7471
writer1

Məhbubə Qasımbəyli

Məqalə sayı : 1

13:18 29 İyun 2020

COVID-19: Ən nikbinlər belə bu gün həyəcan təbili çalır

Yeni növ koronavirus bu il martın 11-də dünyada pandemiya elan olunanda COVID pandemiyası, pandemiya nədir mövzusunda yazı hazırlamışdım. Hələ onda koronavirus sözünü yenicə düz yazmağa alışırdıq. İnternet üzərindən kiçik bir araşdırma apardım və dünyada gəlib-keçmiş pandemiyaları, statistikanı nəzərdən keçirib, yazını başa vuranda düşündüm ki, bu, bir zamanlar dünyanı lərzəyə salan suçiçəyi, vəba, “ispan qripi”  pandemiyaları deyil, ola da bilməz. Dünyanın, tibbin bu qədər inkişaf etdiyi bir dövrdə nə virus olursa-olsun, qarşısı çox qısa zamanda alınacaq. Onda dünya başqa idi. Onda çoxu ÜST-ü pandemiya məsələsində tələsik qərar verməkdə qınayırdı, vəziyyət pandemiya halına çatmayıb, deyirdi. Çoxumuza elə gəlirdi ki, bu da ən yaxın keçmişdə olan “quş qripi”, “donuz qripi” pandemiyaları kimi bizdən iraq olacaq. Bu günümüzdə olanları kim təsəvvür edirdi ki?

İşimlə bağlı demək olar ki, ölkənin əksər tanınmış həkimləri, tibb alimlərinin çıxışlarını, paylaşımlarını izləyirəm, fikirləri ilə mütəmadi tanış oluram. Aralarında ilk gündən virusu ciddiyə almayanlar vardı. Az da deyildi. Yazılarında, paylaşımlarında açıq deməsələr də, işarə vururdular. Amma bu gün onlar belə həyəcan təbili çalırlar. Ən optimisti də narahatdır. Ən nikbini də acizanə şəkildə qorunmağa çağırır, maska taxılmasını istəyir. Peyvəndin, xüsusi bir dərmanın olmadığı dönəmdə yalnız qorunmaq lazımdır deyirlər.

Amma dünən ilk gündən vəziyyəti ciddiyə alan, çalışdığı klinikada gənc xəstənin COVID-dən itkisinə dözə bilməyib hisslərini yazıya çevirən bir həkim tanışımın ürək parçalayan fikirlərini oxudum. Gənc deyil, özü demişkən tibbin, həkimlərin çarəsiz qaldığı çoxsaylı durumla rastlaşıb. Ancaq indi dözmək olmur, indi vəziyyət başqadır, deyir. Və çarəsiz halda hamıya yalvarır, özünüzü qoruyun deyir.

Çox nüfuzlu bir tibb ocağının ən aparıcı həkimlərindən biri isə ən böyük xəstəxanaların koronavirus xəstələri ilə dolub-daşdığına işarə vurub, vəziyyət belə davam eləsə, bizə-yoluxacaq həkimlərə, doğmalarımıza yer tapılmayacağından danışır. Amma hələ də virusun varlığına, vəziyyətin ciddiliyinə inanmayanları qınamır: “Bu da biz həkimlərin günahıdır, bəlkə zamanında insanlarımızla daha sadə, daha səmimi dildə danışıb, onlara vəziyyəti anlada bilmədik. Ona görə də belə oldu...”

Bəlkə də düz deyir, düşünürəm. Amma pandemiyanın ilk günlərindən o həkim tanışımın dediyi kimi çox sadə, hamının anlayacağı dildə yazan, çağırış edən həkimlərimiz, onların yazıları və sosial şəbəkə hesabımızda onlara verilən reaksiyalar gəlir gözümün önünə. Əksəriyyətin münasibəti eyni idi: Virus yoxdur, bunlar hamısı oyundur.

Dünənə kimi bu düşüncədə olanlar virusa yoluxan axtarışında idi: “O virus hardadır ki, heç ona yoluxanı görmədik, niyə tanıdıqlarımız da yoluxmur?” İndi virus hardadır deyənlərin özləri yoluxub. Kimi yüngül, kimi ağır formada keçirir. Amma indi də barışmaz mövqedə olanlar yeni “arqumentlər” tapır. Reallıq isə nə qədər çətin qəbul etsək də belədir - bu virus hələ uzun zaman bizimlə yaşayacaq. Hər halda dünyanın ən aparıcı tibbi, elmi mərkəzləri, ən tanınmış virusoloqları, epidemioloqları, infeksionistləri belə deyir. Bu sahələrin bizdəki alimləri nə deyir bəs? Ümumiyyətlə, deyirmi, hər hansı tədqiqatları varmı yeni virus barədə və tədqiqatların nəticələrindən çıxış edərək proqnozları nədir? Bu başqa bir yazının mövzusudur...

