7885
writer1

Ayxan Ayvaz

Məqalə sayı : 42

11:44 27 İyul 2020

Müharibədən fayda götürənlər


Gündəmimizin qarmaqarışıq, müharibənin məşqini xatırladan günlərində yadıma müharibədən yazılmış əsərlər düşdü.

Müharibə haqda əsərlər birmənalı olaraq pasifist ideyaya söykənir. Amma müharibədən sonra pasifist ideya əsas götürülür. Müharibə gedə-gedə bu hisləri yaşamaq və onu savunmaq hardasa sadəlövhlük olardı.

Düzü, müharibədən bəhs edən əsərlər də, filmlər də məhz bu məramdan çıxış edirlər. Heç bir xalq, heç bir ölkə öz ərazi bütövlüyünü qorumadan sülh, yaxud humanizm nağılları söyləmir.

Əslində bizdə həmişə bu iki tərəf - yəni müharibə tərəfdarları ilə pasifistlər söhbəti yanlış istiqamətə aparırlar. Hələ heç nəyin gün işığına çıxmadığı, aydınlaşmadığı vaxtlarda bir-birini qırmağa başlayırlar. Müharibə istəyən pasifisti qorxaq, xain adlandırır, pasifist də o birini vəhşi. Halbuki bu cür düşüncəylə hər ikisi də yanlışa yol verir. Axı hər kəsin öz həqiqəti var: müharibə istəyənin də, pasifistin də. Bir-birinə qarşı düşmən mövqedə dayanmaq niyə? Halbuki düşmən cəbhədədir. O düşmən hər birimizin düşmənidir: pasifistin də, müharibə istəyənin də.

Müharibəni doğuran bir çox səbəblər var. Və bu səbəblər siyasilərin işidir. Mədəniyyət isə müharibədən sənət düzəltmək və onun amansızlığını dünyaya çatdırmaq istəyindən doğur. Düzü, müharibədən kapitaliscəsinə istifadə edən fast-food sənət də var. Bizim mövzumuz isə onlar deyil.

"Pianist", "Əsgər atası", "Şindlerin siyahısı" kimi filmləri xatırlayın. Şübhəsiz ki, bu filmlər dünya kinosunun şedevrləridir. Bu filmlər daha çox müharibənin özüdür, onun belə desək, film dilində poetik ifadəsidir. Ancaq Bertoluççinin "Komformist"i, Viskontinin "Tanrıların məhvi" filmləri tamam başqa rakursdan məsələyə baxır: müharibənin özünün törətdiyi fəlakətlərdən çox, müharibənin hərəkətverici qüvvəsi olan faşizm ideologiyasının Freydist-psixoloji qatlarını göstərir bizə.

Müharibədən bəhs edən məşhur əsərlər var: Şoloxov “Sakit Don”, Tolstoy “Hərb və Sülh”, “Hacı Murad”, “Kazaklar”, Hemenquey “Əlvida, silah”, Nikolay Qoqol “Taras Bulba”, Mixail Bulqakov “Ağ qvardiya”, Remark “Qərb cəbhəsində yenilik yoxdur”, Corc Oruel "Kataloniyanı xatırlayarkən" və s.

Yuxarıda sadaladığım bir çox əsərlər bizi həmin dövrün ab-havasına, müharibənin dəhşətlərinə aparır. “Sakit Don”da kazakların həyatı qəfil başlayan Birinci Dünya Müharibəsi ilə tamam başqa rəng alır: xəyanətlər, aldanışlar, nifrət başlayır. Yazıçı Don çayının lal-dinməz yerində durmasını təsvir edərək, bunun fonunda insanların müharibədən əvvəlki və sonrakı xarakterlərini ustalıqla təsvir edir.

Tolstoy “Hərb və sülh”ü 6 ilə yazıb. Rus və fransız müharibəsinin dəhşəti, axıdılan qanlar, dağıdılan evlər və eyni zamanda çirklənmiş rus elitası. Tolstoy yazır ki, I Aleksandr kefcil, ədabaz bir adamdır, günü bal-maskaradlarda qadınlarla vals oynamaqla keçir. Fransızların hücum xəbərini də elə belə ziyafətlərin birində eşidir. Məğlubiyyətdən sonra ruslar barışıq imzalayır. İkinci mərhələdə isə rus xalqı Rusiyanın istiqlaliyyəti uğrunda vuruşur, bu dəfə isə başçı Kutuzovdur. Napoleonun işğalçı ordusu rus torpaqlarından qovulur.

Müharibələrin dəhşətini, insanların ikiləşməsini, dəyişməsini, ölümü, göz yaşını, evindən didərgin olan insanları göstərir bu əsərlər. Biz özümüzü orda döyüşən qəhrəmanların yerində görürük, güllələrin səsi, atılan toplar bizi səksəndirir. Ya da döyüşənləri həsrətlə gözləyənlərin yerində hiss edirik özümüzü.

Həyatın amansız qaydaları olur: sənin yaşadığın torpağı ələ keçirtmək istəyən, acımasızca insanları güllələyən işğalçılar sakit, şad-xürrəm keçən gözəl günlərin üstündən qalın bir xətt çəkir.

Müharibədən bəhs edən əsərlərdə həyat iki hissəyə bölünür:

Müharibədə keçən amansız həyat;
Döyüşənləri həsrətlə gözləyən qadınlar, qocalar və uşaqlar.
Hər anı qorxu, səksəkə içində keçən günlər. Bəzən müharibənin içində olanlar deyil, arxa cəbhədə öz sevdiklərini gözləyən insanlar daha çox əzab çəkirlər. Müharibələr bu insanları dəyişdirir, əsəblərini sıradan çıxarır. Ancaq döyüşdən qayıdanın qarşısında özünü sındırmır, vüqarlı tutur. Çünki bilir ki, bəzən müharibə labüd olur.

Əlbəttə, müharibə amansızdır, heç kim heç kimin ölümünü istəmir. Bu əsərlər də müharibənin dünyanın ən gözəl, möhtəşəm bir şey olduğunu demir. Sadəcə müharibənin də bizim həyatın tərkib hissəsinə çevrildiyini deyir və başqalarının bədbəxtliyi üzərində xoşbəxtlik yaratmaq istəyən işğalçıların amansızlığını təsvir edir. Müharibəni də yaradanlar məhz bu cür düşünən beyinlərdir. Onlar şair demiş, günəşin, axar suyun düşmənidirlər. Onların üzündən torpaqlar işğal olunur, insanlar öldürülür, göz yaşları dayanmır, ailələr, nəsillər bədbəxt olur.

Hər şey keçib gedir, döyüşlər, qorxu içində keçirilən gecələr, güllə səsləri və s. Ancaq bütün bu dəhşətlərin sonrakı izləri heç vaxt yaddan çıxmır.

Müharibədən bəhs edən əsərlər müharibələrdən sonra qalan xatirələrdir. Şəhərlər işğal olunur, ancaq xatirələri işğal etmək heç vaxt mümkün deyil...

Bizim savaşımız hələ bitməyib. Bəlkə də bizim yazıçılar Qarabağ müharibəsi haqda böyük əsərləri bu məsələ həllini tapandan sonra yazacaqlar. Çünki yaxşı əsərlər hər şey bitəndən sonra soyuq başla yazılan əsərlərdir.

İnşallah, hər şey biz istədiyimiz kimi olar.