8215
writer1

Günel Musa

Məqalə sayı : 19

13:46 20 Avqust 2020

Sinəsi sözlə dolu “xoşbəxt” qadınlar

Feysbuk ölkəmizdə təzə-təzə dəbə minən illərdə qadınlar çox az nəzərə çarpırdı. İstifadəçi qadınların əksəriyyətinin profil şəkilində gül, böcək şəkilləri olurdu. Feysbukda olan qızlara da Söylü demiş, camaat belə bir təhər baxırdı. Ailə quran qızların çoxu profillərini ömürlük dondururdular.

Çox şükür, bu dövrü atlaya bilmişik. İndi hamını nəsillikcə Feysbukda görmək mümkündür. Ağıllı telefonlar icad olandan sonra bütün evdar qadınlar Feysbukda xeyli yaradıcı və qurucu işlər həyata keçirtməyə başladılar. Bu quruculuq işlərinin başında isə qadın qruplarının yaranması dayanır.

Bu günlərdə ən fəal və məşhur qadın qrupu “Xoşbəxt qadınlar klubu”dur. Bu qrupa dünya içində ayrı bir dünya da demək olar. Ərindən, qayınanasından, baldızından, qohumlarından, qonşularından sinəsi sözlə dolu bütün “xoşbəxt” qadınları bu qrupda tapmaq mümkündür. Həyatlarının ən intim məqamlarını yüzlərlə tanımadığı insanlarla paylaşan bu xanımları xoşbəxt edən yeganə şey paylaşdıqları statusun altına gələn yüzlərlə tanımadığı qadınların təsəlli şərhləridir.

Məsələn ötən dəfə bir xanım yazıb ki, “Həyat yoldaşım qulağımın dibində mənə xəyanət edir, mənim yanımda uzanıb başqa qadınla mesajlaşır. Mən də uşaqlarımın xətrinə dözüb otururam.” Öz ayaqları üstündə dayana bilməyən, özünə güvəni olmayan, keçimi yalnız ona xəyanət edən kişinin gəlirindən asılı olan bir qadının çarəsizliyi çox kədərlidir. Və bu xanım sabah uşaqlarının xətrinə o kişidən bir neçə uşaq da dünyaya gətirmə potensialına malikdir.

Başqa bir “xoşbəxt qadın” yazır ki, “Ərimə onun dostu ilə xəyanət etmişəm. Ərimi sevmirəm, amma dolanışığımız ondan asılıdır deyə, boşanmaq istəmirəm. Vicdan əzabı çəkirəm. Görəsən ərimə xəyanəti etiraf etsəm məndən boşanar?”

Paylaşımı oxuyanda tüklərim biz-biz olmuşdu. Bu necə taledir, bu necə ömürdür? Özünü sırf maddi rifaha görə sevmədiyi adamla bir ömür boyu yaşamağa məhkum edən və daşıya bilmədiyi vicdan yükünün altında çırpınan bu qadın nə deyib özünü xoşbəxt qadın hesab edir?

20-30 yaşlarındakı bu qadınlar içlərində 60-70 yaşlı xala hissləri ilə yaşayırlar. Dünyada baş verən bütün mədəni, siyasi, iqtisadi hadisələrə “fransızdırlar”. Yalnız müğənnilərin həyatlarını izləyirlər. Məsələn hansı müğənninin neçə dəfə ərə getdiyini, hansını kimin saxladığını, maşınlarının villalarının neçə min qiyməti olduğunu bütün təfsilatları ilə izah edəcək qədər bilgilidirlər bu mövzularda. Əllərinə əlifbadan başqa kitab almadıqları hər hallarından bəllidir. Uzaq başı Varisin, Elxan Elatlının kitablarını oxuyurlar. Dünyaya ancaq mətbəx pəncərəsindən baxan bu qadınlar məişət problemlərinin içində itib batırlar.

Bir qrup qadın da var, uşağı, özü xəstəxanlıq olduğu halda qrupa status yazıb məsləhət istəyir.

“Uşağım ishal olub, qarnı dayanmır hansı dərmanı verə bilərəm?”

Hər barmaqdan bir məsləhət şərhi tökülür statusun altına. Üç gün sonra məlum olur ki, uşağın vəziyyəti ağırlaşdığı üçün reanimasiyaya yerləşdirilib.

“Xoşxbəxt qadınlar klubu”nda olduğum bir neçə ay ərzində belə qənaətə gəldim ki, bu qrupda elə ən xoşbəxt qadın özüməm.

Deyim var, kasıb itinin adını Gümüş qoyar, yəni kasıb arzularının, xəyallarının belə sərhədlərini bilir. O, itinin adını qızıl qoya bilmir. Maraqlıdır, bəs ətəklərindən bədbəxtlik tökülən minlərlə qadın hansı səbəbdən “Xoşbəxt qadınlar klubu”nda toplaşıb?