Metronun qrunt suları ilə yaşıllıqlar suvarılacaq - YENİ LAYİHƏ
06 avqust 2020 13:41 (UTC +04:00)

Metronun qrunt suları ilə yaşıllıqlar suvarılacaq - YENİ LAYİHƏ

Baş nazirin müavini Şahin Mustafayev metro tunellərində formalaşan qrunt sularından səmərəli istifadə edilməsi layihəsi ilə tanış olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Lent.az-a verilən məlumata görə, nazirlik və "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən metropoliten ərazisində formalaşan yeraltı qrunt sularından səmərəli istifadəyə hesablanmış mühüm bir layihənin icrasına start verilib. Texniki məqsədlər, əsasən də yaşıllıqların suvarılması üçün yeraltı qrunt sularından istifadəni nəzərdə tutan layihə çərçivəsində ilk mühüm addım "Nizami" metro stansiyasının yerləşdiyi ərazidə atılıb.

Baş nazirin müavini Şahin Mustafayev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və "Bakı Metropoliteni"n sədri Zaur Hüseynov metro tunellərində formalaşan qrunt sularından səmərəli istifadə edilməsini nəzərdə tutan layihənin icrası ilə tanış olublar.

Qeyd edək ki, layihə çərçivəsində qrunt sularının daha gur olduğu və suyun debitinin müvafiq tələblərə cavab verdiyi "Nizami-Elmlər Akademiyası" mənzilində müvafiq işlər icra edilib.

ETSN-nin ixtisaslaşmış laboratoriyası suyun tərkibini tədqiq edərək müsbət rəy verdikdən sonra mühəndis-texniki qurğulardan suyun nəql edilməsini təmin edən xətt çəkilib. Artıq qrunt sularından paytaxtda yaşıllıqların suvarılması məqsədilə istifadə olunur.

Metropolitendə qrunt sularının debitinin kifayət qədər olduğu daha bir neçə sahədə araşdırmalar yekunlaşmaq üzrədir və həmin ərazilərdə də bu cür tədbirlər həyata keçiriləcək.

Xatırladaq ki, aprel ayının 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş video müşavirədə  Prezident İlham  Əliyev ölkə ərazisində su ehtiyatlarının yaradılmasını, sudan səmərəli istifadə olunmasının aktuallığını xüsusi qeyd edərək, müvafiq komissiyanın yaradılması barədə qərarını açıqlamışdı.

Komissiya tərəfindən bir neçə istiqamətdə layihələrin icrasına başlanılıb.

 

 

# 1918
avatar

Aygün İbrahimli

Oxşar yazılar