7249
writer1

Sərdar Amin

Məqalə sayı : 23

11:59 17 Avqust 2020

“Bozbash Pictures”in istismar etdiyi kütlə

2000-ci illərin əvvəllərindən ATV maqazin verilişinin sonunda “Bozbash Pictures” adı ilə qısa fraqmentlər təqdim olunurdu. Səhv etmirsəmsə, bu ad altında efirə gedən ilk qısa süjetlər məşhur filmlərin komik dublyajları üzərində qurulurdu. Bir müddət sonra artıq səsi rezin kimi dartılaraq süni gülüş yaratmağa çalışan qəhrəmanları – Şəmi və Şöşünü efirdə görməyə başladıq.

Ardınca bu qrupa müxtəlif obrazlar – Fəlakət, Ağsaqqal, Şirin, Qılman qoşuldu. ATV-də rəsmi fəaliyyətləri 2011-2018 göstərilsə də, həmin obrazlar müxtəlif çarxlarda, reklam materiallarında bu gün də ekranlarımızdan təmizlənmir. Qara dəlik kimi övladlarımızın, ətrafımızın diqqətini sümürən bu obrazlar niyə pozitivə doğru getmədi?

İlk illərdə keçici görünən bu obrazlar məntiqsiz gülüş yaratsa da Azərbaycan ekranında sağalmaz yara kimi diqqət çəkmirdi, amma illər keçdikcə...

Kütləvi materialları kommersiya xətrinə tirajlamaq qəbul olunmuş bir biznes sahəsidir. Təbii ki, bu gün dünyanın heç yerində vizual sənətdən təkcə maarifləndirici, elmi, yaradıcı istiqamətlərdə istifadə olunmur, həm də, hədəfsiz, yalnız gəlirə hesablanmış yüzlərlə layihə mövcuddur.

Ancaq o layihələrin hər birinin kulminasiyası, məntiqi sonluğu, finalı olur. Bu tip layihələrdən pul qazanan şirkətlər müəyyən tamaşaçı kütləsinə sahib olduqdan sonra özlərində həmin toplumu əldə saxlamaq, həm də bu günə qədər qazandıqları pul naminə onlara təşəkkür əlaməti olaraq əhəmiyyətli bir nöqtəyə gətirmək məsuliyyəti hiss edir. Yəni, tamaşaçılar bu boş layihədə onlara pul qazandırırsa, qarşı tərəf də cəmiyyətin məşhur simaları olaraq onları daha səviyyəli layihələrlə mükafatlandırır. Öncəki “sabun köpüyü” olan layihədən qazandıqları pulu daha ciddi proyektlərə yatırır, nəticədə çalışdıqları sahə də, özləri də inkişaf edir. Bu inkişaf, təbii ki, tamaşaçıya da sirayət edir.

Təəssüf ki, “Bozbash Pictures” kollektivi 10 ildən artıq müddətdə istismar etdikləri kütlə qarşısında zərrə məsuliyyət hiss etmir, onlara olan vəfa borcu müqabilində həmin tamaşaçı kəsimini daha sanballı layihələrlə irəli çəkməyi düşünmür.

Bu rəhbərlik etdiyi müəssisədə kadrların yetişməsinə qarşı olan, bütün fəhlələrin daim fəhlə qalmasına çalışan debil rəhbərlərin siyasətinə bənzəyir.

Ağzı ayrıq Fəlakət, əsməcədə gəzən, amma arvadbazlığından qalmayan ağsaqqal, “maşennik”likdə yeni-yeni zirvələr fəth edən Şəmi və onun yaltaq əmioğlusu Şöşü nə demək istəyir? Bu obrazlar nəyə, nə zaman, necə ironiya edirlər? “Bozbash Pictures”in ironiya plastı nədir? Kütləvi tribuna qazanaraq tamaşaçını əldə etmək istedadı və bunun üçün yaradılmış şəraitə malik bu cavan oğlanlar neyləmək istəyir?

Bu serial öz kollektivindən başqa, demək olar ki, heç kəsə bir şey qazandırmayıb. Ağsaqqal obrazı Azərbaycanda həqiqi ağsaqqal obrazının, ağsaqqal sözünün, ağsaqqal mədəniyyətinin zədələnməsinə səbəb oldu. Necə ki, illər öncə “Bəxt üzüyü” filmində bir neçə tanınmış sənət adamımız bayağı bir “şair” obrazı altında şair sözünü əbədiyyən lağ obyektinə çevirmişdi.

Serial və bu kollektivin, demək olar ki, bütün layihələrində görüntülərin sürəti artırılır, alınan nəticə tamaşaçının gözündə aldadıcı komik mənzərər yaradır. Əslində aktyorların kamera qarşısında özlərini apamasına, cizgilərinə, yaratdıqları komik situasiyalara baxsaq, nadir hallarda peşəkar komik situasiya görə bilərik. Sosial şəbəkədə gündəm olmuş hadisələrə atılan replikalar, hansısa qurşaqdan aşağı olaya edilən eyhamlarla Azərbaycan kişilərini qımışdıra bilib.

