1711
11:05
25 Avqust 2020

Ermənistana vurulan növbəti hərbi-siyasi zərbə - TƏHLİL

Son illər Ermənistan tərəfindən Azərbaycana qarşı intensiv şəkildə davam edən hərbi təxribatların şahidiyik. Təbii ki, zəif və gücsüz olan Ermənistan dövləti bu təxribatları xaricdəki müxtəlif qrupların dəstəyi nəticəsində həyata keçirməkdədir. Bu dəfə də Azərbaycan Ordusu düşmən təxribatına lazımi cavabı verdi. Belə ki, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Ordumuzun sayıqlığı və professionallığı nəticəsində erməni diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyan əsir götürülüb.

Bu dəfə də erməni xalqından uğursuz hərbi təxribatı gizlətməyə çalışan Ermənistan hakimiyyəti gülünc bəyanat verərək özünü təlxəkliyə qoyub. Belə ki, düşmən ölkənin Müdafiə Nazirliyi Qurgen Alaverdyanın əsir götürülməsi faktını guya “dayaq məntəqəsini yoxlayarkən əlverişsiz hava şəraiti ucbatından yolu azaraq itkin düşüb” kimi qələmə verməyə çalışıb.

Bu, Goranboy cəbhəsində bir müddətdir, fəallaşan Ermənistan ordusunun qeyd olunan istiqamətdə ilk belə təxribatı cəhdi deyil. Hər təxribat cəhdində də düşmən layiqli cavabını alır. Müxtəlif məlumatlara görə, avqustun 23-də baş verən diversiya təxribatı nəticəsində də erməni ordusunda yaralananlar və ölənlər var. Lakin Tovuz təxribatında olduğu kimi, bu dəfə də erməni ictimaiyyətindən qorxan Paşinyan-Tonoyan ikilisi ordunun itkilərini gizlətməyə davam edir. Təbii ki, cəbhədəki uğursuz cəhdlər ölkənin siyasi həyatına, cəmiyyətin hakimiyyətə münasibətinə təsirsiz qalmır. Hər bir uğursuzluq Paşinyan hakimiyyətinin sonunu daha da yaxınlaşdırır. Siyasi diletant Paşinyan sələfi Sarkisyanın hakimiyyətinin laxlamasında, daha sonra aşmasında aprel döyüşlərində alınan məğlubiyyətin nəticəsi olduğunu nə qədər tez anlasa, onun üçün o qədər yaxşı olar.

Əslində, Ermənistan hökuməti uzun müddətdir ki, silahlı qüvvələrində baş verən neqativ halları gizlətməklə, eyni zamanda, hərbçilərinin hər təxribatdan sonra Azərbaycan ordusu tərəfindən darmadağın edilməsini ört-basdır etməklə məşğuldur. Paşinyanın hakimiyyətə gəlməsi də Azərbaycan ordusu ilə baş verən toqquşmalarda, eyni zamanda qeyri-döyüş vaxtları orduda baş verən ölüm hallarını, cinayət əməllərini aradan qaldırmadı. İşğalçı ölkənin silahlı qüvvələrində özbaşınalıq və hərc-mərclik baş alıb gedir. Erməni ictimaiyyəti və ekspertləri orduda neqativ halların ildən-ilə artmasının səbəbini hakimiyyətdə olduğu kimi, orduda da klanlaşma siyasətinin mövcudluğunda, korrupsiyanın adi hala çevrilməsində, illik hərbi büdcədə nəzərdə tutulandan artıq maliyyə vəsaitinin əlavə silah-sursat və döyüş texnikalarının alınmasına sərf edilməsində, eləcə də, zabit-gizirlərin maddi və sosial durumlarının çox aşağı səviyyədə olmasında görürlər.

Beləliklə, Ermənistan silahlı qüvvələrinin Tovuz təxribatında olduğu kimi, “Goranboy əməliyyatı”nı da, peşəkarlıqla dəf edən Azərbaycan ordusu növbəti dəfə ermənilərə yerlərini göstərmiş oldu. Görünür, Azərbaycan və Ermənistan dövlət sərhədlərində təxribatları genişləndirən Paşinyan hakimiyyəti ölkə daxilindəki sosial-iqtisadi problemlərdən cəmiyyəti yayındırmaq üçün xarici düşmən mövzusunu aktuallaşdırmağa və öz səriştəsiz daxili və xarici siyasətini arxa plana keçirməyə çalışmaqdadır. Digər erməni liderləri kimi o da erməni cəmiyyətini Azərbaycan mövzusunda birləşdirmək, bununla da xalqının gündəlik problemlərini unutdurmağa uğursuz cəhdlər edir. Eyni zamanda, Ermənistan bu kimi təxribatçı əməlləri ilə xarici siyasətdə münaqişəyə digər dövlətləri cəlb etməklə məğlub ordusunun qoruya bilmədiyi ərazisində və işğal altında olan torpaqlarımızda “dayaq” yaratmağa çalışır. Belə nəticəyə gəlmək olar ki, Ermənistan tarixində Nikol Paşinyan da sələfi Sarkisyanın aqibəti ilə üz-üzə qalacaq. Hazırda düşmən ölkədə gedən siyasi proseslər onu göstərir ki, erməni Baş nazirin siyasi arenadan getməsi onun səlahiyyət müddətindən daha tez baş tutacaq. Hər halda, erməni cəmiyyəti bilməlidir ki, bu ölkə Azərbaycanla normal qonşuluq münasibətləri qurmadan inkişafa nail ola bilməyəcək və hakimiyyətin apardığı təxribat dolu siyasi oyunlar ona çox baha başa gələcək.

Zaur Məmmədov

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, s.e.n, Bakı Politoloqlar Klubunun rəhbəri