4312
writer1

Ramilə Qurbanlı

Məqalə sayı : 631

11:50 21 Sentyabr 2020

Sındırılmışlar

 

 

-          Ana, musiqini dəyiş, xoşum gəlmir bu mahnıdan.

-          Niyə, qızım, mənim xoşum gəlir axı?

-          Sən maşında tək deyilsən, mən də varam, yalnız özünün yox, başqalarının da istəyini nəzərə almalısan.

-          Ömür boyu özümün deyil, başqalarının istəyini nəzərə almışam, qızım, mənim yaşımda insan artıq kamilləşir və anlayır ki, başqalarından əvvəl özünü düşünməlisən.

Qız maşının arxa oturacağından əyilib, radionun düyməsini dəyişir:

-          Mən sənin yaşına çatmağı gözləyə bilmərəm...

Makarenko, Uşinski, heç müasir Şalmo Amonaşvili də bu yerdə köməyə çata bilməz. Bu, artıq fərdin məsələsidir. Bəli, mən onu belə tərbiyə etmişəm, şəxsiyyətinin formalaşdığı dönəmdə bir az öz eqoizmimi kənara qoyub, onun gələcəyini, şəxsiyyətini düşünməliyəm. Uşağın üstündə hökm yeritmək olmaz, özünün onun üzərində qələbənə sevinəndə bir anlıq dayan, düşün nə etdiyini. Mən bu gün onun əlindən vurub – “sən böyüyün üzünə ağ olursan, mən deyən olmalıdır” - desəm, onu sındırmış oluram. Bir dəfə, iki dəfə, uzağı üç belə olaydan sonra ondan əl götürə bilərsən artıq. Təbrik edirəm, istəyinə çatdın, ondan artıq heç vaxt şəxsiyyət, insan olmayacaq. Sındırdın, hamının qarşısında belə sınıq, özgüvənsiz, müti, qorxaq və yaltaq olacaq.

Mən istəmirəm övladım elə yetişsin. Qoy, bu gün mənim sözüm keçməsin, onun yeniyetməlik yaşında-şəxsiyyəti formalaşdığı vaxt sözü ötə olsun, özgüvəni formalaşsın, söz sahibi olmağı, əyilməməyi, sınmamağı, nə olursa-olsun prinsiplərindən çəkilməməyi öyrənsin. Böyüyün, kiçiyin yerini də bütün bunlardan sonra biləcək. Yetər ki, şəxsiyyətsiz olmasın, şəxsiyyət həm də tərbiyə deməkdir, bütövlük deməkdir.

Neynərdi bizim “təlim-tərbiyə ustadları” bu yerdə? Təbii ki, hamısı bir ağızdan ananı qınayacaqlar. Düzgün tərbiyə verməyib, uşağı çox “qudurdub”, uşaq nədir, ananın bir sözünü iki elədi nədir... və sair. Uşağı cəzalandırmağın, şiddətin yollarından danışacaqdılar.

İllərlə cəzalandırmaqla, döyməklə, bir sözü iki etməyən, qarşınızda boyun əyən, sözəbaxan uşaqlar indi cəmiyyətin bəlasına çevriliblər-bundan xəbəriniz var, əzizlər?    

 

Heç bir mühazirə oxumaq, nümunə göstərmək, “mən sənin yaşında böyüklərin bir sözünü iki eləməzdim, onlar haqsız olsalar belə...” - demək lazım deyil. Uşaqlar valideynlərin bu moizələrindən boğaza yığılıblar və onlar yalnız uşağın psixikasını pozur. Şəxsi nümunə, sən necəsənsə övladın da elə böyüyəcək, nümunəni həyat tərzinlə göstərməlisən - özünü tərbiyə etməlisən.

Sən onun yaşında nə eləmisənsə, bu günün insanı üçün etalon deyil, bəlkə sən heç öz dövrün üçün də düzgün hərəkət etməmisən. “Böyükdür, söz qaytarmaq olmaz, mübahisə etmək olmaz” - deyə böyüklərin yanlışlarına gözgörəti rəvac vermiş olmuşuq. Hətta zaman-zaman, illərlə o yanlışları təkrarlamışıq, nəsilləri məhv etmişik, köləliyi, mütiliyi aşılamışıq.

Böyük də olsa, yanlışı varsa, lütfən, onu mənə nümunə gətirmə, mənim öz düşüncəm, öz həyata baxışım, qavrayışım var. Niyə həqiqəti demək, yanlışa düzəliş etmək “böyüyün üzünə qayıtmaq” kimi anlaşılır? Niyə nənə-babaların primitiv, özünü doğrultmayan, illərlə fəsad törədən uğursuz “tərbiyə metodları” nəsildən-nəslə ötürülməlidir? Məgər, görmürükmü, ətrafımız yaltaq və qorxaq yığnağıdır? Hardan gəlir bu yaltaqlar, qorxaqlar, satılanlar, alınanlar, qonşu ölkələrin günahıdır? Xeyir, öz qəbahətimizdir, yanlış tərbiyəmizin fəsadlarını yaşayırıq.