3712
writer1

Sərdar Amin

Məqalə sayı : 24

12:28 22 Sentyabr 2020

Biz müharibə uşaqlarıyıq, gözümüzü açandan...

Hərb bütün zamanların ən ağır mövzusudur. Azacıq tərpənən kimi hər yan toz duman olur, başqa hadisələr, olaylar görünməz qalır.

Azərbaycanda 30 ildir müharibə gözlənilir və bu gözlənti mənəviyyatımızın fonuna çevrilib. Ağır taktlı musiqi kimi daim beynimizdə, eynimizdə səslənir. Bu eyniliyin qarşısında arabir başqa sısqa gündəmlər də yaranır. Həmin “çıqqılı” mövzuların da qorxaq it kimi bir gözü arxada qalır; indicə müharibə ayağını yerə çırpacaq və qarşıdakılar hərəsi bir yana əkiləcək.

Biz gözümüzü açıb bu musiqini eşitmişik, kişi ağlamasını, ud səsini andıran müharibə zəngini. O ağır musiqini arabir qulaqardı eləyib sevgi şeirləri yazmışıq, sürreal süjetlər qurmuşuq, ancaq bu reallıq öz sərt sütunları ilə hər zaman yaratdığımız dünyanın fonunu pozub, həmişə öz varlığını gözə soxmağı bacarıb.

Biz bəlkə də dünyanın yeganə insanlarıyıq ki, “müharibə yaxşı şey deyil” ifadəsinə “amma...” bağlayıcısını əlavə edə bilirik.

Biz müharibə uşaqlarıyıq, gözümüzü açandan “Topxana meşəsi”, “Sumqayıt hadisələri”, “Qarakənd faciəsi” ifadələrini eşitmişik, bu sözləri şəkilləndirib zülmət gecələrdə oyuncağa çevirmişik. Ona görə də, ötən gün hərbi təlimə aparılan yaşıdlarımın avtobus pəncərəsindən boylanan simalarında ifadə tamam başqa idi, mən bu simaları nə İkinci dünya müharibəsində çəkilən fotolarda, nə Qarabağ müharibəsinə gedən hərbi maşınlardan baxan insanlarda, nə bu günə qədər çəkilən hərbi filmlərdə görmüşəm.

Gözünü açandan sərt reallıqlarla böyüyən, həqiqəti bilsə də, atalarının qarşısında müvəqqəti susmaq zorunda qalan, hər şeyi telefonunun monitoruna yığıb şəhər dərvişləri kimi küçələri dolaşan, “biz elə olmayacağıq” deyib, yenə “elə” olmaq məcburiyyətində qalan bu uşaqlar tamam ayrı əsrin adamlarıdır.

Atalarımız texnologiya əsrinin uşaqlarına müharibə miras qoymalı deyildi. Müharibəni “Pubg” oyununda görən bir nəsil döyüşə gülə-gülə gedir. Bu gülüş müharibənin mahiyyətini anlamazlıqdan yaranmır, heç müharibəyə gedərkən yaranan ruh yüksəkliyinin təcəssümü də deyil. Həmin təbəssüm ironiyadır. “Hər şeyi bilirik, amma gedirik” reallığının donudur.

Mən uşaq olanda böyük qardaşım Qarabağda vuruşurdu, hər evə dönəndə döyüşdən bir şey gətirirdi; bir dəfə dəri kürkünün cibində audiopleyer gətirmişdi, bir dəfə kitelinin qoltuğunda kiçik Azərbaycan bayrağı, bir dəfə də başında qəlpə...

“Oskol” sözünü ilk dəfə onda eşitmişdim və elə bilirdim qardaşımın başında xırda mina var, hər an partlaya bilər. Çünki heç kəsi başına yaxın buraxmırdı, təsadüfən kiminsə əli dəyəndə qıvrılıb göynəyirdi.

“Qarabağ veteranı” adı üçün bir parça kağızın həmin qəlpədən daha lazımlı olduğu gün “oskol” qardaşımın da gözündən düşdü. Bir vaxtlar onu göynədən qəlpə də lazımsız olduğunu görüb daha ağrı vermədi, hələ də qardaşımın başında “yaşayır”.

Qardaşımın “oskol”una toxunanda gözündən gələn yaşdan savayı bütün proseslər mənə macəra kimi görünürdü və bu üzdən tez-tez anamdan soruşurdum ki, görən mən böyüyənə qədər müharibə qurtaracaq? Anam elə bilirdi, mən bunu qorxudan soruşuram, əvvəl məni əzizləyib rahatlayar, hə, uzağı 1-2 ilə qurtaracaq deyərdi, sonra qonşu qadınların yanında qəşş edib gülər, ona verdiyim sualı mənim dilimdən uşaq kimi kəkələyə-kəkələyə təkrarlayar, ətrafındakı gəlinlər də qımışardı. Mənsə, onları başa sala bilmirdim ki, qorxmuram, müharibəyə getmək istəyirəm...

Əminəm, bu hadisələr əksər yaşıdlarımın başına gəlib və bu gün onlar səfərbərliyə çağırılanda gözlərindəki ifadə bu 30 illik olayları əhatələyir: bitmədi!

Bir əvvəlində, bir də sonunda qığılcım olan bu 30 illik ömrü başqa hansı baxışlarla ifadə etmək olar?

Məşhur italyan yazıçı Dino Buzzatinin “Tatar çölü” romanında haqqındakı əfsanələri özündən qat-qat böyük olan “Bastiani” qalası var, burada hərbi xidmətə gələn hər kəs öncə əminliklə bir neçə ay ərzində geri dönəcəyini düşünür, lakin əsrlər əvvəl tatar hücumlarından müdafiə üçün tikilən, bu gün heç bir əhəmiyyəti qalmayan bu bədheybət qala ora gələn gənc hərbçiləri ahənrüba kimi canına çəkir, onların ömrünü, gəncliyini alıb öz sirrini bir az rövnəqləndirir. Beləcə, o qala yüzminlərlə hərbçinin evinə, qəbrinə çevrilir.

Qarabağ da bizim “Bastiani” qalamızdı. Reallığı hamımız bilsək də, bu bilgimizin ardından “amma...” deyərək getmək zorunda qaldığımız bir hekayətimiz var.

Amma Dino Buzzatini oxucular çox sevir...

Ona görə sevir ki, heç kəsin inanmadığı bir gün ucsuz-bucaqsız, lazımsız çöllərdən ilğımları yenə-yenə düşmən ordusu “Bastiani” qalasına hücum edir.