Bu obrazı yaradan şəxslər biri debil, digəri qoca arvadbaz, ikisi maşennik, digərləri də mental qırıqlar olan obrazlarla, onların paça zarafatları ilə qazandıqları şöhrəti, maddiyatı xərcləyəndə heçmi vicdan əzabı çəkmirlər?

Axı, filmlərdə bütün belə obrazlara qarşı bir adekvat obraz da olmalı, pul qazanmaqla yanaşı, həm də tamaşaçılara azından şüuraltı bir mesaj ötürülməli idi.

Axı, bu kollektivin üzvləri yoldan ötən adamlar deyil. Şəxsən Şəmi obrazının və ümumilikdə layihənin arxasında duran əsas şəxs – İlkin Həsəni xeyli məsələlərdən agah adamdır. İlkin Həsəni 2010-cu ilə qədər əksər layihələrdə cəmiyyətin diaqnozunu dəqiq yaxalayır, onun qarşısında intellektual xarizmasını qoruya bilir, gələcəkdə arxasınca gedilə biləcək bir potensial vəd edirdi. Bəs, o İlkin hara getdi? O həqiqətənmi mahiyyət etibarilə elə Şəmi idi? Hər şey pulamı hesablanmışdı? Belə olduğu halda onun yaratdığı Şəmi obrazından hansı üstünlükləri var? O, niyə inkişaf etmədi, qazandığını ayağının altına qoyub niyə yüksəlməyə çalışmadı? Eləcə də onun kollektivi?

Sözügedən kollektivin bütün bunları etməməsi qeyri-peşəkarlıqdan doğan məsələlərdir. Təəssüf ki, Azərbaycanda qazanılan bütün məşhurluqlar, layihələr tozlanma dövründə sona çatır. Çünki qəhrəmanlarımız məşhurluqdan öncə xəyallarında özlərini, ən yaxşı halda, bu yerə layiq bilirlər. Xəyallarında belə beynəlxalq uğur qazanmağı planlamırlar. Özünə inamsızlıq, bir yerdən sonra gələn şöhrət və dəbdəbənin verdiyi duman, onsuz da intellektuallıqda, dünyagörüşündə, individual yaradıclıqda axsayan qəhrəmanların çökməsinə səbəb olur. Əks halda bu qədər tamaşaçı kütləsi qazanan bir layihə niyə partlayışlı final qazanmasın? Layihə onsuz da bitdi, olmazdımı ki, Fəlakətin, Şəminin, Ağsaqqalın o vəziyyətə düşməsinin səbəbi sonda açılsın, bu günə qədər həmin obrazları aşağılayaraq gülən minlərlə tamaşaçı bir anlıq duruxsun, gözləri dolsun, içlərindəki “başqasına gülüb öz əməllərinə kor olmaq” hissi çilik-çilik olsun. Yaxud da başqa bir tükürpərdən final!

Məsələn, bu mətni yaza-yaza Fəlakət obrazı ilə bağlı ağlıma qəribə bir sonluq gəldi, bütün seriyalarda tez-tez “pulum var e, pulum var” deyən Fəlakətin sonda həqiqətən də böyük məbləğdə pulu olsaydı və bu pulu maşennik Şəmi və Şöşüdən, eləcə amansız bazardan qəpik-qəpik qopardıb yığsaydı, sonda bir sentimental arzuya xərcələmək istəsəydi, tamaşaçı təsirlənməzdimi? Məsələn, həmin pulu kasıb ailələrin tələbə övladlarına vermək istədiyini desəydi, bu istəyi özünün uşaqlıda təhsil ala bilməməsi ilə əlaqələndirsəydi... Bütün bunlar ani gəlinmiş qərarlardır. Bölüşməkdə məqsədim isə uzun bir layihənin finalının nə qədər vacib amil olduğuna diqqət çəkməkdir.

Təbii ki, Azərbaycan komediyasının, kinosunun problemi “Bozbash Pictures”dən asılı deyil. Təməl problemlərin qarşısında bu mövzuya toxunmaq çoxunda istehza doğura bilər. Ancaq elə şeylər var ki, biz heç olmasa, onlara imza ataraq bacardığımız qədər inkişafa təkan verə bilərik. Əgər biz də öz mövqeyimizdə qeyri-peşəkarlığa boyun əyəcək, üzərimizdə işləməyəcək, diletantlığımıza min hoqqayla haqq qazandıracağıqsa, tənqid etdiyimiz yarıtmaz kino məmurlarından nə ilə fərqlənəcəyik?