4552
15:19
29 İyun 2020

Məşhurlar karantin günlərində - SORĞU

Karantin günlərində darıxan insanlar vaxtlarını səmərəli keçirmələri üçün daha çox filmlərə baxmağa üstünlük verirlər. Belə günlərdə telekanallarda dünyanın ümumbəşəri problemlərini özündə əks etdirən filmlər nümayiş olunsa da, ekspertlər bunun əks təsir göstərə biləcəyini bildirirlər. Onların fikrinə görə, belə həssas dönəmlərdə daha çox tarixi və komediya janrında olan filmlərə baxmaq məsləhətdir.

Lent.az koronavirus epidemiyası səbəbindən tətbiq edilən karantin günlərində məşhur simaların özünütəcriddə ən çox baxdığı filmlərlə bağlı sorğu aparıb. Sorğu zamanı bəziləri bu müddətdə daha çox motivasiyaedici filmlərə baxmağı, digərləri isə elə vəziyyəti təsvir edən film və serialları izləməyin daha doğru olduğunu deyiblər.

Lent.az sorğunu təqdim edir:

Rejissor Kamal Yaşar

“Bu günə qədər bu pandemiyalar, epidemiyalar olub, bitib gedib. Bu, müəyyən dönəmə aid bir hadisədir, yəni keçici bir şeydir. İnsanlar mövzuya uyğunluq axtarmasınlar. Ürəklərinin istədikləri, onları yüngülləşdirən, rahat edən seriallara, filmlərə baxsınlar. Mən "Peaky Blinders", "Marko Polo", "Freyd", "La case de papel" seriallarını izlədim. Bundan əlavə bir çox film izləyib mütaliə etdim”.

Aktyor Elməddin Cəfərov

“Əslində virusdan bəhs edən filmlərə efirdə tez-tez rast gəlirdim. Amma belə filmləri izləməyə üstünlük vermirdim. Ümumiyyətlə, insanın əsəb sisteminə təsir edən filmləri izləmirəm. Xüsusilə də belə bir dönəmdə. Bir müddət əvvəl “Babam və oğlum” filmini izlədim və mənə çox təsir etdi. Hətta ağladım da. Bu yaxınlarda da “7 koğuştakı mucize” filmini yarıya qədər izləyə bildim. Çox təsirli olduğuna görə davamına baxa bilmədim. “Kəpənək”, “Tanrı ilə söhbət” və onlar kimi motivasiya verən filmləri izlədim”.

Aktyor Elvin Əhmədov

“Bu müddət ərzində bir çox film izlədim. Bəyəndiklərim və izlənməsini töviyyə etdiklərim isə "Requim for dream","Zavod", "Johnny English", "Godfather 1-2" olacaq”.

Aktyor Tural Əhməd

“İzlədiyim filmlər “Neft”, “Kapernaum”, “Ayla”,”Oğlum benim”, seriallar isə “La casa de papel”, “Çernobıl” oldu”.

Rejissor Rövşən İsax

“Xeyli bədii film izlədim. Təklif edəcəyim ən yaxşı film isə “Telo”(Bədən) olacaq”.

Müğənni Dilarə Kazımova

“Vaxtım o qədər bol oldu ki, izləmədiyim film qalmadı. 2019-cu ildə çəkilən bütün yeni filmləri izlədim. Xüsusilə də “Netfilix”də yayımlanan demək olar ki, bütün film və seriallara baxdım”.

Aktyor Azər Aydəmir

“Düşünürdüm ki, belə bir vəziyyətdə, insanların qorxu içində olduğu bir dönəmdə mütləq əyləncəli, gülməli filmlərə, seriallara baxmaq lazımdır. Amma psixoloq dostum dedi ki, sən səhv düşünürsən. Onun təklifini dəyərləndirdim və haqlı olduğunu gördüm. Təklifi bundan ibarət idi ki, ölkədə karantin rejimi olarkən, virusla mücadilə edərkən mütləq həmin stiuasiyanı özündə canlandıran filmləri izləmək lazımdır. Çünki həmin filmlərdə daha öncə dünyada baş verən pandemiyaları görürsən, onun törətdiyi faciələri izləyirsən və dərk edirsən ki, ən pis halda necə ola bilər. Bunun qarşısını almaq üçün nələr etməli olduğunu bir daha anlayırsan. Filmi izlədikdən sonra şükür edirsən ki, bizdə vəziyyət bu qədər pis deyil. Sabaha ümidin artır. Oxucularımıza məsləhət görürəm ki, bu tip filmləri izləsinlər. Məsələn, “Epidemiya”, “Yoluxma”, “Mən əfsanəyəm” kimi filmləri izləmələrini tövsiyə edirəm”.