13198
writer1

Günel Musa

Məqalə sayı : 18

13:15 20 İyul 2020

Nazilə Səfərlinin düşüncəsiz yaxşılığı

Son illər tez-tez sənət adamlarının ən həssas vaxtlarda diqqəti öz üzərinə çəkməkdə bir-biri ilə yarışının şahidi oluruq.

Tanınan simalar tərəfindən yaxşılıq etməyin şouya çevrilməsi, “Sağ əlin verdiyini sol əl bilməməlidir” deyimi ilə tərbiyə olunan cəmiyyəti qıcıqlandırır. Nazilə Səfərli də məlum videodakı dramatik çıxışı ilə insanların qəzəbinə tuş gəlib. Şəhid general Polad Həşimovun evinə başsağlığı verməyə gedən Nazilə Səfərli iki daşın arasında şəhidin evini təftiş etməyi bacarıb.

Evdən çıxan kimi, mağazaya baş çəkib, şəhidin evinə kondisioner sifariş verməsi və bunu sosial şəbəkədə elan etməsi onsuz da şou əhlinə qarşı soyuq müharibə elan edən kütlənin əsəblərini tarıma çəkdi. İşin əslinə baxanda niyyətdə pislik yoxdur.

Amma saflıq da yoxdur!

Yaxşılıq etmək qalıcı bir iz buraxmaq deməkdir. Yer üzündə insanın qalıcı iz buraxmasını təmin edən iki əhəmiyyətli əxlaqi dəyər var. Bunlardan biri, əliaçıqlıq, digəri, təvazökarlıqdır. İkisinin də içində yaxşılıq var.

Amma maddi yaxşılıq edib mənəvi dəyərləri göz ardı etmək şəxsin bütün yaxşı niyyətinin üstündən qara xətt çəkir. Şou əhlinin zaman-zaman etdiyi yaxşılıqlar isə bəlli bir qarşılığa hesablanır: publika tərəfindən təqdir edilmək!

Başqa şeylər də ola bilər. Məsələn, “İnstaqram”da, “Feysbuk”da yaxşı “like”, çox izlənmə sayı kimi. Bütün bunlar isə yaxşılıqla satın alınan saxta sevgilər və hörmətdir. Biz bunun dəfələrlə şahidi olmuşuq.

Bir gün yaxşılığına görə təqdir olunan məşhuru sabah etdiyi yanlışa görə cəmiyyət bağışlamır. Çünki, bu yol ilə qazanılan sevgi sabun köpüyüdür.

Nazilə Səfərlinin şəhid ailəsinə baş çəkməsi təqdir olundu, amma səhəri gün canlı yayım açıb, şəhid anasının ayaqlarına düşməsini və kondisioner almasını gündəmə gətirməsi sərt tənqidlərə tuş gəldi.

Bir hərəkəti edərkən, səviyyəli düşünmək çox əhəmiyyətlidir.

Zamanımız sürət zamanıdır. İnsanlar da çox sürətli bir həyat yaşayır. Bu sürətin içində sanki dayanıb düşünməyə, baxmağa, anlamağa vaxtımız olmur. Halbuki bir az yavaşlamağa və sürətimizi azaltmağa çox ehtiyacımız var. Çünki görüb anladığımız, düşündüyümüz zaman həqiqi mənada məsuliyyətlərimizin fərqində oluruq.

Nazilə Səfərli də sürətini bir az azaldıb dərk etməli idi ki, evinə kondisioner alıb yolladığı şəhid general illər əvvəl ona verilən evi şəhid ailəsinə bağışlayan və bundan anasının belə xəbəri olmayan bir oğul idi.

Anlamalı idi ki, Polad Həşimov ömür boyu maddi rifaha əhəmiyyət verən adam olmadığı üçün o ucuz, kondisionersiz evdə kirayə yaşayıb.

Bunları düşünə bilmək üçün bir az zaman lazım idi ki, Nazilə Səfərli gündəmdə olmaq ehtirasına məğlub olub özünə bu zamanı vermədi.

Cəmiyyətin qınağı Nazilə Səfərlinin bir o qədər də vecinə deyil. Yeni mövsümdə yenə kanalda bir-birindən seçilməyən yüngül verilişlərə imza atacaq. Necə deyərlər, dəyirman öz işindədir, çak-çak baş ağrıdır.

Amma şəhid anasının “Biz heç kimdən hədiyyə qəbul etmirik” sözü və hədiyyəni geri qaytarması düşünməyi bacaran insan üçün ağır sözdür.

Yaxşılıq nümunə olsun, ənənəyə çevrilsin deyə reklam oluna bilər. Lakin müəyyən etik çərçivələrdə. Yoxsa, Nazilə Səfərli kimi qaş düzəltmək istədiyi yerdə vurub göz çıxarmaqla yox...