11044
writer1

Ramilə Qurbanlı

Məqalə sayı : 606

12:35 16 İyul 2020

Yağı ayrandan ayırmaq...

 

Sosial media deyilən anlayış meydana daxil olub leksikonumuza düşən kimi sürətlə irəliləməyə başladı. 145 illik mətbuatımızın gəldiyi yolu sosial media kəsəsinə gəlir. Onun üçün nə təhsil lazımdır, nə də təcrübə. İnformasiyanı adamın alnına çırpır, çılpaqlığı ilə daxili senzurasız və heç bir məsuliyyət daşımadan. Ənənəvi, peşəkar mətbuat ona uduzur. İnformasiyanın çatdırılmasında uduzur, çünki sosial media rəsmi məlumat gözləmir, mənbə axtarmır, şappadan deyir. Nəticədə informasiya aləmində qarışıqlıq yaranır. Haqlını haqsızdan, düzü əyridən, yalanı həqiqətdən ayırmaq çətinləşir. Oxucu kimə inanıb-inanmayacağını çaşdırır. Və bunun qarşısını almaq mümkün deyil, eynilə texniki inkişafın qarşısını almağın mümkünsüzlüyü qədər. Heç kimin əlindən kompüterini, telefonunu alıb, “sən yazma, bu sənin işindir” deyə bilməzsən, internetini də bağlamaq olmaz. Amma əlacı var. Onun o yanğısını, potensialını yönləndirmək olar. Dövlətin, xalqın maraqlarına, ümumi mənafeyinə çalışması üçün yönləndirmək.

İyulun 12-dən başlayaraq, düşmənlərimiz Tovuzda atəşkəsi pozduqları kimi, sosial mediada da fəallaşdılar. Silahlarla törətdiklərini klaviatura ilə də edirdilər. Bütün dünyaya car çəkirdilər ki, Azərbaycan işğalçıdır, aqressordur, bizi yaşamağa qoymurlar, onları qınayın, bizi xilas edin və sair. Adlarını üstümüzə qoyub, bizi ittiham edirdilər. Pakistandan bizə rəsmi dəstək gəldiyini görüb, Hindistan üzərində necə əməliyyat apardılarsa, hindistanlılar bizi yarğılamağa başladılar oturduqları yerdən.

Onların bu fəaliyyəti pərakəndə, şəxsi adamlar halında deyil, mütəşəkkildir və bir mərkəzdən idarə olunur. Xüsusi qrupları var ki, bizim ana dilimizdə təmiz danışırlar və içərimizə sızıb sosial mediada bizlərdən biri kimi fəaliyytə göstərib təxribat törədir. Fikri yayındırıb özlərinə sərf edən istiqamətə yönləndirirlər. Bu çox təhlükəlidir, silahlardan da təhlükəli. Başqa qruplar isə bayaq dediyim kimi müxtəlif istiqamətlərdə güclü təbliğat aparırlar. Təbliğat siyasətdir, güclü siyasət isə qələbə.

İnformasiya qələbəsi bütöv qələbənin əlli faizini təşkil edir. Bu günün informasiyası yalnız Zərdabinin özülünü qoyduğu mətbuatın əlində deyil, çıxıb əldən. Bəzən insanlar sosial şəbəkəni mətbuatla səhv salır. Sosial şəbəkədəki hər kəs də özünü jurnalist hesab edə bilir. Mətbuatın özü də bu saat aydan arı, sudan duru deyil. Bu bulanıqlığın əsasında da yenə sosial mediadan keçid edənlər durur. Elə bilirlər ki, sosial hesabından yazdığı kimi də mediada fəaliyyət göstərə bilər, naşı redaktorların sayəsində belə də olur. Nəticədə yağ ayrandan ayrıla bilmir, qarışır, adı qalır elə ayran. Tərkibində yağ olduğu heç kimin vecinə də olmur.

Məqamdır, həmin yağı ayrandan ayırmaq üçün hərəkətə keçmək lazımdır. Onu bir-birindən ayırmağın yolunu nənəm yaxşı bilirdi, soyuducudan suyu çıxardıb, qarışdırırdı onlara və töküb nehrəyə çalxayırdı...

Yağı yağ, ayranı ayran olandan sonra isə onların hər biri ayrılıqda öz aid olduqları mərkəzdən ümumi dövlət və xalq maraqlarına xidmət etməyə yönləndirilə bilər. Media yönləndirilməz, işini bilər sadəcə. Sosial media bunun üçün yaxşı potensialdır.