2191
13:11
18 Avqust 2020

Azərbaycanda məhkumlara hansı şərait yaradılır? - Nazirlik AÇIQLADI

Məhkumlarla aparılan islah və tərbiyə işini səmərəli təşkil etmək məqsədilə müəssisədə klub, kitabxana, radio qovşağı, televiziya otağı, idman meydançaları təşkil edilir və müvafiq avadanlıqlarla təchiz olunaraq (kinoqurğu, radio-texnika, kitab fondu, idman ləvazimatı, televizor və s.) maddi texniki baza yaradılacaq.

Lent.az -ın məlumatına görə, bu, Ədliyyə Nazirliyində təsdiq olunan “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə və psixoloji yardım işinin təşkili haqqında təlimat”da əskini tapıb.

Təlimata əsasən, məhkumların islah və tərbiyə olunmasında cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydası (rejim), tərbiyə işi, ictimai faydalı əmək, ümumi təhsil, peşə təhsili və peşə hazırlığı kimi ictimai təsir vasitələrindən istifadə olunacaq.

Məhkumlara islah və tərbiyə edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq ediləcək.

Eyni zamanda təlimata əsasən, dəstə məhkumları əsasən bir binada yerləşdiriləcək. Həmin binada dəstə rəisinin otağı və tərbiyə işinin aparılması üçün ayrıca otaq yaradılacaq.

Dəstəyə daxil edilən məhkumlar cəza müddəti qurtaranadək həmin dəstənin qeydiyyatında qalacaq.

Məhkumlar hüquq pozuntularının profilaktikası məqsədilə, habelə tibbi göstəriş əsasında və digər hallarda müəssisə rəisinin yazılı əmri ilə başqa dəstəyə keçirilə bilər. Kamera tipli otaqlara, cərimə təcridxanasına və intizam təcridxanasına salınan məhkumlar dəstənin siyahısından çıxarılmayacaq.

Dİgər xəbərlər