Tovuzda erməni təxribatı zamanı qəzalı vəziyyətə düşmüş evlər bərpa olunur - FHN
11 avqust 2020 16:29 (UTC +04:00)

Tovuzda erməni təxribatı zamanı qəzalı vəziyyətə düşmüş evlər bərpa olunur - FHN

Bu ilin iyul ayında iriçaplı silahlardan və ağır artilleriya qurğularından istifadə etməklə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

APA-nın məlumatına görə, hər zaman xalqının yanında olan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu dəfə də ölkə vətəndaşının taleyinə biganə qalmadı. Belə ki, avqustun 6-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Tovuz rayonunu Ermənistan Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan  Prezidentinin ehtiyat fondundan  Fövqəladə Hallar Nazirliyinə bir milyon manat məbləğində vəsait ayrılıb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən Sərəncamdan irəli gələn aidiyyəti məsələlərin icrası məqsədilə dərhal müvafiq tədbirlərə başlanılıb. Belə ki, yuxarıda göstərilən yaşayış məntəqələrində, ilk növbədə, mütəxəssislərin rəyinə əsasən artilleriya atəşi nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin söküntüsünə, işlərin normal həyata keçirilməsinin təmin edilməsi üçün ərazinin təmizlənməsinə, habelə təmir-bərpa işlərinə başlanılıb. İşlərin qısa müddətdə tamamlanması nəzərdə tutulur və bu məqsədlə əraziyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb olunub.

Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini bildirirlər.

# 1810
avatar

Oxşar yazılar