11:07
04 Oktyabr 2020

Ramin Quluzadə 50-yə yaxın ölkənin nazirlərinə cəbhə xəttində baş verənlərdən danışdı

Elm və Texnologiya Nazirlərinin 17-ci “Dəyirmi Masa”sı virtual formatda keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd böyük təhlükələrə qarşı birgə mübarizə aparmaq üçün elm, texnologiya və innovasiyaların inkişaf etdirilməsi istiqamətində atılacaq konkret addımlarla bağlı fikir mübadiləsinin aparılması olub.

Dəyirmi masada çox sayda insan tələfatına səbəb olan “COVID-19” qlobal pandemiyası və təbii fəlakətlərin mövcud bilik, təcrübə və məlumatların öncədən müəyyən olunması və qarşısının alınması məsələlərinə xüsusi diqqət ayrılıb. Yaponiya, Avstraliya, Braziliya, Kanada, İsveçrə, Norveç, Rusiya, İran, İspaniya, Argentina, Tayland da daxil olmaqla, ümumilikdə 50-yə yaxın ölkənin nazirləri və nazir müavinlərinin qatıldığı beynəlxalq onlayn tədbirdə əsas etibarilə beynəlxalq tədqiqat və inkişaf üzrə əməkdaşlığın rolu, sosial elmlər və humanizmlə bağlı məsələlər müzakirə olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 50-yə yaxın ölkənin nazirlərinin və rəsmi nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edərək son zamanlar cəbhə xəttində baş verən hadisələr barədə geniş məlumat verib. Nazir bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən 1 milyondan çox azərbaycanlı hələ də qaçqın olaraq qalır.

Ermənistanın son hərbi təxribatları nəticəsində 10-dan çox təhsil ocağı və digər infrastruktur dağıdılaraq zərər görüb. Ramin Quluzadə bu təcavüz nəticəsində həyatını itirən mülki şəxslər arasında bacı-qardaş olmaqla iki şagirdin və 1 yaralı müəllimin olması faktını böyük təəssüflə səsləndirib. Hazırda bölgədə bütün sahələrdə olduğu kimi elm və İKT sahəsində də inkişaf üçün təhlükə yaradan erməni təxribatlarına və təcavüzlərinə cavab olaraq lazımi addımların atıldığını vurğulayıb.

Daha sonra nazir çıxışında koronavirus pandemiyasının dünyada vəziyyəti tamamilə dəyişdiyini və nəticədə yeni reallıqlar meydana çıxardığını bildirərək bu sahədə ölkəmizdə görülən işlər barədə məlumat verib: “Tərəfimizdən pandemiya zamanı görülən tədbirlər nəticəsində vətəndaşlar yüksək keyfiyyətli nəqliyyat, poçt və telekommunikasiya, o cümlədən internet və mobil rabitə xidmətləri ilə artan tələbata uyğun olaraq təmin edildi”.

Nazir əlavə edib ki, pandemiya zamanı təhsil sahəsində distant təhsil texnologiyaları tətbiq olunub: “Bakının bəzi təhsil müəssisələrində istifadəyə verilmiş “Connected Schools” layihəsini həyata keçirdik. Pandemiya zamanı dövlət qurumları və tibb müəssisələri üçün vacib bir vasitə olan video konfrans xidmətlərinin göstərilməsi məqsədilə “Connected Government” reallaşdırıldı”.

Ramin Quluzadə qeyd edib ki, Azərbaycan regionda yüksək məlumat ötürmə qabiliyyətinə malik fiber optik şəbəkənin qurulması üzrə təşəbbüs göstərir.

Dİgər xəbərlər