6471
writer1

Elçin Mirzəbəyli

Məqalə sayı : 2

18:31 05 Avqust 2020

Cılız diplomatların yeni fitvası və “beşinci kolon”un xəyanətkar siması

Azərbaycanın cəbhə xəttində, diplomatik müstəvidə əldə etdiyi uğurlar, xaricdə yaşayan həmvətənlərimizin Ermənistanın təcavüzkar siyasətinin ifşa edilməsi ilə bağlı fəallıq nümayiş etdirmələri təkcə işğalçı ölkənin siyasi dairələrini, ultramillətçi erməni təşkilatlarını deyil, tarix boyu “erməni məsələsi”ndən geosiyasi təzyiq vasitəsi, “Domokl qılıncı” kimi istifadə edənləri, anti-Azərbaycan dairələrini də narahat etməyə başlayıb. Diplomatik müstəvidə həmlələrimiz gücləndikcə, xaricdə yaşayan həmvətənlərimiz öz tarixi Vətənlərinin haq səsini dünyaya çatdırmaq üçün səfərbər olduqca, ölkəmizə qarşı böhtan və qarayaxma kampaniyaları da daha intensiv, daha aqressiv şəkil alır.

Ermənistanın Azərbaycana qarşı növbəti təxribatının uğursuzluğu, Ermənistanın aqressiv siyasətinin beynəlxalq müstəvidə ifşa olunması, azərbaycanlıların xarici ölkələrdə təşkil etdikləri dinc aksiyalarının effektivliyi, dünyanın bir çox ölkələrinin, beynəlxalq təşkilatların ölkəmizi dəstəkləməsi ermənipərəst qüvvələri çətin duruma salıb. 
Buna görə də ermənipərəst dairələr 5 ci kolon vasitəsilə azərbaycanlıların aksiyasını gözdən salmağa, ölkəmizdə “Human Rights Watch” da daxil olmaqla beynəlxalq hüquq müdafiə təşkilatlarına qarşı artan tələblərin istiqamətini dəyişməyə və Fuad Qəhrəmanlı, digər AXCP üzvlərinin həbsi nümunəsində diqqəti Azərbaycanda insan haqları məsələsinə çəkməyə cəhd göstərirlər. 

Bu sıraya ermənilərin dinc azərbaycanlı nümayişçilərə qarşı törətdikləri vəhşilikləri və baş verənlərin doğurduğu reaksiyaları da nəzərə alsaq, Qərbdən Azərbaycana qarşı artıq işartıları nəzərə çarpmaqda olan yeni kampaniyaların əsl səbəblərini müəyyənləşdirə bilərik. 

Son günlər “Azadlıq” və “Amerikanın səsi” ölkəmizə qarşı aqressiv ritorikanı yüksəldiblər. Bu radioların indiki halda erməni təbliğat maşınının elementlərindən biri kimi davranmaları, prosesin Ermənistan, erməni diasporu, erməni lobbisi ilə sinxron həyata keçirildiyi, vahid mərkəzdən idarə olunduğu mənzərəsini yaradır. SSRİ dağıldıqdan sonra heç bir ideoloji önəm daşımayan, əslində öz missiyalarını başa vuran bu kütləvi informasiya vasitələri Azərbaycan kimi öz maraqlarını qorumaq üçün prinsipiallıq nümayiş etdirən, müstəqil hüququn subyekti kimi davranan, suveren hüquqlarını müdafiə edən ölkələrə münasibətdə “soyuq müharibə” dövrünün yazılmamış “qanunlarına”na uyğun rəftar etməyə çalışır, jurnalistikanın bütün dünyada qəbul edilmiş təməl prinsiplərini pozaraq, birtərəfli informasiya siyasəti həyata keçirirlər.

Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması, işğal nəticəsində öz evlərindən didərgin salınan bir milyona yaxın insanın fundamental hüquq və azadlıqlarının pozulması, hərbi təxribatlarını davam etdirməsi, mülki vətəndaşları hədəfə alması, dinc sakinləri qətlə yetirməsi faktlarına heç bir reaksiya verməyən bu kütləvi informasiya vasitələri, azərbaycanlıların onların üzərindən sükutla keçdiyi həqiqətləri dünyaya çatdırmaq cəhdlərinin, soydaşlarımızın dinc etiraz aksiyalarının üzərinə kölgə salmağa, diqqəti erməni diasporu təmsilçilərinin cinayətkar əməllərindən yayındırmağa çalışırlar.

Hər zaman olduğu kimi, bu prosesdə də “beşinci kolon”un ənənəvi təmsilçilərinin, AXCP, “Milli Şura” və onların xaricdə məskunlaşmış xəyanətkar tör-töküntülərinin xidmətlərindən istifadə olunur.

