10429
16:31
26 Avqust 2020

Deputatdan tövsiyə - DİSTANT TƏHSİLƏ KEÇMƏK...

“Təhsil gənc nəslin formalaşması üçün mühüm və əvəzsiz vasitələrdən biridir. Pandemiya dövründə bütün dünyada, o cümlədən də Azərbaycanda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması uşaqların istər savadlılıq, istərsə də mənəvi durumuna mənfi təsir göstərdi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev bildirib.

Deputat deyib ki, pandemiya ilə uğurlu mübarizə aparan və yoluxmanı lokallaşdırmağa müvəffəq olan ölkələrdə məktəblərin və bağçaların fəaliyyəti bərpa olunur və Azərbaycanda həyata keçirilən preventiv tədbirlər nəticəsində koronavirus infeksiyasına yoluxma hallarının səviyyəsinin aşağı olması təhsil müəssisələrinin fəaliyyətinin müəyyən çərçivədə bərpasına şərait yaradır.

Onun sözlərinə görə, fəaliyyəti bərpa olunan müəssisələrdə sistemli şəkildə təhlükəsizlik qaydalarının tətbiqi və onların icrasına nəzarət istər uşaqların sağlamlığının təmin olunması, istərsə də virusun yayılmasına yol verməmək baxımından mühüm şərtdir: “Məsələn, uşaq bağçalarında uşaqlar eyni yerdə qidalanır, eyni otaqda yatırlar. Bu da onların yoluxması ruskini yüksəldir. Bağçaların fəaliyyətinin bərpasına sanitar-epidemoloji vəziyyət nəzərə alınmaqla icazə verilməlidir. Yoluxmaların olmadığı və ya az olduğu zonalarda bağçaların fəaliyyətinə daha tez, yoluxma riskinin yüksək olduğu şəhər və rayonlarda isə zəruri göstəricilər əldə olunduqdan sonra və ya daha gec icazə verilə bilər. Məktəbəhazırlıq qruplarında isə tədris həftədə bir neçə gün həyata keçirilə bilər. Məsələn, həftədə 6 və ya 8 saat tədris müəyyənləşdiriləcəyi təqdirdə həftədə 2 və ya 3 gün 2-3 saat olmaqla dərslərin keçirilməsi variantlardan biri kimi nəzərdən keçirilə bilər. Sıxlığa yol verilməməsi üçün yarımqrupların təşkil edilməsi də mümkündür”.

Orta ümumtəhsil məktəblərinə gəlincə, E. Əliyev qeyd edib ki, ərazilərin və məktəblərin xüsusiyyəti nəzrə alınmaqla təhlükəszilik qaydaları hazırlanmalıdır və onların icrasına ciddi nəzarət mexanizmi formalaşdırılmalıdır: “Ötən tədris ilində qənaətbəxş təhisl verilməsi imkanları məhdud olduğuna görə, şagirdlərdə geriləmə tam mümkün haldır. Ona görə də, yaxşı olardı ki, tədris ili daha tez başlasın və əvvəlki tədris ilinin təkrarı həyata keçirilsin. Orta məktəblərdə uşaqların yoluxma riski yüksək olduğuna görə, həftədə bir neçə gün dərs keçirilə bilər. Qalan günlərdə isə tədris online rejimdə həyata keçirilməlidir. İbtidai siniflərdə uşaqların davranış qaydalarına uyğunlaşması problemi olduğuna görə, tədrislə bağlı fərqli sxemlərin tətbiq edilməsi mümkündür. Aktual məsələlərdən biri yoluxma halları müəyyən olunduqda həyata keçirilməsi zəruri olan tədbirlərlə bağlıdır. Burada söhbət yoluxan məktəb işçisinin və ya şagirdin, onlarla təmasda olan şəxslərin təcrid olunmasından gedir. Əgər kütləvi yoluxma halları olarsa, məktəbin fəaliyyətinin müəyyən müddətə məhdudlaşdırılması da mümkündür. Eyni zamanda valideynlərə övladlarının ənənəvi qaydada və ya online rejimdə təhsil alması üçün seçim imkanları yaradıla bilər. Siniflərdə sıxlıq yaranacağı təqdirdə onların yarımqruplara bölünməsi də mümkündür. Yuxarı siniflərdə ənənəvi tədris daha çox buraxılış fənləri üzrə keçirilə bilər. Digər dərslər isə online rejimdə keçirilə bilər”.

Deputat ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin yoluxma riskinin olduqca yüksək olduğunu vurğulayıb: “Ənənəvi tədrisin tətbiqi bu sahədə arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bu istiqamət üzrə məsafədən təhsil forması daha məqbuldur. Sanitar-epidemoloji vəziyyətdən asılı olaraq, ya tədricən ənənəvi təhsilə, ya da ki, yoluxma halları intensivləşəcəyi təqdirdə, distant təhsilə keçid mümkündür”.