1225
16:43
16 Sentyabr 2020

Erməni-PKK işbirliyi açıq müstəvidə - TƏHLİL

Livan ermənilərinin işğal altındakı Azərbaycan torpağı olan Dağlıq Qarabağa köçürülməsindən sonra Ermənistan bu dəfə PKK kürd terror təşkilatının “xüsusi tapşırıqlar yerinə yetirən dəstə”lərini Dağlıq Qarabağda yerləşdirmək qərarına gəlib. Yerevanın Azərbaycanın işğal altındakı ərazilərdə demoqrafik vəziyyəti dəyişmək məqsədi ilə Beyrutdakı partlayışdan sonra yüzlərlə ermənini Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşdirməsi faktlarına beynəlxalq ictimaiyyətin susqun qalması təcavüzkar Ermənistana əl-qolunu daha da açmağa stimul verib.

Türkiyənin “Cumhuriyyət” nəşrinin yazdığına görə, Ermənistan baş naziri Nikol Paşinyan işğal altındakı Azərbaycan ərazilərində demoqrafik landşaftı dəyişmək siyasətini davam etdirməklə yanaşı, Dağlıq Qarabağdakı işğalın mövcudluğunun əsası olan hərbi tərkibi də gücləndirir. Regional təhlükəsizlik sahəsindəki etibarlı mənbəsinə istinad edən qəzet Ermənistan tərəfindən PKK terror təşkilatının “xüsusi tapşırıqlar yerinə yetirən dəstə”lərinin “yeni hücum dalğası”na hazırlaşmaq üçün Dağlıq Qarabağa yerləşdirildiyini yazıb. Müəllif bildirir ki, bundan əlavə, Ermənistandan 250-yə yaxın əsgər Suriyaya-yəni PKK-nın Suriya qanadı olan PYD/YPG-nin sıralarına qoşulmaq üçün göndərilib.

Daha sonra qeyd olunur ki, İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin sözlərinə görə, Livan ermənilərinin Dağlıq Qarabağa yerləşdirilməsi aysberqin görünüən hissəsidir. Belə ki, son iki ayda işğal altındakı ərazilərimizə İraq və Suriyadan PKK terrorçuları gətirilib.

Türkiyə nəşri Ermənistan hərbçiləri ilə PKK arasında əməkdaşlığın Fransanın vasitəçiliyi ilə qurulduğunu yazıb.

Şərqi Aralıq dənizində Türkiyə-Yunanıstan qarşıdurmasında Fransanın tutduğu mövqe hər kəsə məlumdur. Ona görə də, rəsmi Parisin Ermənistan-PKK əməkdaşlığına vasitəçi olması heç kəsdə təəccüb doğurmamalıdır. Burada bir vacib məqamı vurğulamaq yerinə düşər ki, PKK ilə ermənilər arasında əməkdaşlığın kökü daha əvvəlki illərə dayanır. Zaman-zaman mətbuatda Ermənistanla PKK arasında gizli anlaşmanın mövcud olması haqqında faktlar yayılıb. Bu anlaşmaya görə, Ermənistan PKK-ya hər ay müəyyən sayda viza verir. Terrorçular ayrılan viza sayına görə pasportlarını Ermənistanın Parisdəki səfirliyinə göndərir və oradan istədikləri ölkəyə gedirlər. Hətta Ermənistanın PKK-ya kvota ayırdığı və hər ay 50 PKK-çıya viza verdiyi haqda məlumatlar hesabatlarda yer alıb. Bu məsələdə mərkəz rolunu Ermənistanın Parisdəki səfirliyi oynayıb.

Bütün bu faktlar Rusiyanın erməni siyasi-hərbi eksperti, şimal qonşumuzun televiziya məkanında yayımlanan siyasi tok-şoularda daim Rusiya ilə Türkiyə arasında əlaqələrə balta vurmağa çalışan Semyon Baqdasarovun “kürd və ərəblər Türkiyəyə qarşı birləşməlidir” tezisinin artıq həyata keçirilməyə başlamasından xəbər verir. Baqdasarov(yan)un bu tezisi də əslində onun özünə məxsus deyil, XX əsrin əvvəllərində Osmanlıya qarşı ərəb üsyanlarını təşkil edən ingilis casusu Ərəb Lourensdən (Tomas Edvard Lourens-red. F.Ə) götürüb. Göründüyü kimi hər məsələsə oğurluqda ad çıxaran ermənilər, bu məsələdə də öz amplualarındadırlar.

Baş verən son proseslər onu deməyə əsas verir ki, ermənilərin kürd separatçı-terrorçularla Türkiyə-Azərbaycan ittifaqına qarşı mübarizəsi artıq açıq müstəviyə keçib. Ermənistanın Azərbaycanın dövlət sərhədində təxribat törətməsindən sonra (Tovuz hadisələri) Rusiya mediası Türkiyənin Azərbaycanda Suriyadan gətirilən türkmən dəstələrini yerləşdirməsi haqqında kürd separatçılarının mərkəzi qərargahı Niderlandda yerləşən “Fırat” saytına istinadən məlumat yaymışdı. Bir müddət əvvəl isə “Nezavisimaya qazeta”da buna bənzər saxta məlumatlarla dolu olan müəllif yazısı dərc olundu. İndi bəlli olur ki, bu, ermənilərin işğal altındakı ərazilərimizdə PKK terrorçularının yerləşdirilməsinə haqq qazandırmaq üçün əsas yaratmaq cəhdi imiş. Amma çox təəssüf ki, indi biz qonşu ölkənin mediasında PKK terrorçularının Dağlıq Qarabağda yerləşdirilməsi, o cümlədən Livandan ermənilərin işğal altındakı ərazilərimizə köçürülməsi faktları barədə bir cümlə belə yazıldığını görmürük...

Fərid Əkbərov