8254
writer1

Ramilə Qurbanlı

Məqalə sayı : 606

15:49 29 İyul 2020

Bu gün çəkək, sabah... uduza bilərik

“Qonşular fil boyda işlər görəndə biz başlayırıq siçan boyda iş görməyə”. Razıyam, bu yazı siçan boyda iş olsun, heç olmasa, bundan sonra başlayaq fil boyda işlər görməyə.

Düşmən qonşu Tovuz döyüşlərindən film çəkib, müxtəlif dillərdə nümayişinə də başlayıb. Fil boyda da deyil e, bu iş ondan çox böyükdür. Görün necə uzaqgörənliklə planlaşdırılıb ki, ora filmin çəkilməsi də daxil olub. Bəlli məsələdir ki, 3-4 günün içində film çəkmək çətin olar, əvvəldən hazırlığın olmasa...

Kino da bir ayrı dərddir. Hamı bilir ki, yəhudilər həqiqətlərini dünyaya “Pianoçu”, “Zolaqlı pijamalı oğlan” və sair bu kimi milli maraqlarını, faciələrini əks etdirən filmlərə anlatdılar. Kino təbliğat üçün çox böyük silahdır. Heç bir siyasi görüşlər, konfranslar, danışıqlar bir “Pianoçu” filminin gördüyü işin yarısını görə bilməz.

Dünya ictimaiyyəti dediyimiz evində oturduğu yerdə heç bir siyasi gedişi izləmir. Kinoya baxır, görür ki, kim işğalçıdır, hara işğal olunub. Millətləri belə kinodan tanıyırlar.

Çox uzatmayacam, kino çəkmək lazımdır. Biz bu sahədə uduzuruq. Kinonun əhəmiyyətini görməzliyə vurmaq kimə sərf edir axı?

Özü də kino çəkmək üçün Amerika kəşf etmək lazım deyil. Sadə, hamının başa düşəcəyi süjetlərlə. Onu da axtarmaq lazım deyil, həyatımız belə süjetlərlə zəngindir. Bircə qarabağlı qaçqın qızın həyatını çəksək, bəsdir. Yaxud atasının şəhid olmasından iki gün sonra körpənin doğulması ilə başlayan film. Bu günlərdə sosial şəbəkələrdə bir qısa video gördüm – 3-4 yaşında oğlan uşağı şəhid atasının məzarının üstünə uzanıb çağırıırdı: “ata, mən gəldim...” Uşaq elə çağırırdı ki, elə bil inanırdı ki, atası onu eşidir... həm də bilirdi ki, atası ordan hay verməyəcək daha, amma möcüzə gözləyirmiş kimi çağırırdı – ata, mən gəlmişəm. Elə bil atasının onu eşitdiyinə əmin idi və inanmaq istəyirdi ki, indi ata ordan qalxıb onu qucağına alıb həmişəki kimi öpüb-oxşasın. O kadrda o qədər xiffət, nisgil vardı... Bu kadrla başlayıb, hekayəti danışıb, elə o kadrla da filmi bitirmək olar. “Əsgər atası”, “İnsanın taleyi” filmləri qədər insan faciəsini əks etdirən təsirli sənət işi olar.

Kinoya lazım olan hər nəsnə vardı həm də, uydurmaq lazım olmayacaq. Həyatımız kinodur, real kino.  Bax, bununla başlayan bir film çəksək dünya halımızı anlayar, biganə qala bilməz. Yəni yalanımız yoxdur, dünyaya həqiqətimizi çatdıra bilək...

Ramil Səfərovun elədiyi bir filmin süjetidir – psixoloji dram janrında. Şəhid qəhrəmanlarımızın hər birinin döyüş yolu - həyat yolu ilə paralel - hərəsi bir filmdir.

Yaxud Nəzakət Zeynallı adlı tibb bacısının yaralıların hospitala gətirilməsindən bəhs edən hekayəti – bir yaralının ayağına bağladığı əski parçası çəkmənin içində onun ayağının bir hissəsinə çevrilmişdi deyir... Sonra o gənc oğlanın ayağının kəsilməsi...

Biz nə çəkirik? Çəkəndə də “Mahmud və Məryəm” çəkirik... Gülünc... Mən tolerant, multikultural olmaq istəmirəm, boynuma qoymayın...

Kino çəkək. Kinoya ayrılan vəsait övladın təhsilinə ayrılan vəsait kimidir - itməz.

Hətta kino sənayesini formalaşdırıb, ondan maddi qazanmaq da olar, hərçənd ondan daha böyük qazanclar var...

Kino çəkək, xahiş edirəm, yalvarıram, bu gün başlayaq, sabah gec olacaq... Sabah uduza bilərik...