5605
writer1

Sərdar Amin

Məqalə sayı : 24

14:14 17 Sentyabr 2020

Tağıyev falçıya bu məbləğdə pul verərdi?

Xəbəri eşidən kimi məəttəl qaldım; o hansı problemdir ki, onu 1 milyona həll etmək mümkün olmayıb, ümid qalıb falçıya! Azərbaycanda milyona həll olunmayan problem var? Məncə yox, problem bu pulu verən şəxsin özündədir.

Bu qədər pulu falçıya kim verə bilər?

Həmin pulu zəhmətilə qazanmayan adam. Sizcə Hacı Zeynalabdin Tağıyev falçıya bu məbləğdə pul verərdi? Qəti!

Fikir verin, əsl milyonçular simic, xəsis olur. Niyə? Çünki onlar pul qazanmağın nə qədər çətin olduğunu görüblər. Mərhələ keçiblər. Pulunu artırmaqda, məqsədə çatmaqda o qədər əziyyətlər görüblər ki, sırf varlanmaq prosesində kamilləşiblər.

Lazımsız şeylərə qəti pul xərcləmirlər, heç bircə qəpik də!

Ona görə də Azərbaycan qarışıq bütün ölkələrdə əsl milyarderlər pulunu xırda-mırda işlərə deyil, sanballı layihələrə - mədəniyyətə, sənətə, təhsilə yatırırlar, xeyriyyə kampaniyaları keçirirlər.

Azərbaycanda isə biz dönəm-dönəm belə absurd xəbərlər alırıq:

Filankəsin oğlu “kletka”da saxlanan ayıdan kabab çəkdirib.

Digəri dollarla samovar qaynadıb.

Bəlkə də bu hadisələr baş verməyib, amma ən pisi, xalqın bu xəbərlərə inanmasıdır. Çünki insanlar məmur övladlarından hər an, hər şey gözləyirlər.

Bu yaxınlarda bir statistika ilə tanış oldum. Statistika Qərb ölkələrində və Azərbaycanda dövlət işində işləmək istəyən tələbələrin faizini sərgiləyirdi. ABŞ-da və Avropada təhsil alan tələbələrin çox cüzi faizi dövlət qulluğunda işləməyi arzuladığını və təhsilini başa vurduqdan sonra bu sahədə çalışmaq istədiyini vurğulayıb. Azərbaycan tələbələri arasında isə dövlət işinə can atanların faizi Qərb ölkələri ilə müqayisədə fantastik dərəcədə çoxdur.

Bunun səbəbi sadədir.

Demək olar ki, bütün ölkələrin konstitusiyasında dövlət məmurunun bizneslə məşğul olmasına qadağa qoyan maddələr var. Konstitusiyanın hər bir maddəsinin funksional olduğu ölkələrdə əksər adamlar dövlət işindən qaçır. Çünki onlar dövlət işində işləsələr, fərdi bizneslərini qura bilməyəcəklər. Buna cəhd etsələr, məsuliyyətə cəlb oluna, həbs edilə bilərlər. Ona görə də xaricilər azad biznes qurmaq, öz arzularını gerçəkləşdirmək naminə dövlət qulluğuna yaxın durmurlar.

Qərb ölkələrində dövlət işi hərb işi kimidir, həmin sahəyə yalnız xüsusi marağı olan şəxslər daxil olur. Bizdə isə insanlar biznes qurmaq üçün məmur olurlar. Deputatlığa namizədliyini verən əksər şəxslər bu işə millət, xalq sevdasından deyil, varlanmaq, biznes qurmaq naminə imza atır.

Biznes qurmaq naminə deputat, məmur olmağı seçən şəxsdən nə gözləmək olar?

Bu tip insanlar özündən törəmiş bir neçə burnu fırtıqlıya villa tikdirmək, bahalı maşın almaq naminə millətin, dövlətin taleyi ilə oynayacaq qədər rəzilliyə imza atırlar, ləyaqətli namizədlərin yerini tuturlar, büdcəni talayırlar, növbəti nəslə idbar nümunə olurlar.

Həmin nümunədən nəfsi şirnikləşən əksər valideynlər övladının icraedici orqanlarda çalışmasını arzulayır. Təəssüf ki, əksər valideynlərin gözü bu sahələrdən qeyri-qanuni qazanılan pullardadır. Övladını vətən üçün yetişdirən, onun həqiqi məmuriyyətdə şam kimi əriməsini gözə alan neçə valideyn tanıyırsınız?

Seymur Baycanın bir cümləsini xatırladım: “Ən pisi o deyil ki, bizdə bayağı mahnılara qulaq asanların sayı çoxdur, ən pisi odur ki, bizdə bayağı musiqilərin səsi bahalı maşınlardan gəlir”.

Bu, özlüyündə ağır bir həqiqəti sərgiləyir; bayağı musiqilərə qulaq asan şəxslər yüz minlik maşın alacaq qədər yüksələ bilir.

Həmin adamların milyonçu olmasına şərait var.

Bu disbalans aradan qalxmayanadək ayı yeyən, falçıya bir milyon verən, dollarla samovar qaynadan məmurlar və onların yaxınlarını tez-tez görəcəyik.

Kərəminə şükür, ilahi!