənistandan gələn ilk mesajlar çox müsbət idi. Biz də təmkin göstərdik, onların xahişini nəzərə alaraq atəşkəs rejimini möhkəmləndirdik və demək olar ki, son iki il ərzində atəşkəs rejimi möhkəm saxlanılan rejim idi. Bunu Minsk qrupunun həmsədrləri də öz açıqlamalarında qeyd etmişlər. Ancaq sonra nəyi gördük? Onu gördük ki, o, bizi aldatdı. Amma hesab edirəm ki, siyasətdə bu, çox yanlış bir yoldur. Aldatmaq olmaz. Bizim sözümüz imzamız qədər keçərlidir. Ancaq bizə verilən sözlər yalan çıxdı və onun tərəfindən “Qarabağ Ermənistandır və nöqtə” deməsi müzakirələrə faktiki olaraq son qoydu”, - deyə dövlət başçısı qeyd edib.

İlham Əliyevin sözlərinə görə, ondan sonra digər təxribatçı açıqlamalar, o cümlədən Azərbaycan Dağlıq Qarabağla, yəni qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır kimi bəyanatlar verildi: “Bu da danışıqlar formatına vurulan zərbə idi. Təkcə biz yox, Minsk qrupu da bunun əleyhinə çıxmışdır. Sonra iyul ayında Tovuzda hərbi təxribat törətdilər, avqustda təxribat qrupunu göndərdilər və keçən ay artıq genişmiqyaslı hücum həyata keçirdilər. Ona görə mən ona bütün sözlərimi demişdim. Mənim sözüm erməni xalqınadır ki, onlar öz hökumətini məsuliyyətə cəlb etsinlər, onlardan atəşin dayandırılmasını, işğala son qoyulmasını tələb etsinlər, öz övladlarını, öz uşaqlarını müharibəyə göndərməsinlər, Azərbaycana göndərməsinlər. Çünki bu gün qondarma “Dağlıq Qarabağ respublikasının ordusu”nun 90 faizini Ermənistan vətəndaşları təşkil edir. Yəni, “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. Nə üçün Ermənistanda doğulmuş bir insan gəlib Azərbaycan torpaqlarında bizə qarşı vuruşmalıdır? Ona görə mənim sözüm erməni xalqınadır ki, bu gün Azərbaycanda ermənilər rahat yaşayır, bundan sonra da yaşayacaqlar. Onların normal yaşaması üçün Azərbaycan dövləti hər şeyi edir. Ermənistan rəhbərliyinə bir sözüm var ki, siz işğal edilmiş torpaqlardan nə qədər tez çıxsanız, sizin üçün o qədər də yaxşı olacaq”.

Dİgər xəbərlər