Görünür, azərbaycanlıların fəallığı uzun illərdən bəri üzərində saysız-hesabsız oyunların qurulduğu, milyardlarla dollar vəsiatin mənimsənildiyi daşlaşmış erməni yalanlarını yerindən oynadıb. Düşmənlərimizi narahat edən də xalqımızın mübarizə əzmi, dövlətimizin qətiyyətli mövqeyidir.

Bu prosesdə diqqət çəkən məqamlardan biri də “demokratiya ixracı” üzrə “ixtisaslaşmış” təşkilatların, Azərbaycana və Türkiyəyə qarşı ənənəvi olaraq aqressiya sərgiləyənlərin fəallaşmasıdır. “Azadlıq” və “Amerikanın səsi” radioları da məhz belələrinin “xidmət”lərindən istifadə etməklə əslində tərəf olduqlarını nümayiş etdirirlər. Məsələn, ölkəmizə qarşı artıq uzun illərdir ki, həyata keçirilən böhtan və qarayaxma kampaniyalarının öncüllərindən olan Avropa Parlemanetinin üzvü İsabel Santos yenə də sözügedən radioların sevimlisinə çevrilib. Qeyd edək ki, bu, İzabel Santosun Azərbaycana qarşı ilk təxribat cəhdi deyil. Santos ATƏT PA-da təmsil olunanda da eyni missiyanı həyata keçirirdi. Bu arada bir məqama toxunmağı vacib hesab edirəm: İsabel Santos Azərbaycanda, Bakıda doğulub. O, Anqolanın ikinci prezidenti Joze Eduard duş Santuşun SSRİ vətəndaşı ilə qurduğu evlilikdən olan qızıdır. Joze duş Santuş indiki Neft və Sənaye Universitetində ali təhsil alıb. Lakin valideynləri ayrıldıqdan sonra İzabel anası ilə birgə Böyük Britaniyaya, daha sonra isə Portuqaliyaya köçüb.

İzabel Santos Anqolanın məşhur mobil operatoru olan “Unitel”də dəyəri 1 milyard ABŞ dolları olan 25 faizlik paya sahibdir. Santosun səfalətin hökm sürdüyü ata vətənində müxtəlif vasitələrlə, o cümlədən siyasi təzyiq və təqiblərləələ keçirdiyi varidatı milyardlarla ABŞ dolları ilə ölçülür. İndi Avropa Parlamentinin üzvü olan bu xanım kasıb Anqolanın BİC bankında 25%, BPİ bankda 20% səhmə sahibdir. İsabelin kabel televiziyaları, gecə klubları, restoranlar şəbəkəsi, kəsəsi nəhayətsiz biznes imperiyası var. Müqayisə üçün qeyd edim ki, bu gün Anqolada sadə vətəndaşın günlük gəliri 2 ABŞ dollarından yuxarı deyil…

Onu da xatırladaq ki, Bakıda anadan olmuş İzabel dos Santos uzun illərdir ki, məhz paytaxtımızda gələcək həyatını müəyyənləşdirmiş erməni iş adamı Qalust Qülbenkyanın adını daşıyan fondla sıx əməkdaşlıq edir. Sözügedən fond ermənilərin xaricdə fəaliyyət göstərən aparıcı lobbilərindən biri sayılır. O cümlədən Qalust Qülbenkyan fondunun baş ofisi İzabel dos Santosun xüsusi önəm verdiyi və məskunlaşdığı Portuqaliyada yerləşir. 

Yeri gəlmişkən, Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ  ərazisinə  Suriyadan  gətirilmiş ermənilərin yerləşdirilməsi, onlara evlərin tikilməsi, o cümlədən sosial infrastrukturların yaradılması kimi hallarda Qalust Qülbenkyan fondu xüsusi canfəşanlıq göstərir. 

İzabel dos Santosun biznes maraqlarının təminatında bu erməni fondunun rol alması, İsabel Santosun Avropa qurumunun kürsüsündən Azərbaycana qarşı təbliğat aparmasının heç də təsadüfi olmadığı bir daha sübuta yetirir.
Azərbaycana qarşı təxribat kampaniyasının başqa bir iştirakçısı, həmçinin “Azadlıq” və “Amerikanın səsi” radiolarının sevimlisi Keti Piridir. Keti də İsabel kimi ermənilərin himayəçisi, onların qondarma soyqırım iddialarının ən bariz müdafiəçisi kimi tanınır. Bir vaxtlar Avropa İttifaqı-Türkiyə münasibətlərinin kəskinləşməsində də bu erməni sevdalısı qadının xüsusi xidmətləru olub. 

Əslində, zaman-zaman Azərbaycana qarşı təxribat kampaniyalarında iştirak edən, Ermənistanın, erməni diasporunun maraqlarından çıxış etdiklərini “demokratiya”, “insan haqlarının müdafiəsi” görüntüsü ilə pərdələməyə çalışanların ya qanından, ya canından, ya da yanından bir erməni çıxdığının şahidi olmuşuq… Eyni proses bu gün də davam edir. Rollar dəyişsə də ənənə dəyişməyib.

Elçin Mirzəbəyli