8455
writer1

Şərif Ağayar

Məqalə sayı : 25

14:18 29 İyul 2020

Maradonanın yanbızı

 

Ulduz xəstəliyi ifadəsi elə-belə işlənmir. Dünyanın ən böyük insanları belə bəzən şöhrət hissini idarə edə bilmir.

Dünya şöhrətli futbolçu Diyeqo Maradonanın məlum videonun sonunda arxasını açıb kameraya göstərməsi ulduz xəstəliyinin ciddi patologiyasıdır.

Adamı layiq olmayan həddə yuxarı qaldıranda bu xəstəlikdən daha çox əziyyət çəkir. Zaman gəlir, o ucalıqda olmadığını dərk edir və depressiyaya düşür.

Maradonanın nəinki dahi, hətta Tanrı hesab edənlər vardı.

Serb rejissor Əmir Kustiritsanın onun həyatı haqqında çəkdiyi sənədli filmdə həmyerliləri Maradona kilsəsinə yığışıb ilah kimi ona dua edirlər.

Geridə qalmış, elmi və mədəniyyəti ilə lazımı yerlərə çatmamış bir ölkənin miskin sadəlövhlüyü!

Görməmişin oğlu məsələsi!

Mətbuat da durmadan onun haqqında “dahi” sözünü işlədir. Mən heç cür anlaya bilmirəm ki, bir futbolçunun dahiliyi nədədir? Fiziki idmanlar dahini necə yetişdirir? Əfsanəvi ola bilər. Doğrudan da onun oyunlarının bir çoxu adi reallığın üstündədir. Dahilik bir başqa anlayışdır axı.

Maradonanın əylənməsi, rəqsi, bəlkə də stress atmaq, qocalığa meydan oxumaq üçün kameraya yanbız göstərməsi məni əsla qıcıqlandırmır. Əksinə, bir az xoşuma gəlir. Acıq vermək üçün yanbız açmaq ənənəsini bizdə də var. Xüsusən qadınlarda. Hətta dahi Bethovenin hirsindən öz xanım köməkçisinə yanbız göstərməsi faktını da bilirəm.

Məni təəccübləndirən başqa nüansdır.

Bu, yeni nəsil italyan rejissor Paolo Sorrentinonun “Gənclik” filmindəki Maradona obrazının öz prototipini necə unikalca xarakterizə etməsidir.

Filmdə dünya şöhrətli bəstəkar hovuzda çimərkən skripka çalan gənc bir oğlanla rastlaşır və ona oteldə ifa etdiyi musiqidə yanlışlığa yol verdiyini deyir. Gənc oğlan etiraz edəndə, bəstəkar deyir, o musiqinin müəllifi mənəm, xahiş edirəm düzgün ifa edəsən. Uşaq əvvəl inanmır, sonra çox sevdiyi bəstəkarla eyni hovuzda üzdüyünə əməlli-başlı heyrətlənir.

Artıq çəkidən və nəfəs daralmasından əziyyət çəkən. Maradona ağır-ağır onlara yaxınlaşır və deyir:

“Mən də Maradonayam!”

Uşaq əynindən 10 nömrəli futbolkanı hələ də çıxarmayan kök, qoca və güclə addımlayan ulduza baxıb laqeydcəsinə dillənir:

“Bunu bilirik də! Səni tanımayan var?”

Bəzən, şöhrət adamı elə bir pilləyə çatdırır ki, artıq ətraf sənə laqeyd qalır. Varlığın, yoxluğun kiməsə maraqlı gəlmir və bu vaxt sən, özün yaxınlaşıb özünü təqdim eləməli, yaxud, oynadığın yerdə kameraya arxanı açmalı olursan.

Tanrının əli məcazi də olsa var, lakin yanbızı kəsinliklə yoxdur!

Sadə olmaq insanlığın ən ali mərtəbəsidir.

Bizim sufilərdəki alçaqkönüllülülük kimi...


Bu, çox ciddi məqamıdır və həqiqi dahilik məhz bu məqamdan başlayır.