6604
writer1

Samirə Əşrəf

Məqalə sayı : 49

14:24 06 Avqust 2020

Kitabsızlığın yaratdığı savadsızlıq

Ölkənin bir sıra ziyalıları Opertaiv Qərargaha kitab mağazalarının açılması üçün müraciət edib. Onlar kitabxanaların və kitab evlərinin açılmasını zəruri sayır.

Biz də zəruri hesab edirik. Biz deyəndə yəni yazı pozu əhlini, ömrünü gününü kitaba yazıya bağlayan insanları nəzərdə tuturam.

Yəni bu cür öləzimiş bir vəziyyətdə kitab mağazalarının açılması əlbəttə ki, vacib idi. Çünki məntiqlə analiz edildikdə də, hazırki şəraitdə kitab dükanlarının açılmasında, xüsusi təhlükə görülmür. Onsuz da bu dükanlarda heç vaxt sıxlıq olmur. Heç bir kitab evində eyni vaxtda 10 nəfər adam tapa bilməzsiniz. Daxil olduğum kitab mağazalarının bu başından o başı həmişə aydın və şəffaf görsənib. Hansısa tanınmış şairin, yazıçının kitab təqdimatları müəyyən mənada bu konuda istisnadır. Amma vallah məsələyə bədbin tərəfdən yanaşsaq, elə həmin təqdimatlardakı çoxluğu yaradan da bizlər olmuşuq. Özümüz yazıb, özümüz də oxumuşuq.

Bu neqativ durum da əsas verir ki, bu tip obyektlər artıq oxucuların ixtiyarına verilsin.

Bu insanlar ki, yazdıqları hər cümlənin, hər sətrin içərisində bir misqal kitab həsrəti, kitab sevgisi qoyublar. Bunu edə bilmək üçün müxtəlif əyləncələrdən, rahatlıqlarından keçiblər. On dörd, on beş yaşından üzü bəri gündüzləri gün, gecələri ay işığında kitab oxuyan nə qədər insan tanıyıram. Ətrafımda kitabı həyatının vaz keçilməzi hesab edən saysız hesabsız adamlar var.

İllərdir kitabın, elmin, mütaliənin insanlıq üçün nə qədər faydalı olduğundan danışırıq, yazırıq. Buna görə hər cür tənəyə, lağa, söz-söhbətə tuş gəlmişik. Amma son illər kitabsızlığın yaratdığı savadsızlıq, məlumatsızlıq böhranı kitab əhlinin nə qədər haqlı olduğunu sübut etdi.

Koronavirus pandemiyasından sonra toyxanalar, yasxanalar, ticarət mərkəzləri ilə yanaşı mədəniyyət məkanlarının bağlanması pis, yaxşı formalaşmağa can atan kitab bazarına öz mənfi təsirini göstərdi və göstərməkdə də davam edir.

Statistikaya əsasən Azərbaycan son illər kitab oxunma siyahısında heç də üst sıralarda deyil. Və sıra məsələsi gec tez xalqın düşüncə tərzində, elmində, mədəni həyatında özünü biruzə verir.

Yadıma gəlir, sovet dövründə kitablar əldən-ələ keçib oxunmaqdan didik-didik olur, vərəqləri yarpaq kimi tökülürdü. Amma biz yenə də həmin kitablardan əl çəkmirdik. Bu kitabları oxumaq üçün günlərlə öz növbəmizi gözləyərdik. İndi isə kitablar nəinki kitab mağazalarında, hətta dövlət kitabxanalarında da tər vəziyyətdə kitab rəflərində tozlanıb qalır. Dəfələrlə kitabxanalarda elə belə yoxlamaq üçün, üzləşəcəyim qanqaraldıcı vəziyyətin nə olacağını bilə-bilə ən məşhur yazıçıların kitabları götürüb baxmışam. Elə kitablar olub ki, beş, on il kitabxanaya təhvil verilməsinə baxmayaraq məndən və bir neçə yaşlı oxucudan başqa heç kimə gərək olmayıb.

Bir az pafoslu səslənsə də, kitab da ərzaq mağazalarında satılan məhsullardan az dəyərli deyil. Bu şəxsən mənim üçün belədir. Əminəm ki, mənim kimi həmkarlarım çoxdurlar. Çörək, dərman, kitab...

Ümid edək, əmin olaq ki, tezliklə kitab mağazaları oxucuların ixtiyarına veriləcək. Bu akt həm də, növbəti pandemiyalar zamanı insanların davranışına təsir edə bilər; kitablı cəmiyyət bütün təlatümlərdən üzüağ çıxır. Kitablı cəmiyyət bütün işıqlı ideyaların təminatıdır.