11986
writer1

Səbuhi Məmmədli

Məqalə sayı : 306

15:37 07 Avqust 2020

İsraf mərasimlərinə necə son qoymalı? – Səbuhi Məmmədli yazır

Avqustun 5-dən bəzi yumşalmalara gedilsə də, ölkədə karantin rejimi davam edir. Karantin rejimi tətbiq ediləndə çıxarılan qərarlardan biri də toy və yas mərasimləri ilə bağlı idi. Bir sözlə, yas mərasimlərində vəfat edən şəxsi torpağa tapşırmaq prosesindən başqa insanların digər günlərdə həmin evə yığışmasına, ehsan verilməsinə icazə verilmədi. Toylar isə ümumiyyətlə qadağan olundu.

Amma bəzi istisnalar da oldu. Məsələn, bəy, gəlin və ailə üzvləri ev şəraitində yığışaraq kiçik bir məclisdə övladlarının şad günlərini qeyd etdilər. Açığı, sosial şəbəkələrdə yayılan bu xəbərlər və görüntülər çoxları tərəfindən rəğbətlə qarşılandı. Həm də Azərbaycan insanı ilk dəfə məhz təmtəraqsız, israfçılıq etmədən belə də evlənmənin şahidi oldu.

Bu günlər sosial şəbəkələrin əsas mövzularından biri də məhz budur: əvvəlki dəbdəbədən uzaq toy və yas mərasimləri. Bir çoxları karantin günlərini belə gərəksiz adətləri, israfçılığı aradan qaldırmaq üçün şans hesab edir.

Bildiyiniz kimi İslam dininə görə, toy edilməsi, ehsan verilməsi bəyənilən əməldir, amma israfçılığa varmamaq şərti ilə. Bu haqda İslamın müqəddəs kitabı Qurani-Kərimdə də yazılıb. Quranın “Əraf” surəsinin 31-ci ayəsində deyilir: “...Gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz!”. Quranın digər surəsində də bu barədə söhbət açılır. “Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur”. (İsra, 27)



Əslində yas və toy mərasimləri ilə bağlı vəziyyətin dəyişməsi üçün müsbət nümunələrlə, təşviq və çağırışlarla yanaşı müvafiq tənzimləmə mexanizmlərinə də ehtiyac var. Son illər ən müxtəlif səbəblərdən yaranmış mövcud adətlərdən imtina etmək və eyni zamanda utanmamaq üçün azərbaycanlılara çox tutarlı, hamının qəbul edəcəyi əsaslar lazımdır. Bu əsaslar indiki halda yalnız hökumət tənzimləməsi ilə yaradıla bilər. Təsadüfi deyil ki, əksəriyyət yas və toy mərasimləri ilə bağlı indiki vəziyyətdən narazıdır. Lakin vəziyyət dəyişmir. Bu situasiyada hökumət çəkinmədən təşəbbüsü öz üzərinə götürməlidir.

Azərbaycanda çox qəribə tendensiyalar var. Məsələn, bir də görürsən ki, 10 il əvvəl kimsə kimisə haradasa görüb və çay içib, onu toya dəvət edir. Etiraf edək ki, indiki reallıqda heç də hər bir ailənin büdcəsi bu kimi toylarda iştirakına imkan vermir. Bu kimi halların qarşısını almaq üçün müəyyən standartların hazırlanması gərəkdir. Bununla bağlı inzibati mexanizmlər olmalıdır. Yalnız maarifləndirmə ilə belə qadağaların tətbiqi mümkün deyil. Fikrimizcə, pandemiyadan sonra məsələni Milli Məclisin müzakirəsinə çıxarılmasına ehtiyac var. Orda qanun şəklində müzakirə edilib qəbul olunsun. Bu səbəbdən da qanunları sərtləşdirib, israfın qarşısını bu üsulla alınmalıdı.

Pandemiya dövründə insanlar həm də ona şahid oldular ki, kütləvilik, dəbdəbə olmadan toy da etmək olur, yası da yola vermək mümkündür. Bir telefon zəngi ilə başsağlığı vermək olursa, niyə sadələşdirməyək? Bunu həyat normasından çıxarıb, ictimai münasibətlər kontekstinə daxil etməyimiz lazımdır

Tanıdığım Səlimovlar ailəsi var. İlqar – ailənin başçısı şəxsi maşınıyla taksiçiliklə məşğul idi. Qızına toy etmək üçün bankların birindən 11 min manat kredit götürmüşdü. Borcunu ödəyə bilməyən İlqarın qara günləri bundan sonra başlayıb. Məcbur olub maşınını satıb. İndi ümumiyyətlə gündəlik fəhləliklə dolanır. Bu da sizə ifratçılığa bir nümunə. Mətbuatda Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənlinin maraqlı bir fikriylə tanış oldum. Hacı deyir ki, ehsanı vacib əmələ çevirmək, rəqabət aparmaq, bir-biri ilə yarışmaq məsələləri sağlam məntiqə və dinə ziddir: “İnsanlara anlatmaq lazımdır ki, onlar savab qazanmaq istəyəndə günaha səbəb olurlar. Bunlar hamısı günaha aparıb çıxarır və insanın Allah yolundan uzaqlaşmasına səbəb olur. Ona görə də hesab edirəm ki, fürsətdən yararlanıb insanlara məhz bu həqiqətləri daha ciddi şəkildə çatdırmaq lazımdır”.

Bir qədər əvvəl Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Feysbukda mövzunu yenidən gündəmə gətirdi: “Yası tərgitmək gərək”. Həmin statusa sosial şəbəkə istifadəçisi Yusif Mirzə belə bir rəy yazmışdı: “Yasların və toyların formatını dəyişdirmək lazımdır. İndiyə qədərki şəkildə sadəcə biabırçılıqdır. Bu şəkildə onlar heç kimə lazım da deyil. Karantin göstərdi ki, ehsanı da yığışdırmaq, toylara da bir çarə fikirləşmək olar. Toylara gedir, stolun üstünü doldurmuş yemədiyimiz yeməklərə, içkilərə, heç bir zövq almadığımız bayağı musiqi və mahnılara görə pul ödəyirik. Kiminsə cibi dolur. Nə toy sahibinə xeyri var, nə də bəylə gəlinə. Buna bir son qoyulmalıdır”.

Hə, doğrudan da son qoyulmalıdır!