13261
writer1

Günel Musa

Məqalə sayı : 9

12:21 22 İyun 2020

Nəslimizə qan salan falçı

İnsanlar ta qədimdən bəri hər zaman gələcəklərini öyrənməyə can atıblar. Kimisi kart falına, kimisi əl falına, kimisi qəhvə, kimisi də çay falına baxdırır. Quran açmaq bu falların ən müqəddəsi hesab olunur.

Quranla fala baxan zəhmli xalalar, əmilər müqəddəs kitabı açmazdan əvvəl “Bax ha, qızım, bu, çox ağır faldır. Əgər ürəyində inam yoxdursa, şəkkin varsa açdırma” deyib əməlli-başlı hipnoz etdikdən sonra bir səhifə açıb həyatında baş vermə ehtimalları çox yüksək olan hadisələri kainatın sirrini çözmüş kimi diktə etməyə başlayır. Kimimiz inanaraq, kimimiz əyləncə olsun deyə ömründə bir dəfə də olsa falçı önündə oturduğumuz gün olub.

Falçıların ziyan vurduğu insanlar həddindən artıq çoxdur. Ətrafımız vaxtını, pulunu, enerjisini bu yolda itirən insanlarla doludur. Məsələn bu yaxınlarda Azərbaycanda bir qadının qızını ərə vermək üçün falçıya bir milyon manat pul verməsi xəbəri gündəm olmuşdu. Başqa buna bənzər bir hadisə isə illər əvvəl Rusiyada baş vermişdi. 2016-cı ildə Rusiyada bir nənə yeniyetmə nəvəsinin daha ağıllı olması üçün falçıya təxminən 132 min dollar pul vermişdi.

Bu, insan olaraq çox yazıq bir varlıq olduğumuzun sübutudur həm də. Həyatımız o qədər qarışıq, gələcəyimiz o qədər qaranlıq görünür ki, bizə falçının iki dodağı arasından mədəd umuruq. Heç bir məntiqə söykənməsə belə gələcəyimizlə bağlı eşitdiyimiz hər sözə ümid işığı olduğu müddətcə sonuna qədər inanırıq.

İstəyirik ki, kimsə bizə yolunda getməyən işlərimizin qəfil bir toxunuşla qaydasına düşəcəyini desin. Ağlımızda olan qadının, yaxud kişinin əslində bizi düşündüyünü desin. Üç-beş ay, yaxud bir neçə gün içərisində yaxşı bir işə girəcəyimizi, ərə gedəcəyimizi, uşağımız olacağını desin. Çünki bu, bizə özümüzü yaxşı hiss etdirir. Qəhvə fincanından, oyun kartlarından, kitab arasından çıxan sözləri Allah kəlamı kimi beynimizə, yaddaşımıza hopdurmaq üçün inam duyğumuzu nəyi var işə salırıq.

Özümdən, ətrafımdakı insanlardan eşitdiklərimdən və oxuduqlarımdan yola çıxaraq çox rahatlıqla deyə bilərəm ki, insan diqqətə, qayğıya ac qaldığı zaman bu tip şeylərə yönələ bilir. Çünki özü haqqında bilmədiyi nələrsə eşitmək çox vaxt insanları xoşbəxt edir. Ona görə də bu gün bəzənib-düzənib toya, yasa, əyləncə mərkəzlərinə üz tutmaqdan, qohum-qonşuya bəxtəvərlik verib köks ötürməkdən başqa məşğuliyyəti olmayan, ərinin diqqətini cəlb edə bilməyən, öz qızından on yaş kiçik qızların yaxşı oğlana ərə getməsinə faciə kimi baxan qadınların bu durğun həyatlarına həyəcan qatmaq istəyi onları fırıldaqçı falçıların qapısına aparır.

Falçı tələsinə ən çox təzə-təzə sevgi odunda alışmağa başlayan gənc qızlar düşür. Onlar üçün yeganə pənah qapısı göydə Allah, yerdə falçılardır. Etiraf edək ki, əksərimiz yaşımızın o çağında gələcəyimizlə bağlı, gələcəkdəki ərimizin kimliyi haqqında məlumat verən “yaxşı falçı” axtarışında olmuşuq. Amma o falçıların bizə vəd etdiyi gələcəyin tam əksi ilə qarşılaşmışıq.

Məsələn, şəxsən mən ilk dəfə 19 yaşımda baxdırdığım falda, falçı tez bir zamanda çox imkanlı bir ailəyə gəlin gedəcəyimi, bir uşaqdan başqa uşaq dünyaya gətirə bilməyəcəyimi demişdi. Bu, mənim həyatımda pul verib gələcəyimlə bağlı məlumatları satın aldığım ilk və sonuncu axmaqlıq idi. O söhbətdən düz 7 il sonra kasıb bir oğlana ərə getdim və iki övlad sahibi oldum.

Bizim ailədə fal şakəri ən çox anamdadır. Bir ara o qədər aludə olmuşdu ki, ürəyi sıxıldıqca fala baxdırırdı. Məsələn, 2000-ci illərin əvvəllərində evimizə oğru girmişdi, anam polisdən əvvəl falçıya müraciət eləmişdi. O da demişdi ki, bəs ərinin oğru qan qohumudur. Adının da baş hərfi R-dir. Tərs kimi, əmim oğlunun adı Rafiqdi. Rafiq də elə təbiətdə bir oğlandı ki, nəinki evdən girib qızıl oğurlamaq, öz toyuğunun yumurtasını oğurlamaq məharətinə sahib deyil. Beləcə falçının atdığı böhtan tutmuş və sayəsində bir nəsil bir-birinə dəymişdi.

Anamın bir falçı rəfiqəsi var idi. Ağır seyid gəlini idi deyə qayınatası pul ilə fala baxmağa icazə vermirdi. Qadın da hər dəfə bizə gələndə deyirdi ki, çiynimdəkilər (yəqin mələkləri nəzərdə tuturdu – G.M.) məni incidir, kiminsə falına baxmasam, halım yaxşı olmur. Bildiklərimi deməsəm ölərəm. Sonra anamı oturdurdu qarşısında, başlayırdı çaya baxıb gələcəyi oxumağa. Yaşı az, xəyalları böyük bir uşaq idim. Ona görə qadının gələcəklə bağlı verdiyi gözəl vədlər məni heyrətləndirirdi. Arada mənə tərəf baxıb, “bu qız çox böyük adam olacaq” dedikcə içimdə qarşısıalınmaz bir eqo pöhrələnirdi.

Heç bir qara çalmalı qadın bizim gələcəyimizə düşüncələrimiz qədər ayna tuta bilməz. Həyatımız öz beynimizdə istehsal etdiyimiz düşüncələrə görə formalaşır və nə düşünsək onu yaşayırıq. Ona görə də düşüncələrinizə diqqət edin, çünki onlar gələcəkdə yaşayacaqlarınız ola bilər.