8545
writer1

Cavid Təvəkkül

Məqalə sayı : 1

19:15 02 Avqust 2020

Səsin görüntüyə çevrilməsi və kinonun yaranışı

Kulis.az rejissor Cavid Təvəkkülün "Səsin görüntüyə çevrilməsi" yazısını təqdim edir.

A

İlk olaraq səs eşitdilər.
Müxtəlif ahəngli, qəribə sədalı səslər.
Özləri də bilmədən səslərdən sözlər yaratdılar.
Sözlər vasitəsiylə bir birlərinə dolğun da olmasa nələri isə izah etməyə, anlatmağa başladılar. Sonra sözləri yanyana düzdülər, oldu cümlə.
Cümlələrlərlə ifadə etdikləri fikirləri nəinki gündəlik həyat tələbləri üçün həm də formalaşan cəmiyyətdə yaranan münasibətlərə aydınlıq gətirmək imkanlarının olduğunu dərk etdilər.
Hisslər yaşantılardan doğuldu və hisslərdən müxtəlif fikirlər yarandı. Fikir yarandı və fikirlər müxtəlifdir. Şəraitə, mühitə və insanlara qarşı münasibətdən doğan fikirlər çoxaldı. Yaşantılar sərt ya mülayim şəraitdən, vəhşi ya sivil mühitdən, insanlığın ortaya qoyduğu nifrət ya da sevgidən süzülərək müxtəlif hisslər üzərindən fikirlərə çevrildi. Bir neçə fikri yanaşı düzərək istəklərini, arzularını diqtələrini müxtəlif formalarda ünvanına çatdırmağa çalışırdılar.
İnsanlar bir birlərini anlamağa başladılar.


B

Fərdlər seçilməyə başladılar.
Fikirlərini səlist, anlaşılan və dürüst ifadə edə bilən fərdlər meydana gəldilər. Gündəlik həyat tələblərində, sosial qayğılarda batan kütlədən seçilən fərdlər insanların ən çox toplaşdıqları ərazilərdə, meydanlarda, bazarlarda fikirlərini əhaliyə bəyan edərək şəxsini digərlərindən seçdirirdi. Seçilən fərdlərə “arator” dedilər. Aratorlar tarixdən, tibbdən, siyasətdən və əksər hallarda ədəbiyyatdan nitqlər söyləyərdilər. Aratorlar bəzən gurultulu, bəzən də lirik-poetik çıxışlarla insanların qəlblərinə yol tapdılar. Beləliklə aratorlar sayəsində insanlar zamanın mövcud olan problemlərini, elmlərini, xəbərlərini və gündəmi izləyirdilər. Təxmini belə bir vəziyyət idi, məsələn, filan meydanda filan arator tarixdən, filan bazarda isə filan arator siyasətdən nitq söyləyir. Belə bir şey təsəvür edin; deyək ki, adı İtatey olan aratorlardan biri illərcə yığılan yaşantılarınını toplayaraq fikir halında insanlara bazar meydanında lirik-poetik formada izhar edir. Kənardan dayanıb aratorun bu lirik-poetik fikirlərini diqqətlə dinləyən, heyranlıqla İtateyə baxan, deyək ki, adı olsun Regostol söylənilənlərdən şövqlənir və izhar edilən hər fikri ayrı-ayrılıqda görür.

Diqqət!.. sözləri görüblər, indi növbə çatdı fikirləri görməyə.

Artıq Regostol kimi fikirləri görənlər peyda olurdu və onlar da fikirləri göstərmək fikrinə düşürlər. Beləliklə, İtatey lirik - poetik nitqini bitirən kimi Regostol ona yaxınlaşır (səhv etmirəmsə belə bir səhnə “Aşiq Şekspir” filmində də var) və ondan həmən bu lirik-poetik fikirlərini istəyir. Təbii ki, İtatey pul müqabilində dəriyə köçürülmüş fikirlərini Regostola verir. İtatey soruşanda ki, neynirsən bu fikirləri, Regostol öz növbəsində ortaya bir sözdən ibarət böyük bir fikir qoyur, göstərəcəm, deyir.

İtatey bazar meydanında lirik-poetik fikirlərini səsləndirən zaman Regostol gözlərini yumub dinlədiyi an təsvüründə gördüyü xəyali görüntüləri özü də daxil olmaqla iki dostuyla real həyata inteqrasia edir, göstərir.
Regostolun real həyata inteqrasia etdiyi xəyal və təsəvvürlər meydanlarda, bazarlarda, bayramlarda tamaşa formasında oynanılır.

Regostol yeni bir peşə yaratdı.

Sonralar aratorlar bu formanın daha çox uğur və rifah gətirdiyini görüb başlayırlar özləri də bu sayaq tamaşalar quraraq nümayiş etdirməyə, amma Regostol fikirləri ilk göstərən oldu.


