6322
writer1

Ramilə Qurbanlı

Məqalə sayı : 606

12:25 13 İyul 2020

Bir içim yuxu

 

 

Yağışın səsinə ayıldım. Gördüm ki, yuxudan oyanmışam, amma yuxumdan ayıla bilməmişəm. Elə yağırdı ki, yağış, elə bil susuzluqdan çatlamış torpağın çağırışına, həsrətdən cadar bağlamış dodağın harayına çatmağa çalışırdı...

***

Yuxuda görürdüm ki, kəndimizdəyəm. Özümü bulağa çatdırıb ovuclarımı şipşirin, bumbuz, dadı damağımda qalmış suyla doldurub, başıma çəkirəm. İçirdim suyu, aydın, açıq orda idim, ovcumdakı su ağzımda idi, amma həm də içmirəm, içimə çəkdiyim suyu nə dodağımda, nə ağzımda hiss etmirəm, amma açıq-aydın görürəm ki, içirəm...

Sonra Mübariz Örəni gördüm... dedi ki, qələbə qazanmışıq, torpaqlarımıza qayıdırıq.

Bir də gördüm, şəhid polkovnik Raquf Orucov haqqında çəkilmiş filmə baxıram kənd klubunda. Anasının şəhid olmuş bədənini işğal olunmuş kəndlərindən necə götürür. Onu gətirib qonşu kənddə torpağa tapşırır, son anda qulağına nə isə pıçıldayır. Mavi gözlərinin işığı sönür polkovnikin, yerinə bir nisgil, əbədi kədər çökür gözlərinə. Anasının yeddisini qonşu kənddə, qırxını Ağdamda, ilini Sumqayıtda verirlər. Vətən də, ana da bir göz qırpımında gedir.

Sonra etdiyi qəhrəmanlıqlar, şərəfli həyat yolu, şəhidliyə ucalması... hamısı filmdə öz əksini tapıb. İndi Ağdamda gənclərə nümayiş etdirilər o filmi məktəblərdə. Qoy, gələcək nəsillər Qarabağın necə işğaldan azad olunduğunu, yolunda kimlərin qurban getdiklərini unutmasınlar. Onların ruhuna layiq olsunlar. Torpağı sevsinlər, qorusunlar.

Daha bir tədris proqramına salınmış film Xalq yazıçısı Sabir Əhmədlinin Murov dağlarında oğlunu axtarması barədədir. Döyüşlərdə olan oğlu Məhəmmədi ad günü münasibəti ilə təbrik etmək üçün Murova yollanır. O cəbhədən bu cəbhəyə, bu cəbhədən o cəbhəyə onu axtararkən oğlu öz doğum günü şəhid olur.

Sabir Əhmədli onu tapmayıb, “Bakıya hospitala aparıblar” adıyla evə qayıdanda görür həyətində yas çadırı qurulub, Məhəmmədi evin ortasına üzü qibləyə uzadıb üstünü qırmızı ipəklə örtüblər. Lap gürcülərin “Əsgər atası” filmindən təsirli və canlı film alınıb.

Xəlil Rzanın oğlu Təbrizin şəhid olması xəbərini səhər qəzetlərdən oxuduğu da kino lentlərinə köçürülüb, bədiiləşdirilib. Xanımını, gəlinini Təbrizin şəhid olması münasibəti ilə təbrik etməsi kişilik dastanı kimi gənclərin dilində dolaşır. Ondan sitat gətirib, qəhrəmanlıq salnaməsi yazır yazıçılar.

Mənim “Müharibə miniatürləri” kitabım sənədli film olub. Gənclər o filmə baxıb məni qucaqlayıb, “bir də o günləri yaşamayaq” - deyə dua edirlər.

Kəndimizin düz ortasında, bulağın yanında, o vaxt Sovet idarəsi olan yerdə şəhid zabit Mübariz Qasımova heykəl qoyulub. İndi 11-cilər onun heykəli önündə vətənə sadiqliyə, layiq olmağa and içirlər. Mənim şəhid sinif yoldaşlarımın da büstləri düzülüb onun heykəlinin ardınca...

Yaşadıqlarımız şərəfli tarixə dönüb... Biz elə xoşbəxtik ki, düşmənə bir qarış belə torpaq verməyən qüdrətli ölkənin övladlarıyıq... Belə ölməyə nə var...

Hə, bir də korona-zad yoxdur, heç yada da düşmür...

***

Yağışın səsinə ayıldım. Gördüm ki, yuxudan oyanmışam, amma yuxumdan ayıla bilməmişəm. Elə yağırdı ki, yağış, elə bil susuzluqdan çatlamış torpağın çağırışına, həsrətdən cadar bağlamış dodağın harayına çatmağa çalışırdı...