1006
18:02
11 Sentyabr 2020

Silahla hədələyib maşınını əlindən aldı - FOTO

Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində odlu silahla quldurluq edərək özgəsinə məxsus avtomobili qaçıran şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az -a verilən məlumata görə, sentyabrın 10-da Bakı şəhər sakini C. Süleymanov DİN-in “102 – Zəng Mərkəzi”nə və Tərtər rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək əvvəlcədən razılaşdıqları kimi Sərvər Hüseynov adlı şəxsə satmaq məqsədi ilə “Chery Tiggo” markalı avtomobilini Tərtərə gətirdiyini, sonuncunun isə onu odlu silahla hədələyərək avtomobilini ələ keçirdiyini və naməlum istiqamətdə getdiyini bildirib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən dərhal müvafiq araşdırmalara başlanılıb. “İsti izlərlə” keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hüseynov cinayət yolu ilə ələ keçirdiyi avtomobillə birlikdə Bakı şəhərində saxlanılaraq Tərtər rayon Polis Şöbəsinə gətirilib. Araşdırmaların davamı olaraq S.Hüseynovun yaşadığı ünvana baxış keçirilən zaman evinin yaxınlığındakı su quyusunun üzərindəki beton örtüyün içərisindən cinayətin törədilməsində istifadə etdiyi 1 ədəd qundağı və lüləsi kəsilmiş, tək lüləli odlu silah və 3 ədəd patron, eləcə də evinə baxış keçirilərkən oradan 1 ədəd xəncər aşkar edilərək götürülüb.

Faktla bağlı Tərtər rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.