6178
writer1

Lent.az

Məqalə sayı : 44501

12:13 24 İyul 2020

Şəhid generalın yasında zabitin dedikləri – Həmkəndlisi yazır...

Kulis.az şəhid general Polad Həşimovun həmkəndlisi, şair Qismət Məsimin “Bizim Polad” yazısını təqdim edir.

Eşq nəyə kökləndisə əxlaq da, mədəniyyət də, cəsurluq da, o boyda olur.

Vətənə kökləndisə, vətən boyda!

Mənim şəhid generalımız Polad Həşimovun qaynı Babək müəllimlə dostluğumuz var uzun müddətdir. Elə Vəndamdayıq çoxdandı, hərdən söhbətləşə bilirik. Aprel döyüşlərindən bu yana, demək olar, uzaqda olanda da tez-tez soruşurdum, hələ general olmayan vaxtlarda da biz aramızda ona “General” deyirik.

<ins'></ins'>

- Hə Babək general necədi?

O:

- Vallah, şair, düşə bilirəm telefonuna. Görüm, nəhayət ki, evini bitirmək istəyir, bəzi işlərini tapşırıb mənə, material almalıyam.

- Bəs nə deyir? Necədi oralarda vəziyyət?

- O, həmişə deyir, əladı hər şey...

Polad Həşimov barəsində həvəslə danışırdıq.

Çox istəyirdim onu lap yaxından görüm, söhbət edim...

Bizi görüşdürməyə söz vermişdi Babək...

Açığını desəm, çox istəmişəm onun haqqında paylaşımlar edim, ancaq artıq hər kəsə məlumdur ki, qəti əleyhinə idi bu məsələlərin.

Dostlar topa oturanda hərƏ öz bildiyindən deyirdi:

- A kişi, o boyda adam kirayədə qala-qala döyüşlərdədi. Hələ evi yoxdu.

- Deyirlər, krediti var, mənə bir dostum danışır ki, gözümün qabağında lotereya oynayırdı hərbiçi dostları, bu, öz növbəsində pulu alıb, hərbi hissəyə su çəkdi yanımıza. Borc alıb, yuyunmağımız üçün yer düzəltdirdi.

- Nənəm ona ağlaya-ağlaya zərfdə pul vermşdi, o gərginləşsə də nənəmi tanıdığı üçün onun xətrinə zərfi götürmüşdü. Ancaq iki aydan sonra tərxis olunanda məni yanına çağırdı, həmin zərfi mənə verdi. Dedi, anaya gözəl bir hədiyyə alarsan, əllərindən öpərsən. Çox kövrəlmişdim.

- Mən ondan güclü zabit görməmişəm. O, əsgərini Allah kimi qoruyurdu!

Söhbətlər bitib tükənmir...

Tükənməyəcək də...

Çox maraqlı idi ki, Tovuz döyüşləri ərəfəsində, Poladdan danışmadıq. Mən hiss etmişdim ki, döyüşü Polad idarə edir. İlk şəhid xəbərləri gələndə Babək müəllimlə bir yerdə idik.

- Qismət, xəbərin var, Polad döyüşdədir. Allah qorusun.

Həyəcanlı bir sevinc idi bu xəbər. Çünki o olan yerə məğlubiyyətdən söhbət gedə bilməzdi. Babək susmur:

- Ayaqqabı aldıra bilmədik bir dənə. Dedi, var ayaqqabım elə o bir cüt bəsdir, mən formanı çıxardan deyləm ki... Bax sənə belə şalvar, bu ayaqqabı gözəl yaraşar. Deyirdi, mənə yaraşanı mən geyinirəm! Alış-verişdə olanda mütləq əsgərlərə nəsə almalı idi.

Qəti qərarlı idi. Çox. Mən onu bir neçə dəfə kitab oxuyan da görmüşdüm. Ədəbiyyat sevdalısı idi. O, bircə misrasında da vətən, torpaq, ana olmayan musiqini dinləyəndə, deyirdi, yoruluram. Şəxsi əşyalarına baxanda elə bilirdin, bir generalın yox, adi əsgərin əşyalarıdır.

İndi beynimin içini dağıdan bir sual var: Niyə bütünlüklə bağırıb sağlığında demədik ki, Polad, biz səninlə fəxr edirik, səni bütün Azərbaycan sevir!

...Üç mərasimində yüksək rütbəli zabitlərdən biri qəfil biz oturan tərəfə çevrildi.

- Polad ölməyib!

O qədər ciddi görkəmdə dedi ki, mən həyatımda üz cizgilərinin, deyilən sözlə bu qədər üst üstə düşməsini görməmişdim. Çevrilib Babək tərəfə baxdım:

- Bəlkə, doğurdan da ölməyib. Aprel döyüşlərindən çıxmışdı axı!

Qəfil beynimdə fikirləri cərgəyə yığırdım ki, zabit möhkəm səslə davam elədi:

- Ölməyib o! Səqiq sözümdü! Onu Allah öz yanına köməyə apardı!