Bəli, dünyanın ən böyük tibbi-elmi araşdırma mərkəzlərinin alimləri, həkimləri, tədqiqatçıları deyir ki, istəsək də, istəməsək də, bu virus hələ xeyli zaman bizimlə olacaq. Ən azı ona görə ki, peyvənddən hələ soraq yoxdur. Hərçənd, indiyə kimi müxtəlif ölkələrdə, ayrı-ayrı mərkəzlərdə onun sınaqlarının keçirilməsinə dair çoxsaylı açıqlama olub. Bir də hazırlanacaq peyvəndin bizi 100 faiz bu virusdan qoruyacağına kim zəmanət verir? İndiyə kimi mövcud olan qrip peyvəndləri bizi tam olaraq xəstəlikdən qoruyurdumu? Əslində, nəzəri olaraq peyvənd vurulandan bir qədər sonra orqanizmdə virusa qarşı təxminən bir ilə qədər antitel, yəni immunitet yaranır. Amma bu da orqanizmdən orqanizmə dəyişir, yəni hərədə bir cür olur. Ən başlıcası peyvəndlər virusun, qripin hansısa dövrdə yayılan bir növünə, tibbi dildə desək ştamına uyğun hazırlanır. Məsələn, bu mövsüm yayılan qripin peyvəndi gələn mövsüm yayılacaq başqa qrip ştamına təsirsiz qala bilər. Eyni fikri COVID-19 haqda deyir həkimlər.

Bir də ki, biz məgər peyvəndlərə bu qədərmi inanırıq? Uzun illərdir ki, uşaqları peyvənddən yayındıran, peyvəndi təbliğ edənləri az qala daş-qalaq edənlər də biz deyilikmi? Günü sabah yeni virusun peyvəndi tapılsa və tətbiqinə başlansa belə, bunu da “oyun” sanıb imtina edənlər olmayacaqmı? Onları inandırmaq mümkün olacaqmı?

Maskanı çənəsinə, boğazına, alnına, qoluna, biləyinə taxanlar, ağzını bağlayıb, burnunu açıq qoyanlar, çibində, çantasında gəzdirib polis görən kimi taxanları hələ də heç kim inandıra bilmir. İnamı deyəsən elə virusun özü yaradır və yaradacaq.

Yaxınlar danışır, bu günlərdə bir neçə xəstəliyi olan birisi qohumlardan birinin yas məclisinə maska ilə gedib. Əməllicə həngamə qopub, özünə bir söz deyilməsə də, sonradan ciddi müzakirə mövzusu olub bu məsələ. “Öləndən, burda heç kimdən artıq deyil, heç kim maska taxmadı bir bu göydən düşdü...” “Ağ qarğa” misalı olub o yazıq özü də bilmədən. Yəqin belə misallar lap çoxdur, hər birinizin rastına çıxır.

Ən təsirlisi 2-3 gün əvvəl qarşılaşdığım mənzərə oldu. Polislər avtobusu yoxlamaq üçün saxlayanda avtobusda olan çoxluq bir anda ildırım sürətiylə maskalı oldu. Biri cibindən, biri çantasından, biri qolundan çıxarıb taxdı. Avtobusa daxil olan polislər hamını maskalı gördü, təkcə o birilər kimi zirək tərpənməyən bir gənci aşağı düşürdülər, yəqin cərimə yazmaq üçün. Avtobus tərpənən kimi sürücü də daxil, maskalar yenidən üzdən çıxdı ciblərə, çantalara girdi, qollara asıldı. Ordakı bir “tibb işçisi” isə izahat verdi ki, maska sağlam adama lazım deyil, yəni biz ayaq üstəyiksə deməli, sağlamıq məntiqi ilə.

O gün APA TV-yə qonaq çağırdığımız, hər gün onlarla ağır xəstəni həyata qaytarmağa çalışan reanimatoloq isə deyirdi ki, xeyli vaxtdır evdə də maska taxır və bunu həkim olmayan, gün ərzində ictimai yerlərdə olan, bir sözlə, evdən çıxıb geri qayıdanda virusu evə gətirmə ehtimalı olan hər kəsə tövsiyə edir. Çox məntiqli yanaşmalarla: Virus aprel-mayda olandan daha aqressivdir, indi daha kəskin inkişaf edir, daha çox ağırlaşma yaradır, daha çox zədəyə səbəb olur.

Ölkəmizin ən tanınmış radioloqlarının, sadə dildə desək, indi hamının anladığı KT-Kompüter Tomoqrafiya müayinəsi edən həkimlərin paylaşımları çıxır tez-tez qarşıma. Əvvəl susan, ən optimist olan biri də indi dilə gəlib, neçə gündür elə hey yazır. İndi yoluxanlarda ağciyərlərdə durum daha fərqlidir, başqa sözlə daha ağırdır, deyir.

Hamıda olmur təbii ki. Amma hər kəsdə ola bilər. Nəticə çıxarmaq üçün yenə də gec deyil...

P.S. Yazını hazırlayanda bir həkimin paylaşdığı post rastıma çıxdı. Qısa xülasəsi, məğzi belə idi - Cəmiyyət içinə çıxanda maskanı özüm üçün yox, sizin üçün taxıram. Mən virus qorxusu ilə yaşamıram. Problemin həllinin iştirakçısı olmaq istəyirəm, problem qaynağının hissəsi yox. Hökumət məni nəzarətdə saxlayır düşüncəsi ilə yaşamıram, cəmiyyətə yetkin və məsuliyyətli bir fərd kimi töhfə vermək hissi ilə yaşayıram.

Müəllifi kimdir soruşdum, xarici bir mənbədən tərcümə imiş. Uzun sözün qısası, bu da bir mədəniyyətdir, bizim uzun zamanlardan bəri formalaşmış, bütləşmiş mədəniyyətimizin bir parçası da sanmaq olar. Humanizm nümunəsi, özündən çox başqalarını düşünmək, onlara yardım etmək mədəniyyəti...