18:00
05 Sentyabr 2020

Azərbaycanlıların həsrət qaldığı “buzlaqlar ölkəsi”: Oranın öz qayda-qanunu var...

“Əslində, Antarktidaya tur təşkil etmək bizim üçün də maraqlı olardı. Amma nə tur təşkil etmək mümkündür, nə də təşkil etsək belə, ora getmək istəyən turistlərin olacağına inanırıq”.

Bu sözləri Lent.az -a açıqlamasında özəl turizm şirkətlərindən birinin nümayəndəsi deyir. Onun sözlərinə görə, Antarktidaya turizm təşkil etmək heç də asan deyil. Ora səfər etmək arzusunda olan turistlərdə yaxşı bilir ki, qiymətlər baha olacaq.

Əlaqə saxladığımız bir neçə özəl şirkətdən, demək olar ki, eyni cavabı aldıq.

Amma hamımız yaxşı bilirik ki, bu gün əksər ölkələrdən Antarktidaya səyahət etmək istəyən və bu arzusunu reallaşdıran minlərlə insan var. Yəni sehrli buzlaqlar qitəsinə getmək artıq mümkünsüz deyil.

Bəs bizim ölkə üçün bu nə zaman mümkün olacaq?

Turizm üzrə ekspert İldırım Musayev Lent.az -a açıqlamasında bildirdi ki, Azərbaycanda turizm şirkətlərinin işi çox zəif qurulub:

“Antarktida bəzi böyük dövlətlərin strateji maraqlarında olan bir ərazidir. Eyni zamanda, oraya uça biləcək təyyarə və ya yüksək səviyyəli gəmilər lazımdır. Azərbaycanın bu sahədə də problemləri var. Bəs, bizim insanların bədən temperaturu oranın havasına dözə bilərmi? Çadır qurub orada qala bilərlərmi? Azərbaycandan Antarktidaya kütləvi turist qrupları olacaqmı? Bütün bunlar çətin məsələlərdir. Dənizlərdə və okeanda üzə bilən gəmilərimiz yoxdur”.

Bəs, Antarktidaya getmək mümkün olan dövlətlərdə biletlərin qiyməti necədir? Məsələn, Moskvadan Antarktidaya gedərkən səyahət xərci nə qədər tələb olunur?

Gəzintinin qiyməti hər bir turist üçün fərdi olaraq hesablanır, çünki kruiz proqramı 8-21 gün arasında hesablana bilər. Həm də xidmət səviyyəsi, səyahət edənlərin sayı, gediş tarixi də vacibdir. Buna görə də, turların yalnız orta qiymətlərini göstərmək mümkündür. Məsələn, Antarktidaya 9 günlük səyahət planlayırsınızsa, bu zaman sizin 14 min dollar xərciniz çıxacaq. Buraya yol, qidalanma və gecələmə daxildir. Heyət rus dillidir.

Turizm eksperti onu da deyir ki, ümumiyyətlə bizdə turizm şirkətləri işlərini düzgün qurmayıblar.

“Bizim turizmçilər loru dildə desək, yatıblar. Yeni fikirlər, fantaziyalar yoxdur. Dövlətin qarşısında turizmə aid olan məsələləri qaldırmaq iqtidarında deyillər. Yaxşı layihələrə vəsait ayırmırlar. Çünki buna savadları imkan vermir. O ki qaldı Antarktidaya turlar təşkil etsinlər. Pandemiyaya qədər ölkədən çıxış turizmi ilə, bilavasitə bilet satmaqla məşğul olublar. Təbii ki, aralarında yaxşıları da var. Bir sözlə Azərbaycanda turizm şirkətləri öz işlərini sıfırdan qurmalıdır. Antarktidaya turist aparmaq isə uzaq gələcəyin işidir. Bu, turizm şirkətlərinin gücü xaricində olan bir məsələdir”.

Onu da qeyd edək ki, Antaraktidada turist səyahəti 1960-cı illərdən sonra başlayıb və dəniz səyahəti formasında olub. 60-cı illərin sonunda buraya şəxsi yaxta ilə səyahətdə əlavə olunub. Hava uçuşları isə 1970-ci illərdən Avstraliyadan və Yeni Zellandiyadan ekskursiya formasında həyata keçirilib. Ümumiyyətlə, Antarktidaya turizm mövsümü yayda, noyabrda başlayıb martda bitir. Antarktidaya səfərlər Antarktida haqqında konvensiyasının qərarına əsasən turizm şirkətlərinin buna icazəsi olan halda mümkündür. Dəniz səfərləri zamanı materikin sahilinə qayıqlar və vertolyotlar ilə enişlər həyata keçirilir. Təsadüfü hallarda bəzi turların proqramına alpinizm, xizəklə sürüşmə və Cənub qütbünə səfərlər var.

Sehrli ab-havası olan bu yerlər fərqli təbiətə malikdir. Ona görə də həmən yerlərin özünə xas qayda-qanunları da olur. Ora səyahət etmək istəyənlər də bu qayda-qanunlara riayət etməlidirlər.

Belə ki, buranın havası çox soyuq olduğuna görə, yosunların bitməsi də uzun müddət ərzində baş verir. Buna görə də, onları tapdalamaq, üzərində gəzmək qadağandır.

Səfər bitdikdən sonra çoxları buradan özləri ilə kiçik də olsa nə isə götürmək istəyirlər. Xatirə olaraq götürəcəyiniz kiçik bir daş belə təbiətə zərərdir. Buna görə də, buradan özünlə bir şey götürmək qadağandır.

Olduğunuz yerdə səs-küy salmaq, buranın daimi sakinlərini-delfinlər, balinalar və pinqvinləri qorxutmaq olmaz.

Dİgər xəbərlər