C

Fikirləri ilk görməyə başlayan Regostolun təməlini qoyduğu peşə rejissorluqdu. Rejissura azad peşələrdən biridir və istənilən adam bu peşə işlə məşqul ola bilər yaxud hobbi kimi də baxa bilər. Təhsilli ya təhsilsiz, savadlı ya savadsız, yetər ki, Regostol kimi fikirləri görüb insanlara təqdim etmək, göstərmək bacarığın olsun. İstərdim diqqətinizə çatdırım ki, fikirləri görmək başqa istedaddır, amma onu real həyata necə inteqrasia etmək bacarığı isə hər adama verilmədiyindən təhsil lazımdır və vacib məsələlərdən biridir. İndi ki, dildə desək yəni, nələri isə görürsən, amma bilmirsən ki, bu gördüklərini səhnəyə yaxud lentə necə köçürəsən və bu bacarığı inkişaf etdirmək üçün işi bilənlərdən dərs almaq lazımdır.

Regostolun peşəsinin zamanımıza gəlib çıxmağı müxtəlif deformasiyalardan keçibmi, ibtidai forması mükəmməl idimi yaxud orqanik inkişaf olmadı deyə insanlar tərəfindən müdaxilələrə məruz qaldımı, suallarına cavab verə bilmirəm və bunu mübahisəli mövzu sayıram. Amma muasir sivilizasiya da Regostolun məşqul olduğu peşəyə çox sayda tövhəsini verib. Dünyada baş verən texnoloji yeniliklərdən tutmuş ta iqtisadi, siyasi dəyişikliklər - istər teatrda istərsə də kinoda özünü göstərir və bunu dünya teatr, kinosunu izləyən hər kəs bilir.

Dünyada baş verənləri diqqət mərkəzində saxlayan kəslər bilirlər ki, yeni dönəmin rejissurası başqadır, fərqlidir. Klassik rejissor modeli artıq keçərli sayılmır və günün tələbləri başqa olduğundan rejissura daha mobil, inevativ bir müstəviyə qədəm qoyub. Yeni dönəmin rejissurası tək rejissuranı deyil həm də günü gündən inkişaf edən texnalogiyanı, marketingi və inzibatı idarə etməni də bilməlidir.

Diqqət, “Səni səndən başqa heç kim tanımır və sən özün özünü tanıtdırmalısan”düşüncəsi indiki zamanda daha aktualdır. Yəni yeni insan formatı, yeni zamanın tələbini, diqtəsini anlayaraq özü özünü realizə etməyi bacarmalıdır bu yolda çalışmalıdır. Yeni insan tipi anlayır ki, ölməmək, ayaqda qalmaq üçün bu gün texnoloji inkişafdan və peşəsinə yaxın bütün sahələrdə baş verən dəyişikliklərlə ayaqlaşmalı, onlardan səmərəli şəkildə istifadə etməlidir. Yaradıcı insanlarsa (yaşın fərqi yoxdur) bu gün daha operativ analiz etmə qabiliyyətinə malik olmalıdır, mobil formada baş verən yeniliklərdən, texnoloji dəyişikliklərdən istifadə etməklə fikirlərinin göstərməyi bacarmalıdır. Necə ki, Regostol vaxtında aratordan fikirlərini alıb həmən o fikirləri göstərməyə başladı.

Yeni dönəmin diqtələrindən biri də özünü müdafiədi - ayaqda qalmaq, sənə qarşı edilən haqsızlıqlara qarşı ikiqat silahlanmaq. Bir rejissor kimi silahın da, təbii ki, istedadın, işlərindir, amma onu da unutma ki, tək istedadın, işlərin ayaqda qalmağa kifayət etmir.

Ümumiyyətlə bu gün internet əsrində yaşadığını və yeni eraya qədəm atıldığını anlayıb dərk edənlər gələcəyin sakinləridirlər. Etiraf edək ki, internet insana istənilən mövzuda köməkçidir və muasir insanın həyatının ayrılmaz hissəsidir. Analar övladlarını böyütməyi internetdən öyrənirlər, internet üzərindən insanlar tanış olub evlənirlər və sairə...

D

Nəticə etibarı ilə, qayaüstü rəsmlərdən, yazılardan, eposlardan yaranan ədəbiyyat teatr və kinoya çevrildi hətta müxtəlif formalarda təsviri sənətə də müdaxilə edir. Daşlardan internetə kimi gələn yolun yolçularının hər biri ayrı-ayrılıqda səsdən, sözdən ilham alıb. Kinomuzun, teatrımızın inkişafı “Femistokol”larımızdadır və antik əsrlərdə olduğu kimi yeni dövrümüzün “Regostol”u da dayanmadan “Femistokol”ları axtarmalıdır, ya da bir canda həm Femistokol həm də Regostol olmalıdırlar. Heç bir texniki inkişaf, heç bir süni müdaxilə canlı ünsiyyətə mane ola bilməz və səsdən doğan canlı ünsiyyət əbədi olaraq qalacaq. Səslə gəldik, səslə də gedəciyik. Sözlə varıq, sözlə də yox olacağıq.
Pandemiya girəndən bəri məni bir sual düşündürür: əcəba dünən bazar meydanından başlanan sənət yenidən bazar meydanına qayıtmır ki?