17:20
22 Sentyabr 2020

Türkiyəli general: “Heç kim Azərbaycanın səbrini və qətiyyətini sınamamalıdır”


“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarına müxtəlif etnik qruplardan olan insanları, o cümlədən də erməniləri gətirməklə bölgənin demoqrafik quruluşunu dəyişdirməyə çalışır. Bu insanlara Ermənistan vətəndaşlığı verilir. Erməni lobbisi onları muzdlulara, terrorçulara çevirir”.

Bunu APA -nın yerli bürosuna açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı sabiq hərbi attaşesi, briqada generalı Yücel Karauz deyib.

O bildirib ki, Ermənistanın müharibə aparmağa gücü yoxdur: “Buna görə də baş nazir Nikol Paşinyan münaqişəni qızışdırmaq, təxribat yaratmaqla hakimiyyətini qorumaq istəyir. Bundan başqa, Dağlıq Qarabağ və ətraf ərazilərdə məskunlaşdırılan insanların bir qismi kürd mənşəli olduğu üçün onlardan döyüşə hazırlıqlı terrorçular yetişdirmək Ermənistan üçün daha əlverişlidir. Məqsəd həm bölgədə demoqrafik vəziyyəti dəyişdirmək, həm də bu muzdlulardan Türkiyəyə və gələcəkdə Azərbaycan qarşı istifadə etməkdir”.

Generalın sözlərinə görə, Ermənistanın bu siyasəti ona heç bir hərbi mənfəət gətirə bilməz: “Vətəni olmayan, məqsədi pul üçün savaşmaq olan bu muzdlular orta və uzun müddətə Ermənistanı hərbi baxımdan gücləndirə bilməz”.

Y. Karauz vurğulayıb ki, Ermənistan hakim güclərin və erməni diasporunun siyasi istəklərinə xidmət etməklə bu addımları atır: “Şübhəsiz ki, Ermənistanın bu növbəti fitnələrindən böyük qardaşları xəbərsiz olmamış deyil. Ermənistan rəhbərliyi bu fəaliyyətləri ilə xaricdən də siyasi dəstək almağa, haqsız və qanunsuz olaraq işğal etdiyi torpaqlarda ömrünü bir müddət də uzatmağa çalışır”.

Generalın fikrincə, Nikol Paşinyanın Ermənistandakı siyasi, hərbi və iqtisadi uğursuzluqlar, habelə pandemiyanın da gətirdiyi ağır yükdən xilas olmaq niyyəti var: “Bundan başqa, imperialist güclər dünyada yeni bir münaqişə ocağını yetişdirərək mənfəət qazanmaq üçün Qafqazda hərbi mövqe qazanmaq istəyirlər. Bu açılan cəbhədə isə həm Türkiyə, həm Azərbaycan, həm də Rusiyanı bir küncə sıxışdırmaq məqsədi güdülür”.

O qeyd edib ki, Azərbaycanın regionda gündən-günə qüdrətinin artması, regional gücə çevrilməsinin qarşısını almaq üçün bu cəhdlər edilir: “Onların hesablamaları Azərbaycanın müharibə mühitinə girməyəcəyi ehtimalına əsaslanır. Ancaq Azərbaycan son 29 ildə getdikcə daha da güclənərək regional gücə çevrilib. Azərbaycanın güclü dövlət quruluşu var və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bu qüdrət daha da artır. Azərbaycanda vətən bayrağı, müqəddəs dəyərlər üçün şəhidlik şərbətini içəcək qəhrəman oğullar var. Heç kim Azərbaycanın səbrini və qətiyyətini sınamamalıdır. Aprel döyüşlərində və Tovuz uğrunda savaşda aldıqları dərslər görünür ermənilərə kifayət etməyib. Azərbaycan Ordusu əmr alacağı halda 3-5 gün ərzində işğal olunmuş ərazilərini geri almağa qərarlıdır və bu əzmə sahibdir”.

General onu da qeyd edib ki, bu haqlı mübarizədə Türkiyə hər cür mənəvi və maddi imkanları ilə Azərbaycanın yanındadır: “Türkiyədə başda mənim kimi yüz minlərlə insan Azərbaycan Türklüyünün haqlı yolunda döyüşməyə və bu yolda şəhid olmağa hazırdır”.

Dİgər xəbərlər